Azərbaycan və Rusiya prezidentlərinin məlum Soçi görüşündən sonra indi maraq doğuran əsas məqamlardan biri Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin hansı səpkidə inkişaf edəcəyidir. Əsas gözləntilər bundan ibarətdir ki, yaxın tezlikdə Rusiyanın fəal iştirakı ilə konfliktin sülh yolu ilə həlli istiqamətində müəyyən konkret addımlar atılacaq.
Ermənistanın və erməni lobbisinin bunu əngəlləməsi isə artıq mümkünsüz sayılır. Elə ekspertlər də bildirir ki, prezidentlərin Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə, xüsusən Rusiyanın dövlət və hökumət qurumlarında özünə yuva qurmuş erməni lobbisi və diaspor nümayəndələrinə sərt cavabdır. Eyni zamanda, təhlilçilərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın fəallığının bu görüşdən sonra artacağına da ümid etmək olar.
Real vəziyyətin təhlili göstərir ki, ermənilərin də əsas narahatlığı Soçi görüşündən sonra Moskvanın Qarabağ məsələsində hansı gedişlər edəcəyi ilə bağlıdır. Əsas fikir isə bundan ibarətdir ki, Rusiya və Azərbaycan prezidentlərinin son görüşü Ermənistanın təklənməsi və təcridini daha da dərinləşdirəcək. İşğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin Ermənistandakı "daimi nümayəndəliyinin müşaviri" Qarnik İsaqulyan da bu mövqeyi bölüşür. Onun sözlərinə görə, Rusiya prezidentinin Azərbaycanla bağlı düşüncələri ermənilər üçün artıq müəmmadır: "Ancaq Moskva və Bakı arasında müəyyən fikir və ya ziddiyyətlər ola bilər. İstənilən halda, bu cür görüşlər Ermənistan cəmiyyətində yaxşı qarşılanmır. Çünki Ermənistan böyük təzyiqlərə məruz qala bilər". O, Rusiyanın Azərbaycana silah satmasını özləri üçün ağrılı fakt hesab edib: "Neftlə zəngin olan Azərbaycan müxtəlif ölkələrdən silah ala və istifadə edə bilər. Bundan əlavə, onlar müasir silahlarla silahlanmaqda davam edirlər. Ancaq bizim üçün ağrılı olan fakt Rusiyanın Azərbaycana silah satmaqda davam etməsidir. Prezident Serj Sarkisyan da bunu vurğuladı. Ancaq aydın başa düşürəm ki, prezident bütün sirləri aça bilməz. Biz də silahlarımızın çoxunu Rusiyadan alırıq. Beləliklə, problemi Rusiya üçün kəskin bir məsələ kimi qaldırmamalıyıq. Biz Rusiyadan "İsgəndər" raket sistemi almışıq. Ancaq Azərbaycan İsraildən də silah alıb və bu silahların arasında nələr olduğunu bilmirik".
Yeri gəlmişkən qeyd edək ki, son günlər Ermənistan mediasında Azərbaycanın məxfi silahının olması haqda müzakirələr gedir. Vəziyyət göstərir ki, Ermənistanda narahatlıq Azərbaycanın müdafiə naziri Zakir Həsənovun RİA "Novosti"yə müsahibəsində "Azərbaycanın "İsgəndər"lərin qarşısını ala biləcək silahları var" açıqlamasından sonra başlanıb. Ermənistan mediası Azərbaycanın "İsgəndər"lərin qarşısını ala biləcək məxfi silahının olduğu haqda yazır və buna görə Rusiyanı, eləcə də Sarkisyan hakimiyyətini ittiham edir. Erməni siyasi şərhçi Akop Badalyan isə yazır ki, Ermənistan hakimiyyəti Rusiyanın Azərbaycana silah satmasına qarşı heç nə edə bilmir: "Əksinə, erməni ictimaiyyətini sakitləşdirmək üçün Rusiyanı müdafiə edir və qeyd edir ki, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan başqa ölkələrdən daha dəhşətli silahlar ala bilər. Hərçənd, Azərbaycan silahı təkcə Rusiyadan almır. Burada xüsusi məsələ bu gün Azərbaycanın məxfi silahının olmasıdır. Azərbaycanın müdafiə naziri "İsgəndər"lərin qarşısını ala biləcək silahlarının olduğunu açıqladı, Rusiya isə bu haqda susdu. Görünür, Bakı bu məxfi silahı başqa ölkədən alıb və lazım olanda üzə çıxaracaq". Badalyan diqqəti yenə də ona yönəldib ki, Rusiyanın Türkiyəyə S-400 raket kompleksi satması da Ermənistan üçün təhlükəlidir: "Heç kim zəmanət verə bilməz ki, Türkiyə bu raket komplekslərdən birini Azərbaycana verməyəcək".
