Samir Adıgözəlli: "Tezliklə bu istiqamətdə müsbət irəliləyiş görəcəyik"
İyulun 22-də Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında Soçidə baş tutan görüş hər iki ölkənin ictimaiyyəti tərəfindən müzakirə olunmaqdadır.
Görüşdən sonra tərəflərin mətbuat üçün verdiyi qısa açıqlamadan aydın oldu ki, prezidentlər ikitərəfli münasibətlərdən tutmuş, regional və dünya siyasəti ilə bağlı müzakirədə ikinci-üçüncü tərəflərin iştirakı olmadan, üzbəüz danışmaq formatını seçib. Rəsmi təbliğat görüşlə bağlı xüsusi bir məqamın üzərində dayanır: münasibətləri korlaya biləcək üçüncü tərəfin. Üçüncü tərəfin isə erməni lobbisi və onun təsiri altına düşmüş Rusiya məmurları olduğuna açıq işarələr var.
Yəni görüş zərurəti ilə bağlı ilk ipucu odur ki, xüsusən Azərbaycan tərəfi üçüncü qüvvənin münasibətlərə xələl gətirməsindən narahatdır. Bu kontekstdə Ümumrusiya Azərbaycanlıları Konqresinin cari ilin mayında qeydiyyatının ləğvi önə çəkilir. Bu barədə istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə bir neçə aydır danışılır və Moskva rəhbərliyi üçün yenilik deyil.
Baş tutan görüşdən sonra ÜAK-la bağlı yaranan problem aradan qaldırıla bilərmi?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, prezidentlərin görüşündən sonra ən çox müzakirə edilən məsələ üçüncü tərəfin Bakı-Moskva yaxınlaşmasına mane olmaq cəhdlərilə bağlı oldu: "Ünvan bəllidir - erməni lobbisi. Azərbaycana qarşı törədilən istənilən təxribatın arxasında ilk növbədə erməni diasporu və ya lobbisi versiyasını diqqətdən keçirmək lazımdır. Mən bundan əvvəlki çıxışlarımda da demişəm ki, ÜAK-ın ləği ilə bağlı Rusiya ortaya ciddi arqument qoya bilmədi. Həmin dəlillərdən hiss olunurdu ki, ÜAK-ın məhkəmə qərarı ilə bağladılmasının arxasında böyük güclər durub. Biz bu istiqamətdə araşdırmalar aparmışıq. Erməni barmağı şərtsiz var. Çünki söhbət erməni diasporunun daha güclü olduğu Rusiyadan gedir. Hətta Rusiyanın ən tanınmış siyasi xadimləri belə halların ola biləcəyini istisna etmir. Düşünürəm ki, İlham Əliyev Putinlə keçirdiyi görüşdə mütləq bu məsələyə toxunub. Çünki belə hal iki prezidentin razılaşmasından sonra öz həllini tapa bilər. Ümidvaram ki, İlham Əliyev Putinə bu məsələnin incəliklərini çatdırıb. Yəqin ki, problem tezliklə həllini tapacaq. Çünki ÜAK öz fəaliyyəti ərzində Rusiyanın ən ali rəhbərliyi səviyyəsində koordinasiyalı fəaliyyət göstərib. Təşkilat Rusiyadakı azərbaycanlıları ən kompakt şəkildə öz ətrafına cəmləyirdi. Bütün qayəsi Rusiya-Azərbaycan dostluğuna fayda vermək olubsa, niyə də açılmamalıdır? Tezliklə bu istiqamətdə müsbət irəliləyiş görəcəyik".
Məhəmmədəli QƏRİBLİ