Qabil Hüseynli: "Onlar cəbhədə təxribatlar törədib bunu dünya ictimaiyyətinə guya ordumuzun təxribatları kimi çatdırmağa cəhd edir"
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən sonuncu görüşdən sonra erməni təxribatı ara vermir. Onlar bütün istiqamətlər üzrə hücuma keçib. Xüsusilə də cəbhə bölgəsində təxribatçı əməllər genişləndirilib. Dinc əhali atəşə tutulur, Azərbaycana məxsus olan torpaqlara od vurulur.
Soçi görüşündən sonra ermənilərin bu şəkildə aqressivləşməsi nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynlinin fikrincə, Soçidə Azərbaycan Prezidentinin Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşündən sonra ermənilər atəşkəsi pozmaqla Rusiya və Azərbaycana mesaj vermək istəyir: "Yəni Sarkisyan rejiminin aqressiyasının artmasına səbəb Putin-Əliyev yaxınlaşmasıdır. Zənnimcə, Putin-Əliyev görüşündə Dağlıq Qarabağ münaqişəsinin bütün nüansları müzakirə edilib. Eyni zamanda, cəbhədə atəşkəsin pozulma hallarının artması, ermənilərin mülki əhaliyə qarşı hərəkətləri, cəbhəyanı kəndlərin düşmən tərəfindən xüsusi maddələrlə yandırılması Putinin diqqətinə çatdırılıb. Bu isə ermənilərin xeyli pərişan olmasına gətirib çıxarıb".
Politoloqun fikrincə, Azərbaycanın yeritdiyi siyasət ermənilərin mövqelərini zəiflətməkdədir: "Ermənilər atəşkəs rejimini pozmaqla həm Rusiyaya mesaj göndərir, həm də özlərinin dediyi kimi, Azərbaycan tərəfinin gözünü qorxutmağa çalışır. Amma bunlar əbəs şeylərdir. Azərbaycan təkcə Rusiyaya yönəlik xarici siyasət yürütmür. Azərbaycanın Qərb ölkələri ilə də sıx əlaqələri var. Bu əlaqələr Rusiyanın hərəkətə gəlməsinə səbəb olub. Bütün bunlar ermənilərin "kürkünə birə salıb". Onlar da cəbhədə təxribatlar törədib bunu dünya ictimaiyyətinə fərqli tonlarla, guya ordumuzun təxribatları kimi çatdırmağa cəhd edir. Amma bu artıq mümkün deyil. Ermənilər təcavüzkardır. Azərbaycanın haqqı var ki, ərazi bütövlüyünü təmin etmək üçün hər bir forma və metoddan istifadə etsin. Ona görə də ermənilər cəbhədə təxribatlara əl atmaqdansa, öz ərazilərinə çəkilməlidir".
Məhəmmədəli QƏRİBLİ