Elşən Həsənov: "Bütün bu şərtlər Ermənistan prezidentinin Moskvaya çağırılaraq tənbeh ediləcəyini inandırıcı edir"
Azərbaycan Prezidenti İlham Əliyevlə həmkarı Vladimir Putin arasında Soçidə keçirilən görüş siyasi təhlilçilərin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Görüşün detalları barədə tam məlumat verilməsə də, prezidentlərin təcili bir araya gəlməsi kifayət qədər maraqlı məqamlardan xəbər verir. Sözsüz ki, Azərbaycan üçün ən əhəmiyyətli məsələ Dağlıq Qarabağ münaqişəsidir. Bu baxımdan konfliktin nizamlanmasına Rusiyanın yanaşması xüsusilə maraq doğurur.
Bakının mövqeyi Moskva üçün bəllidir. Sülhə aparacaq şərtləri Prezident İlham Əliyev dəfələrlə bildirib. Yəni münaqişənin sülh yolu ilə həlli mümkün olacaqsa, Azərbaycan yol xəritəsini göstərib. Aydındır ki, Əliyev və Putin arasında reallaşan danışıqlar işğalçı ölkədə ciddi narahatlıq yaradıb. Buna kifayət qədər səbəblər var. Rusiya əleyhinə çağırışlar, Ermənistanda Amerikaya məxsus hərbi baza yaratmaq istəyi kimi məqamlar erməni siyasilərin Əliyev-Putin görüşündən narahatlığına dəlalət edir. Ən azından, Moskva münaqişədə neytral mövqe tuta bilər. Bu da işğalçının tam anlamı ilə məhvi deməkdir. İndi İrəvanda tam başqa ssenariyə keçilib. Nə qədər qəribə səslənsə də, Kremldən Putinin Sarkisyanla görüşü tələb edilir. Görünür, beləcə, Ermənistandakı cinayətkar rejim müxalifəti və sadə erməniləri susdurmağı çalışır. Hələlik Sarkisyan və komandasının istəyinə Moskvanın siyasi administrasiyası tərəfindən müsbət cavab verilməyib. Dolayısı ilə Rusiya prezidenti yenə də Ermənistanda tənqid olunan birinci şəxsdir. Erməni müxalifəti isə Soçi görüşünü rejimin xarici siyasətinin iflası kimi qələmə verib. Müxalifət bildirib ki, müstəqilliyini Rusiyaya bağışlayan, vətəndaşlarını bu dövlətə qul edən Sarkisyan hakimiyyətinin Moskva üçün heç bir önəmi yoxdur. Kreml Dağlıq Qarabağ məsələsində ancaq Bakı ilə hesablaşır. Sarkisyan isə Putinin təyin etdiyi məmur obrazındadır. Əslində, bu, məntiqi yanaşmadır. Putin Sarkisyansız da Əliyevlə Dağlıq Qarabağın gələcək taleyini müzakirə edə bilər.
Hətta iddia edilir ki, Soçi görüşündən sonra Putin Sarkisyanı çağırıb Dağlıq Qarabağdakı status-kvonun dəyişdirilməsinə razı salacaq. Sonuncu ehtimal nə dərəcədə real sayıla bilər?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Soçi görüşü ilə bağlı Azərbaycan rəhbərliyi nikbin görünür: "Bu o anlama gəlir ki, iki ölkə başçısının təmasında konkret istiqamətlər üzrə ortaq məxrəc tapılıb. Azərbaycanın Rusiya ilə yaxın dostluq və qonşuluq münasibəti var. Bizim Rusiyadan istədiyimiz ən ümdə məsələ Dağlıq Qarabağ probleminin həllinə köməklik göstərməsidir. Bunu Rusiyadan ona görə umuruq ki, həmin problemə təsir gücü var. Rusiya istəsə, Ermənistanı konstruktiv mövqeyə dəvət edə bilər. Yəni Ermənistan sözdə bir ölkədir, əslində isə Rusiyanın əlaltısıdır. Sarkisyana Putinin təzyiq göstərmə ehtimalı böyükdür. Çünki Ermənistan bütün manevr imkanlarını itirib. Rusiyaya isə Qafqazda bir qədər fərqli görünmək lazımdır. Bütün bu şərtlər Ermənistan prezidentinin Moskvaya çağırılaraq tənbeh ediləcəyini inandırıcı edir. Ermənistanın daxilindəki narazı qüvvələr də status-kvonun dəyişməsini istəyir. Çünki bu siyasət, faktiki olaraq, Ermənistanı məhvə aparır. Ölkə dilənçi gününə düşüb. Heç özünü saxlaya bilməyən hakimiyyət Qarabağda nəsə etmək gücündə deyil. İnsani resurs baxımından da buna gücü çatmır".
Məhəmmədəli QƏRİBLİ