Yeganə Hacıyeva: "Hazırda ruslar Gürcüstanı Ermənistanla birləşdirən əsas magistral yoldan cəmi 1 kilometr məsafədə mövqe tutub"
"İşğal altında olan Gürcüstan ərazilərində Rusiyanın hərbi manevrlərini və irəliləməsini bütün region, o cümlədən Azərbaycan və İran üçün siqnal kimi qiymətləndirmək olar", - "Gürcüstan-onlayn" nəşri bildirir ki, bunu Gürcüstanın nüfuzlu "İslahatçılar klubu"nun qurucusu Dmitri Şaşkin deyib.
"Rusiyanın maraqları yalnız Gürcüstanla məhdudlaşmır", - Şaşkin bildirib. Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycan üçün siqnaldır. Ekspertin fikrincə, Rusiyanın əsas məqsədi Ermənistandakı "Gümrü" bazasına dəhliz açmaqdır.
Xatırladaq ki, Gürcüstan XİN və DTX Rusiya Silahlı Qüvvələrinin Gürcüstanın işğal edilməmiş ərazilərinə doğru - Kasp rayonunun Karapila kəndi istiqamətində irəliləməsi barədə bəyanat verib. Bakı-Supsa neft kəmərinin bir hissəsi rusiyalı hərbçilərin nəzarəti altına keçib.
Briqada generalı Amiran Salukvadze Gürcüstan KİV-ə müsahibəsində bildirib ki, Rusiya qoşunları SSRİ dövründə mövcud olmuş "sərhəd"i bərpa etmək istəyir.
Rusiyanın bu vasitə ilə Ermənistana quru yolu açmaq istəməsi kimi iddiaları nə dərəcədə real saymaq olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, 21-ci əsrdə Gürcüstanın suverenliyinin öz qonşusu tərəfindən bu cür kobud pozulması faktı olduqca maraqlı görünür: "Dünya birliyi Gürcüstanın suveren sərhədlərinin bu cür birtərəfli pozulması ilə heç vaxt barışmayacaq. Bu, rusların Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru irəliləməsinə dair birinci hadisə deyil. Bir neçə gün əvvəl ruslar Qori istiqamətində irəliləyərək "sərhəd dirəklərini" 700 metrə qədər irəli çəkib, nəticədə Berşueti kəndinin ərazisinin bir hissəsi rusların nəzarətinə keçib.
Cənubi Osetiya sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkilməsində məqsəd Tiflisi "sözəbaxan" etmək, Avroatlantika strukturlarına inteqrasiyadan çəkindirməkdir. Ehtimal var ki, rusların Gürcüstanın içərilərinə doğru irəliləməkdə məqsədi Cənubi Qafqazda Ermənistanla Rusiyanı birləşdirən əsas magistral yola çıxış əldə etməkdir. Onlar Dağlıq Qarabağda müharibə zamanı Cənubi Qafqazda eskalasiya halında bu yoldan öz məqsədləri üçün istifadə etməyə çalışır. Məsələ ondadır ki, bu şayiələri Rusiya nümayəndələrinin özləri kuluarlarda yayır. Deyirlər ki, Dağlıq Qarabağda müharibə başlasa, zərurət yaranarsa, Sxinvalidən Gümrüyə gedən yoldan istifadə edəcəklər. Rusların bu yola yaxınlaşmaq üçün açıq-aşkar hərəkətləri müşahidə olunmur, ancaq Rusiyanın tədricən və inamla atdığı addımlar düşünməyə əsas verir. Hazırda ruslar Gürcüstanı Ermənistanla birləşdirən əsas magistral yoldan cəmi 1 kilometr məsafədə mövqe tutub".
Məhəmmədəli QƏRİBLİ