Məhəmməd Əsədullazadə: "Azərbaycan çalışmalıdır ki, diplomatik və hərbi yolla işğalçıya ciddi təzyiqlər etsin"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində status-kvo deyildikdə, siyasi və hüquqi məzmunda Ermənistan tərəfindən güc tətbiq edilərək, Azərbaycan ərazilərinin işğalı nəzərdə tutulur. Bunun məzmunu ondan ibarətdir ki, Dağlıq Qrabağın ətrafındakı işğal olunmuş 7 rayon qeyd-şərtsiz azad edilməlidir. Ondan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələ müzakirə olunmalıdır. Bir sıra beynəlxalq qurumların da status-kvo ilə bağlı yanaşması bundan ibarətdir.
Ermənistan status-kvonun davam etməsində maraqlı deyilsə, o zaman öz qoşunlarını, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində tələb olunduğu kimi, dərhal, qeyd-şərtsiz və tam şəkildə bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır.
ABŞ, Fransa və Rusiya prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında status-kvonun qəbuledilməzliyi vurğulanıb. Akvil bəyanatında status-kvonun dəyişdirilməsinə xidmət edən və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını nəzərdə tutan əsas prinsiplər müəyyən edilib. Bunun əsasında da yenilənmiş Madrid prinsipləri hazırlanıb.
Ancaq o da məlumdur ki, indiyə qədər münaqişənin tənzimlənməsini öz üzərinə götürən ATƏT-in Minsk Qrupu status-kvo ilə bağlı rəsmi mövqeyini bəyan etməyib. O baxımdan qurum bununla bağlı mövqeyini açıqlamalıdırmı?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin iştirakı ilə aparılan danışıqlarda, demək olar ki, irəliləyiş əldə edilməyib: "Bu müddət ərzində Ermənistan, demək olar ki, istənilən sülh planını qəbul etməyib. "Madrid prinsipləri", "Kazan formulu" və digər sənədlərdə Azərbaycanın ərazi bütövlüyü əks edilirsə də, rəsmi İrəvan həmin sənədlərə imza atmır. Azərbaycan və beynəlxalq təşkilatlar sülh danışıqları üçün yeddi rayonun qaytarılmasını ilkin şərt kimi irəli sürürlər. Bu qəbul edilib. Hətta Azərbaycan beş rayonun qaytarılmasını da ilkin şərt olaraq irəli sürmüşdü. Göründüyü kimi, Ermənistan bunu da qəbul etmədi. Qeyd edim ki, Ermənistanın bu mövqeyi ilə Minsk Qrupu da eyni mövqedədir. Çünki Minsk Qrupu yeddi rayon şərtini irəli sürmür. Ona görə ki, həmsədrlər birbaşa məhz Ermənistana siyasi və hərbi dəstək verən ölkələri təmsil edirlər. Bundan sonra da Minsk formatında ədalətli şəkildə davam edən danışıqlar olmayacaq. Onlar dolayı yolla işğalçını şirnikləndirirlər. Hesab edirəm ki, Minsk formatı artıq öz işinin öhdəsindən gələ bilmir. Burada ABŞ və Rusiya artıq düşmən mövqeyindədirlər. Yeni formata ehtiyac var. Danışıqlar sonsuza qədər davam edə bilməz. İstənilən an müharibə qaçılmaz olacaq. Cəbhədə vəziyyət gərgin olaraq qalır. Danışıqlar prosesi dalana dirənib. Hesab edirəm ki, vəziyyətin bu qədər dramatikləşməsində Rusiyanın Ermənistana verdiyi dəstək də mühüm rol oynayır. Azərbaycan çalışmalıdır ki, diplomatik və hərbi yolla işğalçıya ciddi təzyiqlər etsin. Gələn il Ermənistanda siyasi vəziyyət yenidən mürəkkəb olacaq. Hakimiyyətin bölgüsündə müxalifət-iqtidar qarşıdurması gözlənir. Azərbaycan maksimum dərəcədə çalışmalıdır ki, öz ərazilərini azad etsin və Ermənistanı pat vəziyyətində qoysun".
Vidadi ORDAHALLI