Bununla yanaşı diqqət həm də ona yönəldilir ki, Soçi görüşü Rusiya və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasını təsdiq etdi və belə vəziyyətdə Bakı Moskvadan daha yeni silahların alınmasında da hansısa problemlə qarşılaşmayacaq. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Rusiyadan yeni mümkün hərbi texnika alışında maraqlı olduğunu da gizlətmir. Müdafiə naziri Zakir Həsənov RİA "Novosti"yə müsahibəsində də bunu təsdiq etmiş, amma Azərbaycanın hansı yeni silahlarla maraqlandığını açıqlamamışdı. Sadəcə, bu silahların alınmasında Azərbaycanın maraqlı olduğunu vurğulamışdı: "Biz Rusiya silahlarını dünya qiymətlərinə uyğun alırıq. Bizim dövlətlərarası hərbi-texniki əməkdaşlıq müqaviləmiz var, ölkələrarası komissiya da yaradılıb. Azərbaycan tərəfindən bu komissiyaya baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfindən isə baş nazirin müavini Dimitri Roqozin rəhbərlik edir. Bu komissiya ildə bir neçə dəfə toplanaraq hərbi-texniki əməkdaşlığın istiqamətlərini müəyyən edir. Bu iclaslarda ortaya çıxan məsələlər işgüzar qaydada həll edilir. Bugünkü günə Azərbaycan və Rusiya arasındakı müqavilədə nəzərdə tutulmuş silahların Azərbaycana gətirilməsi 90 faiz yerinə yetirilib. Biz indi artıq əlavə olaraq bəzi silah nümunələrini öyrənirik, sifariş veririk və sınaqdan keçiririk. Silah alınması çoxşaxəli məsələdir. Bir tərəfdən şablondan uzaq olmaq, digər tərəfdən isə müxtəliflik texnikaya qulluqda problemlərə səbəb olur. Bu çox mürəkkəb məsələdir". Beləliklə, verilən açıqlamalar, qarşılıqlı münasibətlərin inkişafı göstərir ki, Azərbaycan Rusiyadan istədiyi silahları almaq imkanlarına malikdir. Məhz bu amil ermənilərin narahatlığını gedərək daha da artırır. Amma Azərbaycan hələ ki, məsələnin sülh yolu ilə həllində maraqlı tərəf kimi çıxış edir. Məsələnin sülh yolu ilə çözümü isə Ermənistanın danışıqlarda sərgilədiyi mövqedən asılıdır. Bu mövqenin konstruktiv olması üçün Bakı İrəvana təzyiqləri artırır. Bu təzyiqlər həm də Rusiya vasitəsilə edilir.
Ermənistanın "İravnuk" qəzeti də yazır ki, məhz Bakının istəyi ilə Moskva İrəvana təzyiqlər edir. Belə vəziyyət öz növbəsində danışıqlar prosesində Bakının mövqelərini daha güclü hala gətirir. Elə bu səbəbdəndir ki, Ermənistanda iqtidar partiyasını təmsil edən millət vəkili Mihran Akobyan Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlarda şərtləri məhz Bakının diqtə etdiyini etiraf edir. O, bu mənada Ermənistan və Azərbaycan prezidentlərinin mümkün görüşünün müəyyən nəticələrə gətirib çıxarmasını istisna etmir: "Müzakirə prosesi davam etdiyi dövrdə savaş istəmirik. Əslində, Madrid prinsiplərinə söykənən müzakirələr real görünürdü. İndi danışıqlarda hər şey Azərbaycana bağlıdır. Prezidentlərin görüşündən, çox böyük olmasa da, müəyyən nəticə gözləmək olar".
