Arzuxan Əlizadə: "Qarşı tərəf hər vəchlə sülh danışıqlarını pozmaq istəyir"
Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb. İşğalçı Ermənistana və beynəlxalq aləmə xəbərdarlıq mahiyyəti daşıyan bəyanatda Ermənistan silahlı qüvvələrinin atəşkəsə əməl etməyərək, cəbhədə təxribatlar törətdiyi, mülki əhalinin hədəfə alındığı vurğulanır.
Bəyanatda qeyd olunur ki, münaqişəyə son qoymaq, sülh və əminamanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması labüddür. Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək.
Sənəddə bir daha bəyan edilir ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Ümumilikdə, birgə bəyanat mövcud cəbhə həqiqətlərinin dünyaya çatdırılmasında nə kimi rol oynaya bilər? Sözügedən məsələni dəyərləndirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, birgə bəyanat vəziyyətin ciddi olmasından xəbər verir: "O mənada ki, Ermənistan hər vəchlə sülh danışıqlarını pozmaq istəyir. Azərbaycanın sülhlə bağlı bir sıra səylərinə baxmayaraq, Ermənistan müxtəlif vasitələrlə bunu pozur. Gah cəbhəyanı bölgələrdə yerləşən yaşayış məntəqələri atəşə tutulur, gah da Ermənistan rəsmiləri işğal olunmuş ərazilərə qanunsuz səfərlər edirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü deməklə, həm də danışıqların dalana dirəndiyini bəyan edir. Müdafiə Nazirliyi isə bu bəyanata qoşulmaqla bildirir ki, vəziyyət belə davam edərsə, adekvat addımlar atıla bilər. Dünya ictimaiyyəti vəziyyətin ciddiliyini nəzərə almalı və Ermənistana təzyiq göstərməlidir. Çünki Ermənistanın məlum davranışları açıq-aşkar sülh danışıqlarını pozmaq və cəbhədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Güman ki, hadisələrin sonrakı inkişafı bu bəyanatın adi bir bəyanat olmadığını, onun Azərbaycan dövlətinin siyasi iradəsini ehtiva etdiyini təsdiqləyəcək. Hesab edirəm ki, bəyanat dünya ictimaiyyətinə, sülhyaratma prosesi ilə məşğul olan beynəlxalq qurumlara, həm də işğalçı Ermənistana ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Ona görə də münaqişənin tənzimlənməsi ilə bağlı vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri ciddi tədbirlər görməlidir". Vidadi ORDAHALLI