Arzuxan Əlizadə: "Ermənistan siyasiləri yaxşı bilir ki, Azərbaycan hərbi əməliyyatlara başlasa..."
Məlum olduğu kimi, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşünün keçiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərək bunu təkzib edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Artyom Kojin bildirib ki, bir müddət əvvəl "İzvestiya" qəzetində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatla tanışdırlar: "Biz bu məlumatla tanışıq. Həmin məlumatda prezidentlərin görüşü ilə bağlı qeyri-dəqiqliyə yol verilib. Bu qeyri-dəqiqliyə aydınlıq gətirmək istəyirik. "İzvestiya"da yayılan məlumatda Rusiya XİN-dəki mənbəyə istinadən rəsmi Moskvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyi bildirilib. Lakin bu məlumat həqiqətə uyğun deyil.
Belə ki, həmin məlumatda prezidentlərin görüşü barədə təklifin ATƏT xarici işlər nazirlərinin Avstriyada keçirilən iclasında Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə verildiyi bildirilib. Qeyd edim ki, həmin görüşdə heç də adı çəkilən dövlətlərin XİN başçılarının hamısı iştirak etməyib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin təşkilatçılığı ilə Brüsseldə görüşüblər. Həmin görüşdə ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi müzakirə olunub. Görüşün yeri isə predmet olaraq müzakirə edilməyib.
Qarabağ münaqişəsinin həssas olduğunu nəzərə alaraq, "İzvestiya" qəzetini bu mövzu ilə bağlı mənbəyə deyil, rəsmi məlumatlara istinad etməyə çağırırıq".
Heç kəsə sirr deyil ki, Rusiyanın Ermənistana təsir imkanları digər dövlətlərlə müqayisədə daha böyükdür. Ona görə ki, Rusiyanın Ermənistanda hərbi bazaları var. İqtisadi baxımdan da Ermənistan Rusiyadan asılıdır. Belə olan halda, niyə Rusiya təmsilçiləri danışıqlarla bağlı tələsik açıqlama verərək bunu təkzib edir? Niyə danışıqlarda vasitəçi dövlət olaraq məsuliyyəti üzərinə götürmək istəmir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bunun çox aydın səbəbi var: "O da ondan ibarətdir ki, rəsmi Moskva münaqişənin həll olunmasında maraqlı deyil. Maraqlı olsa, məsuliyyəti də üzərinə götürər, real nəticələrə nail olmaq üçün Ermənistana gərəkən təzyiqləri də göstərər. Ermənistan siyasiləri yaxşı bilir ki, Azərbaycan hərbi əməliyyatlara başlasa və Rusiya buna göz yumsa, ərazilərin işğaldan azad olunması çətin olmayacaq. Sarkisyan bilir ki, Rusiya hərbi əməliyyatlar zamanı prosesə bir neçə günlük müdaxilə etməzsə, Azərbaycan məsələni güc yolu ilə həll edə bilər. Çünki Ermənistanın bütün sahələrdə resursları Azərbaycanla müqayisədə aşağı səviyyədədir. Belə olan halda, müharibədə dönüşə nail olmaq çətin deyil. Sadəcə, Rusiya bunu istəmir. İstəmir ki, Dağlıq Qarabağ məsələsi həll olunsun. Hesab edirlər ki, problem aradan qalxsa, hər iki dövlət tam müstəqil siyasət yeridəcək, Rusiyanın Cənubi Qafqaza təsiri əsaslı şəkildə azalacaq. Məsələnin kökündə dayanan əsas faktor bundan ibarətdir. O üzdən, Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar aparılan danışıqlar formal xarakterli olsun. Ən başlıcası isə, hərbi əməliyyatlar yenidən başlamasın".
Vidadi ORDAHALLI