Daşdəmir Əliyev: "Çünki torpaqları işğal altında olan bir ölkə hər an torpaqlarını azad etməklə bağlı mücadiləyə hazır olmalıdır"
Azərbaycan Pakistandan HHQ üçün 10 "Super Mushshak" təlim-məşq təyyarəsi alıb. Bu barədə "Xinhua" agentliyi Pakistan HHQ-nin bəyanatına istinadən xəbər verir.
Təyyarələrin alınması ilə əlaqədər Azərbaycanda baş tutan imzalanma mərasimində Pakistanın aviasiya marşalı Arşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov iştirak ediblər.
Saziş, həmçinin, təlimin keçirilməsini və texniki yardım göstərilməsini nəzərdə tutur.
"Bu əlamətdar saziş qardaş ölkələr arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək", - deyə bəyanatda bildirilir.
Bu tip təyyarələr artıq Türkiyə, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da istifadə olunur.
Qeyd edək ki, Azərbaycan silah, hərbi və digər texnikanın alınması baxımından çoxşaxəli siyasət həyata keçirir. Yalnız bir ölkə ilə əməkdaşlıq etmir. Ən maraqlısı isə budur ki, bütün bu hallar Ermənistanın narazılığına səbəb olur. Ermənistanın ciddi narahatlığı nə ilə izah edilə bilər?
Ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, Azərbaycanın kimdənsə silah alması, təbii ki, Ermənistanın xoşuna gəlməyəcək: "Bir müddət əvvəl Stoqholm sülh problemləri araşdırmaları beynəlxalq institutunun (SIPRI) dünya ölkələrinin silah alışı ilə bağlı yaydığı növbəti hesabatında silah idxalı baxımından Azərbaycanla Ermənistan arasındakı böyük fərqə toxunulub. Hesabata görə, 2012-2016-cı illər ərzində Azərbaycan yeni silahlar əldə etməklə Ermənistanı 20 dəfə üstələyib.
SIPRI, həmçinin, öz hesabatında yazır ki, Azərbaycan son illər davamlı olaraq Rusiyadan silah alan ölkələr sırasında yer alıb.
Ermənistan rəhbərliyi Azərbaycanın güclü silah potensialına sahib olmasından ciddi təlaş keçirdiyini gizlətmir. Ermənistan rəsmiləri xüsusilə də Azərbaycanın Rusiyadan silah almasına etiraz edir. Ermənistan XİN-nin rəhbəri Edvard Nalbandyan Rusiyanın "RİA Novosti" saytına müsahibəsində bildirib ki, Azərbaycanın Rusiyadan silah alması Ermənistanı narahat edir. Bununla bağlı dəfələrlə bəyanatlar səsləndirsələr də, xeyri olmur. Çünki Rusiya əvvəl öz maraqlarını təmin edir, sonra yan-yörəsinə baxır. Fakt budur ki, ermənilər Azərbaycanın güclü silah və hərbi texnika cəhətdən Ermənistanı dəfələrlə üstələməsindən çox təlaşlanır, eləcə də Azərbaycanın işğal altında qalan torpaqlarının azad edilməsi üçün tam hazır vəziyyətdə olduğunu dolayısı ilə etiraf edir. Onların narahatlığının bizə heç bir təsiri ola bilməz. Çünki torpaqları işğal altında olan bir ölkə hər an torpaqlarını azad etməklə bağlı mücadiləyə hazır olmalıdır. Bu bizim haqqımızdır".
Məhəmmədəli QƏRİBLİ