Aydın Mirzəzadə: "Bu, qeyri-rəsmi görüş olsa da, münasibətlərin bütün sahələri nəzərdən keçirildi"
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin Soçidə görüşü bir sıra amil baxımından diqqət çəkir. Azərbaycan-Rusiya münasibətlərində strateji tərəfdaşlıqdan başlamış, humanitar sahələrdə də dərin əməkdaşlıq mövcuddur. Soçi görüşü bu əməkdaşlığın daha da möhkəmlənməsi, ikitərəfli münasibətlərdə anlaşılmaz olan məqamların yenidən gözdən keçirilməsi və aradan qaldırılması üçün əhəmiyyətli idi.
Digər tərəfdən, görüşün Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən öncə olması, həmçinin, Soçidə İlham Əliyevlə Putinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi diqqət çəkir. Görüşdə Qarabağda mövcud status-kvonun davam etməyəcəyi haqda aparılan müzakirələr də prezidentlərin görüşündə Bakının əlinin güclü olacağı ehtimalını artırır. Güman olunur ki, Rusiya münaqişənin həlli ilə bağlı aparılan danışıqları dalandan çıxararaq canlandıracaq. Ona görə də ölkə başçısı İlham Əliyevin rusiyalı həmkarı ilə apardığı müzakirələr əhəmiyyətlidir.
Bütün hallarda, İlham Əliyevin Vladimir Putinlə Soçidə görüşməsi Rusiyanın status-kvonun dəyişdirilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ehtimalını nə qədər artırır? Sözügedən məsələni dəyərləndirən millət vəkili Aydın Mirzəzadənin fikrincə, müəyyən ümidlər var: "Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlər xarici siyasətin prioritet istiqamətlərindən olub. İki ölkə problemləri danışıqlar yolu ilə, bir-birinin maraqlarını nəzərə alaraq həll etməyə çalışıb. Hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətləri digər dövlətlər üçün nümunə ola bilər. İki ölkə arasında hansısa məsələdə anlaşılmazlıq yarandıqda, razılığa gəlmək, onları diplomatik yolla həll etmək mümkün olub. Bu, qeyri-rəsmi görüş olsa da, münasibətlərin bütün sahələri nəzərdən keçirildi. Azərbaycan üçün ağrılı olan Dağlıq Qarabağ problemi, Ermənistanın davam edən işğalı Rusiya tərəfi ilə ciddi şəkildə müzakirə edildi. Hesab edirəm ki, bu görüş həm əlaqələri möhkəmləndirməyə, həm maraq doğuran məsələlər haqda fikir mübadiləsi etməyə, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya faktorunun güclənməsinə çox böyük yardım edəcək".
Vidadi ORDAHALLI