Qardaş Türkiyənin Rusiyadan S-400 zenit raket sistemi almaq niyyəti ətrafında yeni geosiyasi qalmaqal müşahidə olunmaqdadır. Belə görünür ki, Türkiyənin bu raketləri alması bölgədə həm də geosiyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmək iqtidarındadır.
Qeyd edək ki, ABŞ başda olmaqla NATO dövlətlərinin narahatlığına baxmayaraq, S-400 sistemlərinin alınması üçün Rusiya ilə Türkiyə arasında aparılan müzakirələr yekunlaşıb və imzaların atılması an məsələsidir. Türkiyənin müdafiə naziri Fikri Işık bildirib ki, Rusiya ilə aparılan müzakirələrdə artıq bütün maneələr dəf edilib və imzaların atılması mərhələsinə keçilib: "S-400 mövzusu artıq son nöqtəyə gəlib. Görüşlər müsbət nəticələrlə yekunlaşıb. Sadəcə imzalar atılmalıdır. Məsələ ilə bağlı hələ ki, heç bir problemlə qarşılaşmamışıq". Proseslərlə bağlı açıqlama verən Rusiya təmsilçisi Aleksandr Mixeyev Türkiyə ilə S-400 sistemi haqqında ortaq qərar çıxarıldığı və razılaşmanın yaxın zamanda imzalanacağı xəbərini təsdiq edib.
Amma ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin rəhbəri Cozef Danford bildirir ki, Türkiyənin Rusiyadan S-400 zenit raket sistemini almaq niyyəti Vaşinqtonda narahatlıq doğura bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın bu açıqlamaya sərt reaksiya verib: "Türkiyənin raket kompleksi alması niyə narahatlıq doğurur? Hər ölkə daxili təhlükəsizliyini qorumaq üçün müəyyən tədbirlər görmək məcburiyyətindədir. Biz Amerika ilə çox sayda görüşlər keçirdik. Həmin ölkə ilə bizə lazım olan təhlükəsizlik planlarını təmin edə bilmədiyimiz üçün S-400 kompleksi almağa qərar verdik. Bunun narahatlıq doğuran heç bir tərəfi yoxdur. Fərqli silahlardan istifadə olunduğu zaman hiss edilməyən narahatlıq S-400 aldığımız zaman ortaya çıxır. Bu çox qəribə səslənir".
Amma ABŞ Ankaranın bu arqumenti ilə razılaşmaq istəmir. Pentaqonun nümayəndəsi Ceff Devis bildirir ki, Türkiyə Rusiyadan S-400 kompleksi almaq niyyətinin səbəbini izah etməlidir: "Türkiyə NATO-nun müttəfiqidir və bizim müttəfiqlərimizlə münasibətlərimizin əsas məqamlarından biri də ondan ibarətdir ki, biz silahlanmamızın uyğunlaşmasını istərdik". Belə görünür ki, S-400 məsələsi ilə bağlı ziddiyyətlər daha da böyüyəcək. Rus ekspert İqor Korotçenko hesab edir ki, ABŞ-ın burada narahatlığı həm də raket bazarında mövqeyini itirməsi ilə bağlıdır. O bildirir ki, Türkiyənin S-400 seçimi ABŞ-ın Rusiyaya məğlubiyyəti demək olacaq. Türkiyənin Rusiyadan S-400 almasını şərh edən rusiyalı mütəxəssis belə hesab edir ki, ABŞ-ın narahatlığı üçün hər cür əsas var. Bu seçim ABŞ-ın Rusiya ilə rəqabətdə uduzan tərəf olduğunu göstərir. Rusiyanın havadan müdafiə silahları istehsal edən "Almaz-Antey" şirkətinin sədr müavini Vlaçeslav Dzirkaln S-400 raketdən müdafiə sistemləri ilə həm rus ordusunu təchiz etməyə, həm də bu komleksi xarici ölkələrə ixrac etməyə hazır olduqlarını bildirib. Hindistanla üzərində müzakirələr apardığı S-400 kompleksini Rusiya ilk olaraq Çinə satacaq. Türkiyə ilə bu mövzuda davam edən uzunmüddətli görüşlər isə, qeyd olunduğu kimi, artıq yekunlaşmaq üzrədir. Perspektivdə bu silah Azərbaycanda da peyda ola bilər.
Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana S-400 raket müdafiə sistemlərini verəcəyidir. Bu qorxunun mənbəyi Türkiyə və Rusiya arasında S-400-lərin alınması ilə bağlı sazişin imzalanmasıdır. Elə bu günlərdə erməni siyasi şərhçi Akop Badalyan bildirirdi ki, Türkiyə Rusiyadan aldığı iki divizion S-400-ün birini Azərbaycana verə bilər: "Türkiyə bu raket kompleksini Azərbaycana məhz "İsgəndər"lərdən müdafiə üçün verə bilər. Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Ermənistana "İsgəndər" verən Rusiya Azərbaycana da S-400 verərək münasibətləri qoruyur və bunu Türkiyə vasitəsilə edir". "Bloomberg" agentliyi də yazırdı ki, Türkiyə Rusiyadan alacağı raket sistemlərindən birini Ermənistanla sərhədə yerləşdirə bilər: "NATO Türkiyəyə raket sistemləri verərkən onların Yunanıstan və Ermənistan sərhədlərinə yerləşdirilməsinə qadağa qoyur. Rusiya ilə razılaşmada isə Türkiyənin bu sistemlərdən istədiyi yerdə istifadə etmək hüququ qeyd olunur". Xatırladaq ki, S-400 "Triumf" zenit raket sistemi taktiki və strateji təyyarələrin, ballistik raketlərin, hiper səs hədəflərinin və digər hava hücumu vasitələrinin zərərsizləşdirilməsi üçündür. İndilikdə isə bu raket ətrafında regionda kifayət qədər maraqlı proseslərin cərəyan etdiyi müşhaidə olunur. Belə görünür ki, sözügedən raketlər bölgədə yeni güc balansı yaradacaq.
Tahir TAĞIYEV