Qabil Hüseynli: "Azərbaycan üçün Dağlıq Qarabağ konfliktinin həllində yeni imkanlar açır"
ABŞ hökuməti prezident Donald Trampın etirazına baxmayaraq, Rusiyaya qarşı sanksiyaları qəbul etdi. Bundan əlavə, İran və Şimali Koreya əleyhinə də yeni qərarlar qəbul edilib.
Rusiyaya qarşı sanksiyaların səbəbləri arasında ABŞ-dakı seçkilərə müdaxilə iddiası, Ukraynanın şərqinə müdaxiləsi, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi kimi səbəblər var. İran və Şimali Koreya isə nüvə və ballistik silah proqramlarına görə təzyiqlərə məruz qalacaq.
ABŞ dövlət katibi Reks Tillerson bu sanksiyalara və Donald Trampın sanksiyalara müdaxiləsinə qoyulan qadağaya qarşı çıxmışdı.
Qeyd edək ki, sanksiyaların qəbulundan sonra Rusiyadan ilk açıqlama gəlib. Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov açıqlama verərək bundan əvvəl də sanksiyalara məruz qaldıqlarını, rəsmi Vaşinqtonun təhlükə mənbəyi olduğunu və ABŞ-ın cavaba hazır olmalı olduğunu deyib.
Prezident Tramp isə Rusiyaya qarşı qərarların qəti əleyhinədir. Qərar ABŞ təmsilçilər məclisində keçirilən səsvermədə 419 səslə qəbul edilib və Trampın bu qərara müdaxilə etmək hüququ məhdudlaşdırılacaq.
ABŞ-ın sanksiyalar tətbiq etdiyi ölkələrin ikisi Azərbaycanla birbaşa həmsərhəddir. Bunun Azərbaycan üçün nə kimi təsiri ola bilər?
Politoloq Qabil Hüseynli yeni yaranmış vəziyyətin Azərbaycana necə təsir göstərməsi və Azərbaycanın nə cür siyasət yürütməsi ilə bağlı bildirdi ki, ölkəmiz balanslı siyasətini davam etdirəcək: "Bizim həm qonşularımız, həm də ABŞ-la münasibətlərimiz normal olaraq qalacaq. Azərbaycanın həm Rusiya, həm Qərb, həm də İranla münasibətlərindəki tarazlıq qorunub saxlanmaqdadır. Əvvəllər də bizim qonşularımıza bir sıra sanksiyalar tətbiq olunub. O zaman Azərbaycan və Azərbaycanda çalışan şirkətlər bundan ziyan görməyib. Bir sözlə, Azərbaycan Rusiya-ABŞ, ABŞ-İran qarşıdurmasından, Rusiyaya qarşı sanksiyalardan balanslı siyasəti ilə itkisiz çıxa bilər. Qəbul edilən sanksiyaların Azərbaycana ziyanı olmayacaq, əksinə, Azərbaycanın bölgədəki mövqelərini daha möhkəmləndirəcək, hər iki böyük dövlət üçün əhəmiyyətini artıracaq. ABŞ-ın Cənubi Qafqazda bütün maraqlarının ana xətti Rusiyanın Qafqazdakı təsir dairəsini zəiflətmək məqsədi üzərindən qurulub. Qərbin Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi, ABŞ-ın sanksiyaları fonunda Azərbaycan yürütdüyü balanslı, çoxvektorlu siyasət sayəsində yeni manevr imkanları əldə etmiş olur. Bu da Azərbaycan üçün Dağlıq Qarabağ konfliktinin həllində yeni imkanlar açır".
Məhəmmədəli QƏRİBLİ