"Cənub Qaz Dəhlizi" layihəsinin əsas qollarından birini təşkil edən TAP kəməri ətrafında İtaliyada təxribatçı hərəkətlər hələ də səngimir. Son bir ayda baş verənlər bir daha göstərir ki, Azərbaycan qazını Qərbə çatdıran bu kəmərdən ciddi narahat olan qüvvələr var.
Qeyd edək ki, keçən ilin may ayından etibarən TAP-ın İtaliya hissəsinin inşasına başlanıb. Amma sonradan Latsio vilayətində tikinti ilə bağlı problemlər üzə çıxıb. Həmin ərazidə mikrotunelin tikiləcəyi ərazidən 231 zeytun ağacının köçürülməsi etirazla qarşılanıb və bu fonda Latsio məhkəməsi tikinti işlərinin dayandırlması barədə qərar qəbul edib. Amma belə vəziyyətin İtaliyanın öz enerji maraqları üçün də ciddi zərbə olduğu üzə çıxıb. Nəticədə bu il aprelin 20-də İtaliya məhkəməsi TAP-ın bu ölkədəki hissəsinin tikintisi üçün marşrut üzərindəki zeytun ağaclarının köçürülməsi prosesinin dayandırılması ilə bağlı Latsio vilayət məhkəməsinin qərarını ləğv edib. Məhkəmənin qərarından sonra TAP nəzərdə tutulan qrafikdən geri qalmamaq üçün mümkün qədər tez bir zamanda İtaliyadakı fəaliyyətini bərpa edib. TAP konsorsiumu İtaliyada boru kəməri marşrutu üzrə zeytun ağaclarının köçürülməsinə yenidən başlayıb.
Amma baş verənlərdən sonra İtaliyada yenə bu vacib kəmərin inşasını əngəlləmək istəyənlər tapılır. Məlumatlara görə, bu dəfə İtaliyanın Melandunyo bölgəsində TAP kəmərinə görə təhlükəsizlik qüvvələri ilə "No TAP" komitəsinin fəalları arasında güclü toqquşmalar olub. Bildirilir ki, yüzlərlə fəal və yerli sakin San-Fokada, TAP kəmərinin marşrutu üzərində qalan sonuncu 43 zeytun ağacının köçürülməsini əngəlləməyə çalışıb. Bu zaman güclü toqquşmalar baş verib. Bundan əvvəl isə ABŞ hökuməti İtaliya hakimiyyətini xəbərdar edib ki, "No TAP" komitəsinə rəhbərlik edən, İtaliya parlamentindəki yerlərin 22 faizinə sahib "Beş ulduz" hərəkatının lideri, aktyor və blogger Beppe Qrillo Rusiya ilə bağlıdır. "No TAP" komitəsi kəmərin inşası fonunda təxribatçı əməllərindən əl çəkmir. Onlar ərazidə qalan zeytun ağaclarının köçürülməsinə mane olmaq üçün polislə belə toqquşmaya gedir. TAP konsorsiumu podratçılarının qalan ağacları köçürmək üçün yük maşınları zirehli polis maşınlarının, karabinerlərin və maliyyə polisinin müşayiətilə Melandunyoya qayıdıb. Bundan xəbər tutan anti-TAP fəalları texnikanın yolunu kəsib. Lakin yüzlərlə polis onlara müdaxilə edərək yolu açıb. Buna baxmayaraq, fəallar Melandunyonun girişində yenidən yolu bağlaya bilib, toqquşma zamanı TAP konsorsiumunun podratçı şirkətinə aid iki yük maşını zədələnib. Qaz kəmərinə qarşı çıxanların yolda böyük barrikada qurduqları bildirilir. Nəticədə TAP şirkətinin texnikası əraziyə daxil ola bilməyib və indi polis yolu açmaq üçün barrikadanı dağıtmalıdır. Aksiyada Melandunyo və Martano bölgələrinin merləri, onların müavinləri də iştirak edib. Hazırda ekstremistlər yol boyu çoxsaylı blok-postlar qoyublar. Ötən ay da Melendunyo şəhərinin meri Marko Potinin rəhbərliyi ilə TAP-a qarşı aksiya keçirilib. Xatırladaq ki İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib, bu isə o deməkdir ki, yerli hakimiyyətlərin mövqeyi nəzərə alınmadan Azərbaycandan təbii qazı İtaliyaya daşıyacaq boru kəməri tikilməlidir. Amma müəyyən təxribatçı qüvvələr bunu hələ də əngəlləməyə çalışır. Halbuki, TAP kəməri İtaliyanın özü üçün də çox vacibdir.
Qeyd edək ki, TAP TANAP-ın davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. Uzunluğu 878 kilometr olan layihənin ümumi dəyəri 4,5 milyard avro təşkil edəcək. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. "Şahdəniz" konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilin əvvəllərinə planlaşdırılır. "Cənub Qaz Dəhlizi" və onun tərkib hissəsi olan TAP Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsi, eləcə də tədarükün təhlükəsizliyini gücləndirmək üçün konkret imkanlar təqdim edir.
Tahir TAĞIYEV