Əvvəlcədən də gözlənildiyi kimi, işğal olunmuş ərazilərimizdə yaradılmış separatçı rejimin Ermənistandan gələn göstəriş əsasında təşkil etdiyi "prezident seçkisinə" dünya birliyi yenə sərt reaksiya verərək bu əməli pislədi. Ermənilərin bu addımına qarşı verilən açıqlamalardan o da bəlli olur ki, beynəlxlaq ictimaiyyət yalnız destruktuvizmə xidmət edən belə hadisələrdən ciddi narahatdır. Çünki bu qəbildən olan hallar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin qarşısını alır, yeni müharibə ehtimalını artırır.
Digər tərəfdən belə gülünc gedişlərin əslində hansısa ciddi nəticələrə gətirib çıxarmayacağını ermənilər Dağlıq Qarabağda təşkil etdikləri əvvəlki "seçkilərin" nəticələrindən də yaxşı bilirlər. Məsələn, elə son beş ilə nəzər salaq. Hələ 2012-ci il iyulun 19-da qondarma "prezident seçkiləri", 2015-ci il mayın 3-də "parlament seçkiləri", 2015-ci il sentyabrın 13-də qondarma "özünüidarə orqanları"na seçkilər, 2017-ci il fevralın 20-də "konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum"un keçirilməsi kimi təxribatçı cəhdlərə təkcə Azərbaycan yox, bütün dünya sərt reaksiya verdi. Bu "seçkiləri" heç kim tanımadı, əksinə, bəyan edildi ki, baş verənlər Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Amma bundan hələ də lazımi nəticələr çıxara bilməyən ermənilər iyulun 19-da zəbt olunmuş ərazilərdə qondarma xarakterli "prezident seckiləri" keçirdilər. Burada separatçıların hazırkı lideri Bako Saakyan yenidən 3 il müddətinə zəbt olunmuş torpaqlarda yaradılmış yalançı dövlətin "rəhbəri" seçildi. "Səsvermə" zamanı Saakyanın 28, onun rəqibi Eduard Aqabekyanın 4 səs topladığı bildirilir. Qeyd edək ki, Bako Saakyan separatçılara 2007-ci ildən rəhbərlik edir. Qarabağ müharibəsində aktiv iştirak edən Saakyan azərbaycanlılara qarşı təşkil edilən cinayətlərin əsas iştirakçılarından sayılır. Amma özü də Azərbaycan tərəfindən layiqli şəkildə cəzalandırılacağını yaxşı bilir.
Dünya miqyasında sözügedən olaya verilən ilkin reaksiyalardan bir daha bəlli olur ki, ermənilərin bu əməlləri yenə kəskin şəkildə pislənir. Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçi bu xüsusda bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qondarma "prezident seçkiləri"nin keçirilməsi beynəlxalq hüququn bütün normalarının nümayişkaranə şəkildə pozulmasından başqa bir şey deyil: "Təcavüzkar saxta demokratik prosedurların köməyilə öz cinayətini legitimləşdirməyə, beynəlxalq birliyi oyuncaq rejimin yaradılması faktı qarşısında qoymağa çalışır. Tarix yetərincə belə nümunə tanıyır və onların hamısının aqibəti eyni olub". Ali Rada deputatının sözlərinə görə, ukraynalılar işğal edilmiş ərazilərdə "prezident seçkiləri" ilə bağlı məzhəkəni birmənalı şəkildə davam edən təcavüz və Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirirlər.
ABŞ Dövlət Departamenti də bildirir ki, Vaşinqton Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkisi"nin nəticələrini tanımayacaq: "Münaqişənin hərtərəfli nizamlanmasında biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirməkdə rolunu gəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır və biz iyulun 19-da keçirilən qondarma "prezident seçkisi"nin nəticələrini tanımırıq. Bu seçkilər Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcək. Biz həmçinin vurğulayırıq ki, qondarma "prezident seçkisi" Dağlıq Qarabağın yekun statusu və Dağlıq Qarabağa davamlı və sülh həlli gətirəcək mövcud danışıqların nəticəsini müəyyənləşdirmir".
Eyni mövqe ATƏT-in Minsk Qrupu tərəfindən də sərgilənir. Ümumiyyətlə, dünya belə qəbul edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda indiki və əvvəllər keçirdiyi bu cür qondarma "seçkilər"i heç vaxt tanımayıb. Rəsmi Bakı isə açıq şəkildə bəyan edir ki, Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər. Hələlik isə görünən odur ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin dörd məlum qətnaməsinə zidd olaraq artıq neçənci dəfədir ki, işğal altındakı ərazilərimizdə belə qondarma "seçki" təşkil edir. Bununla əslində İrəvan Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarına ciddi zərbə vurur.
Hesab olunur ki, bütün bunların qarşısını almaq üçün Ermənistanın qeyri-konstruktiv hərəkətlərinə beynəlxalq birlik tərəfindən daha kəskin reaksiya verilməli, eyni zamanda bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün artıq təsirli tədbirlər görülməlidir. Həmin tədbirlər ilk növbədə işğal edilmiş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasını, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasını əhaət etməlidir. Xatırladaq ki, bu məsələlər Qarabağ münaqişəsi ilə bağlı indiyə qədər qəbul edilən qərar və qətnamələrdə də öz əksini tapıb. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub. Eyni zamanda, həmin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həllinin öz əksini tapması da xüsusi olaraq qabardılaraq göstərilib.
