Elşən Mustafayev: "Təzyiq olsa, bütün bölgədə Suriyadan da pis bir vəziyyət yarana bilər"
ABŞ hazırda hərbi, siyasi və kəşfiyyat gücündən istifadə edərək, sərhədlərimizdə yeni bir dövlət yaratmağa çalışır. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib.
"Rəsmi Vaşinqton bununla yanaşı, Türkiyəni təhdid etməkdən çəkinmir. Guya əsas müttəfiqimiz olan ABŞ terror təşkilatı ilə qol-boyundur. Eyni zamanda Almaniya da PKK, PYD, YPG kimi terror təşkilatlarına dəstək verir", - Y.Topçu bildirib.
Bu tendensiya region üçün nə vəd edə bilər?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, Türkiyənin sərhədində müstəqil kürd dövlətinin yaradılmasının ən ciddi zərbəsi Türkiyəyə dəyə bilər: "Türkiyənin şərq bölgələrində kompakt yaşayan kürdlər gələcəkdə həmin müstəqil kürd dövlətinə birləşmək üçün hərəkətə keçə bilər. Kürdüstan dövlətinin yaradılması bölgəni çox ciddi təlatümlərə gətirəcək. Müstəqil kürd dövlətinin yaradılması Yaxın Şərqdə arzuolunan ideya deyil, bu, separatçılıq hərəkatı kimi qarşılanacaq. Çünki Yaxın Şərqdə ərazilərin yenidən düzənləndirilməsi prosesinə başlanması ərəb dövlətlərinin hamısının, o cümlədən Türkiyənin, İranın ciddi etirazına səbəb olacaq. Bu, bir barıt çəlləyinə bənzəyir və bu barıt çəlləyi ayrı-ayrı iri dövlətlərin əlində başqa dövlətlərə qarşı, o cümlədən Türkiyəyə qarşı istifadə olunacaq.
Bu məsələyə ABŞ hə deyə bilər, amma 26 ərəb dövlətinin heç biri, Türkiyə, İran buna hə deməyəcək.
Müstəqil kürd dövlətinin yaranması bölgədə yeni ittifaqların, məsələn, Türkiyə-Səudiyyə Ərəbistanı-İraq-Misir ittifaqının yaranmasına gətirib çıxara bilər. İraq hətta silahlı yolla müqavimət edəcək.
Kimlərsə düşünə bilər ki, ABŞ İraqın və digər adını çəkdiyim dövlətlərin etirazını yatırdacaq. Ancaq bu heç də asan məsələ deyil. ABŞ bölgədən xeyli uzaqda yerləşən bir dövlətdir. Bölgədə sadaladığım dövlətlərə təzyiq yolu effektli yol olmaz. Təzyiqlə istənilən nəticəni almaq mümkün deyil. Təzyiq olsa, bütün bölgədə Suriyadan da pis bir vəziyyət yarana bilər".
Məhəmmədəli QƏRİBLİ