Qabil Hüseynli: "ABŞ bir balaca mövqeyini konkretləşdirib fəallığını artırsa, yeniliyin şahidi olarıq"
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb. Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlanan məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diplomatik əlaqələrimizin qurulmasından sonra ötən 25 il ərzində dostluq və əməkdaşlıq zəminində dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı transmilli layihələrə ABŞ-ın mühüm və davamlı dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizədə, Əfqanıstanda sülhyaratma missiyasında ölkələrimizin yaxından və səmərəli əməkdaşlığı tərəfdaşlığımızı səciyyələndirən başlıca amillərdəndir.
Biz, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əminamanlıq və firavanlıq diləyirəm".
Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin Trampa ünvanladığı sayca ikinci məktubdur. Trampın prezident seçilməsilə bağlı ona ünvanlanan birinci məktubda da oxşar notlara rast gəlinirdi. Diqqətçəkən ən başlıca məsələ isə həm birinci, həm də ikinci məktubda İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın roluna və səylərinə böyük ümid bəsləməsidir. İlham Əliyevin israrlı olduğu bu mövqe ilə bağlı ABŞ-dan nələri gözləmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, İlham Əliyevin ABŞ prezidentinə ünvanladığı məktublarda həmin məqamı qabartması təbiidir və lazımdır: "Bilirsiniz ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın qarşısında duran ən mühüm problemlər sırasına aiddir. Münaqişənin həlli dünyanın qüdrətli dövlətlərinin diqqət mərkəzindədir. ABŞ da həmin ölkələrdən biridir. Hətta bu ölkə vasitəçilik missiyasını üzərinə götürən Minsk Qrupunun həmtəsisçilərindən biridir. Ancaq tək də deyil. Biz başqa ölkələrdən də bu mövqeyi tələb edirik. Onların fəallaşmasını istəyirik. Bizə o da məlumdur ki, Rusiya bu məsələdə Ermənistana daha yaxından kömək göstərir. Bu səbəbdən də Azərbaycan ABŞ-ın daha da fəallaşmasını istəyir. Yalnız belə olacağı halda hansısa irəliləyişdən söbət gedə bilər. Bəli, ABŞ prezidentinə ünvanlanan birinci məktubda da İlham Əliyev diqqəti Dağlıq Qarabağ probleminə yönəldərək, Trampdan ölkəsinin fəallaşmasını istəyirdi. Birinci məktubdan sitat: "Ümidvaram ki, ABŞ Minsk Qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcək".
Göründüyü kimi, İlham Əliyev ABŞ-ın mövqeyinə xüsusi önəm verir. Yəqin ki, ABŞ-ın yeni administrasiyası bu istəkləri cavabsız qoymayacaq. Çünki prosesin özü də dalana dirənib və ermənilərin manevr etmək imkanları tam tükənib. ABŞ bir balaca mövqeyini konkretləşdirib fəallığını artırsa, yeniliyin şahidi olarıq".
Məhəmmədəli QƏRİBLİ