O da birmənalı həqiqətdir ki, düşmən ölkənin silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayınca regionda sülhdən danışmaq mümkün olmayacaq. Yəni belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsi istənilən an alovlana bilər. Bunun məsuliyyəti isə, artıq dəfələrlə bəyan edildiyi kimi, Ermənistanın üzərinə düşəcək. Ehtiyatda olan polkovnik Şair Ramaldanov da belə durumda müharibənin qaçılmaz olduğunu vurğulayır və bunun əsas günahkranın məhz Ermənistan olduğunu qeyd edir. Onun sözlərinə görə, ermənilərin yola gəlməməsi fonunda torpaqlarımızı ancaq güc yolu ilə qaytara bilərik: "Ermənilər də həmişə sözdən deyil, gücdən çəkiniblər. Azərbaycanın gücü isə göz qabağındadır. Silahlı qüvvələrin inkişafı və silahlanması üçün kifayət qədər silahlar alınır və artıq bu silahlar öz sözünü deməlidir. Azərbaycan yumruğunu vurub, işğalçı qüvvələri torpaqlarından qovmalıdır. Ermənilər o zərbəni hiss etsələr, özləri çağıracaqlar və doğrudan konstruktiv addımlar atacaqlar. Bununla bərabər düşmənin havadarları ortaya çıxır və müxtəlif ifadələr səsləndirirlər. Bölgədə müharibə olması müəyyən dövlətlərin marağında deyil. Bilirlər ki, müharibə sosial problemlərin həllindən dövləti uzaqlaşdırır. Bundan istifadə edib, Azərbaycanı müharibə yoluna çəkib zəiflətmək istəyənlər də var. Ancaq Azərbaycan vurduğu zərbəni elə qurmalıdır ki, müharibə uzunmüddətli olmasın. Ölkə başçısının dediyi kimi, qısa müddətdə zərbəni vurub, torpaqlarımızı işğaldan azad edib, qələbə bayrağını sancmalıyıq. Başqa çıxış yolu yoxdur".
Əslində, ermənilər özləri də bu gedişlə müharibənin qaçılmaz, Azərbaycanın isə qısa zamanda onlara sərt zərbələr endirmək iqtidarında olduğunu etiraf edirlər. Məsələn, erməni politoloq Andranik Mihranyan etiraf edir ki, Azərbaycan qısa müddətdə effektiv zərbələr endirmək üçün lazımi güc və vasitələrə malikdir. O hesab edir ki, məhz bu səbəbdən Qarabağ cəbhəsində geniş həcmli əməliyyatlar gözlənilmir. Andranik Mihranyan Qarabağda müharibə ehtimalını bu cür dəyərləndirib: "Azərbaycan sürətli hücuma keçərək cəbhə zonasında irəliləyiş əldə edə bilər ki, bu, mümkün bir ehtimaldır. Lakin geniş həcmli əməliyyatlar bölgədə heç kimə sərf eləmir. Çünki hazırda dünyada Rusiyanın məşğul olduğu bir çox problem var: Suriya böhranı, İŞİD, Ukrayna və sair. Amma Azərbaycan Qarabağ məsələsində qısa müddətdə güc vasitəsilə dönüş yarada bilər. İrəvan bunu mütləq nəzərə almalıdır".
Xatırladaq ki, bu günlərdə RİA "Novosti" agentliyinə müsahibəsində Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da vəziyyət dəyişməyəcəyi təqdirdə müharibənin istənilən an alovlana biləcəyini diqqətə çatdırmışdı: "Dağlıq Qarabağ konflikti artıq 25 ildən çoxdur ki, davam edir. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin 20%-ini Ermənistan işğal edib. 1 milyondan çox insan qaçqın və məcburi köçkün olub. Lakin nədənsə konflikti dondurulmuş vəziyyətə gətirmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, konflikt geosiyasi oyunların nəticəsidir. Bu oyunlar davam etdikcə, nəticə dəyişməyəcək. Qarabağda dondurulmuş konflikt istənilən an yeni qüvvə ilə qızışa bilər. Beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün qorunmasının tərəfdarı kimi çıxış edirlər, amma nədənsə aydın mövqe tutmağa üstünlük vermirlər. Biz həmsədr ölkələrdən, eləcə də beynəlxalq ictimaiyyətdən konfliktin ədalətli həlli üçün konkret addımlar gözləyirik". Beləliklə, Azərbaycan məsələni konkret qoyur və vasitəçilərin qəti hərəkətə keçməsini istəyir. Əks halda Qarabağ münaqişəsinin hər an alovlana biləcəyini də açıq bəyan edir. Müharibənin yenidən başlanması isə Ermənistan üçün ciddi fəsadlar yaratmaqla yanaşı, bölgədə həyati marağı olan dövlətlər, təşkilatlar üçün də sərfəli sayılmır. Bu səbəbdən onların da məsələnin dinc müstəvidə həllinin reallaşması üçün qəti hərəkətə keçməsi vacib sayılır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.