Ümumiyyətlə, Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşü fonunda Ermənistan ictimaiyyətində Qarabağ məsələsinə yanaşmada fərqli bir mövqe müşahidə olunur. Görüşdən xeyli narahat olan millətçi ermənilər belə Soçidəki danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin mümkün yeni təmaslarında Dağlıq Qarabağla bağlı yeni qərarlar qəbul oluna biləcəyini istisna etmir. O da xüsusi olaraq vurğulanır ki, indiki erməni iqtidarının bu məsələlərdə hansısa ciddi müqavimət göstərməsini düşünmək də sadəlövhlük olardı. Çünki Ermənistan tam şəkildə Rusiyadan asılı vəziyyətə salınıb və Kremldən gələn göstərişlərə müqavimət göstərmək üçün hansısa resurslara malik deyil. Bunu erməni politoloq Stepan Qriqoryan da təsdiq edir: "Ermənistan rəhbərliyinin fəaliyyəti sayəsində ölkə o dərəcədə Rusiyadan asılı vəziyyətə qoyulub ki, Kremlin istənilən təklifini sözsüz qəbul etməyə hazırdır. Sarkisyan hakimiyyətinin Ermənistanı Avrasiya İqtisadi İttifaqına üzv etməsi ölkənin onsuz da məhdud olan regional əməkdaşlığına və Qərb ölkələri ilə münasibətlərinə ciddi xələl gətirib. Bu təkcə Ermənistan-Avropa İttifaqı münasibətlərinə deyil, eyni zamanda Ermənistan-ABŞ və Ermənistan-NATO münasibətlərinə də mənfi təsir göstərib. Hazırkı hakimiyyətin həyata keçirdiyi siyasət Ermənistanın müstəqilliyinin itirilməsi ilə nəticələnib". Aydındır ki, bu vəziyyətdə Ermənistanın Rusiyaya qarşı hansısa ciddi müqavimət təşkil etməsindən söhbət gedə bilməz. Bu amil Azərbaycan tərəfindən də nəzərə alınır və Bakının da əsas istəyi Moskvanın İrəvana Qarabağ təzyiqlərini artırmasıdır. Bu şəraitdə Qarabağ konfliktinin dinc müstəvidə həlli istiqamətində real proseslər başlana bilər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın mühüm rolu ilə əlaqədar Azərbaycan cəmiyyətinin gözləntilərinin olmasını isə artıq Kreml də nəzərə alır və bu istiqamətdə qəti hərəkətə keçməyin vaxtının çatdığını yaxşı görür. Azərbaycan Rusiyanın bu istiqamətdə böyük fəallıq və prinsipiallıq göstərməsində maraqlı olduğunu yüksək səviyyədə bəyan edir. İndi görünən odur ki, Azərbaycan diplomatik gedişləri ilə bu istiqamətdə istəyinə nail olmaq üzrədir. Moskva həm də sosial-iqtisadi problemlər girdabında boğulan Ermənistanı saxlamaqdan bezdiyi üçün Qarabağ münaqişəsinin həllində maraqlı təərflərdən birinə çevrilməyə başlayıb. Çünki Qarabağ düyününün çözümü Ermənistanın yaşadığı iqtisadi çətinliklərdən də xilas olması deməkdir. İndilikdə isə Ermənistanda mövcud hakimiyyətin siyasi səriştəsizliyi nəticəsində ölkənin istər regional, istərsə də beynəlxalq miqyasda təcrid mühitinə düşməsi ölkədə vəziyyəti böhran həddinə çatdırıb. Ermənilərin böyük əksəriyyəti etiraf edir ki, indiki problemlərin kökündə dayanan başlıca faktor məhz Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin həllini tapması Ermənistanın problemlərinin böyük bir qisminin qısa vaxtda çözümünə imkan verə bilər. Bunu Ermənistandan kənarda, o cümlədən də Rusiyada yaxşı sezirlər. Məhz bu vəziyyətdə Ermənistan üçün ən yaxşı çıxış yolunun məhz Qarabağ konfliktinin həllindən keçdiyi daha qabarıq şəkildə gündəmə gətirilir. Erməni iqtidarının isə bununla razılaşmaqdan başqa çıxış yolunun olmadığı aydın görünür.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.