Vəfa Heydərli: "Hesab edirəm ki, gərək bu cür şovinist, erməni millətçisi olan birilə bundan sonra dini platformada hər hansı danışıq aparılmasın"
Ermənistanın katalikosu Qaregin Dağlıq Qarabağda müvəqqəti qərar tutan separatçı qurumun keçirdiyi "seçki"lərlə bağlı münasibət açıqlayıb. O, separatçıların lideri Bako Saakyanı yenidən həmin posta seçilməsi münasibətilə təbrik edib.
Çox maraqlıdır ki, katalikosun təbrikində din xadiminə yaraşmayan ifadələrə rast gəlinir. Çox vaxt sülhdən, əminamanlıqdan danışan erməni dini lider təbrik mətnində Saakyana Qarabağdakı fəaliyyətinə görə xüsusi təşəkkür edir. Maraqlıdır ki, Azərbaycan dindarlarının ən sıx təmsil olunduğu Qafqaz Müsəlmanları Ruhani İdarəsindən bu məsələyə heç bir reaksiya verilməyib. Hər halda, Qareginə dinlə uzlaşmayan mövqeyinə görə sərt xatırlatma edilməli idi.
Ekspert Vəfa Heydərli də qəzetimizə bildirdi ki, erməni baş dindarın təbrik mətni birbaşa zorakılığın, müharibənin dəstəklənməsinə yönəlib: "Adətən bu missiyanın daşıyıcıları sülh və əminamanlığı təbliğ edir. Ancaq Qareginin dediklərilə əməlləri arasında biz təzad görürük. O bir neçə dəfə barışdırıcı missiyaya əl uzatmaq istəyindən danışıb. Ancaq onun verdiyi təbrikə baxın. Qondarma qurum faktiki olaraq başqalarının torpağını zəbt edib. İnsanları öz yerlərindən didərgin salıb. Onun da üzərində qanunsuz, dünyada heç kim tərəfindən tanınmayan bir rejim yaradıb. Normal dindar belə vəhşiliyin başında duran birisini necə tərifləyə bilər? Deməli, Qaregində erməni millətçiliyi daha çoxdur, nəinki dindarlıq. Sadəcə, həmin hissləri dindarlıqla pərdələmiş olur. Bəli, doğru olaraq qeyd edirsiniz ki, onun bu əməlinə mütləq bizim dindarlar səviyyəsində reaksiya verilməlidir. Mən belə bir cavabı Ruhani İdarədən gözləyirəm. Hər halda, onlar müqəddəs kitablara istinad etməklə Qareginin təbrikindəki ziddiyyətli məqamlara daha aydın işıq sala bilər. Düzü, mən bu cür məsələlərlə bağlı azərbaycanlı dindarların passivliyini anlaya bilmirəm. Hesab edirəm ki, gərək bu cür şovinist, erməni millətçisi olan birilə bundan sonra dini platformada hər hansı danışıq aparılmasın. Biz görmüşük ki, dindarlar hər zaman sülhün önündə olur. Qaregin isə, əksinə, müharibəni qızışdırır. Onun təbrik məktubu başqa xarici dillərə çevrilib şərhilə yayılmalıdır. Qoy görsünlər ki, ermənilərin dindarları da separatçılığı, zorakılığı dəstəkləyir".
Məhəmmədəli QƏRİBLİ