Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək. Bunu Trend-ə politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşünü şərh edərkən deyib.
Soçi görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi, eləcə də iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyən Q.Hüseynli bildirib ki, son zamanlar münaqişənin həllində BMT-nin, eləcə də ATƏT-in fəallığı xeyli artıb.
Politoloq hesab edir ki, belə xarici təşəbbüslər fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, imici ciddi ziyan çəkə bilər: "Dağlıq Qarabağın statusu məsələsində həm ruslar, həm də ermənilər həddən artıq müzakirələr aparırlar. Bu baxımdan hesab edirəm ki, Rusiya prezidenti bundan sonra Ermənistan prezidentini qəbul edəcək və bu məsələləri onunla da müzakirə edəcək. Çünki əsas məsələ ümumi kompromisin əldə edilməsidir".
Q.Hüseynli qeyd edib ki, Rusiya aprel döyüşlərindən sonra olduğu kimi, Soçi görüşündə də status-kvonun dəyişdirilməsinə, lazımi kompromisləri əldə etməyə çalışacağına söz verib.
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri, Prezident Vladimir Putinlə keçirdiyi görüşlər və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində addımlardan biri kimi qiymətləndirilə bilər. Bunu isə Milli Məclisin deputatı Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onlar arasında mehriban münasibətlərin olması hər iki ölkə və xalq üçün faydalıdır: "Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Münasibətlərin hüquq-müqavilə bazası yaradılıb. Dövlət başçıları arasında yaxşı şəxsi münasibətlərin olması da qeyd edilməlidir”.
Deputat vurğulayıb ki, bu səfər Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə, xüsusən Rusiyanın dövlət və hökumət qurumlarında, KİV-lərində özünə yuva qurmuş erməni lobbisi və diaspor nümayəndələrinə də cavabdır: “Hesab edirəm ki, Rusiya dövlət adamları və ictimai xadimləri nəhayət, ermənilərin onlara hansı ziyanlar vurduğunu anlamalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın fəallığının bu görüşdən sonra artacağını da ümid etmək olar".