Ramil Hüseynov: "Rusiyanın müdaxiləsi olmasaydı, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan yaşayış məntəqələrini çox uğurla azad edəcəkdi"
Qondarma "DQR"in müdafiə naziri Levon Mnatsakanyan Ermənistan mətbuatına müsahibəsində, hər zaman olduğu kimi, bu dəfə də həqiqətə uyğun olmayan açıqlamalar verib. Mnatsakanyan iddia edib ki, Azərbaycanın nə cür silahlanmasından asılı olmayaraq, güc balansı pozulmayacaq.
Yəni Azərbaycanın xeyrinə tarazlıq pozulmayacaq: "Balans heç vaxt pozulan deyil. Balans yalnız 1992-ci ildə qırıldı. O zaman Azərbaycan tərəfinin bütün növ silahlar üzrə mütləq üstünlüyü var idi. 1994-cü ildə vəziyyət dəyişdi. İndi biz sona qədər balansı saxlamaq üçün çalışacağıq".
Onun uydurmasına görə, guya Azərbaycan silahlardan səmərəli istifadə edilməsi məsələsində ciddi problemlərlə üzləşib. 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın ən müasir silahlardan istifadə etdiyini bildirən Mnatsakanyan iddia edir ki, guya bir belə silahın müqabilində Azərbaycan qismən uğur əldə etdi.
Əslində, Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan edib ki, aprel döyüşlərində qarşıya qoyulan məqsəd yerinə yetirilib. Yəni bir sıra yaşayış məntəqələri tez-tez atəşə tutulurdu. Bu səbəbdən bəzi istiqamətlərdə əks hücuma keçən Azərbaycan Ordusu bir neçə strateji yüksəkliyi azad edib. Nəticədə erməni işğalçılarının atəşinə məruz qalan yaşayış məntəqələri düşmənin hədəfindən çıxarılıb. Silahlanmada balans məsələsinə gəldikdə isə, Mnatsakanyanın müqayisələri tamamilə gülüncdür. Ona görə ki, Azərbaycan Ordusunun hərbi büdcəsi Ermənistanın dövlət büdcəsi qədərdir.
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, silahlanma yarışında Ermənistanın hər hansı balans yarada biləcəyindən danışmaq absurddur: "Ona görə ki, Ermənistanın iqtisadi vəziyyəti buna imkan vermir. Düzdür, Ermənistanın əzəli müttəfiqi olan Rusiya işğalçı ölkəni əvəzsiz silahlandırır. Ancaq bunun özü belə yetərli olmur. Ona görə ki, Rusiya silahları əvəzsiz verdiyi üçün, çox vaxt köhnə silahları Ermənistana ötürür. Bundan fərqli olaraq Azərbaycan, Rusiya ilə yanaşı, İsrail, Türkiyə, Pakistan, Ukrayna və digər ölkələrdən ən müasir silahlar alır. Cəbhədə baş verən lokal toqquşmalara əsasən müşahidələr göstərir ki, Azərbaycan əldə etdiyi müasir silahları çox uğurla sınaqdan keçirir. Qaldı ki, aprel döyüşlərinə, həmin döyüşlər zamanı ermənilərə verilən dərs göz qabağında idi. Rusiyanın müdaxiləsi olmasaydı, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan yaşayış məntəqələrini çox uğurla azad edəcəkdi. Rusiyanın vasitəçiliyindən sonra Azərbaycan bir neçə strateji əhəmiyyətli yüksəkliyin azad olunması ilə kifayətlənməli oldu. Atəşkəs yenidən bərqərar edildi. Zatən, Dağlıq Qarabağ və ətraf rayonların işğal olunmasında Rusiyanın rolu böyükdür. Ermənilər kim idi ki, bir belə ərazini həm işğal etsin, həm də həmin əraziləri işğal altında saxlasınlar. Hamımıza məlum olan həqiqət odur ki, işğalın arxasında dayanan qüvvə Rusiyadır". Vidadi ORDAHALLI