Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımların atılmasının vacibliyi rəsmi Bakı tərəfindən dəfələrlə gündəmə gətirilsə də, nə ATƏT-in Minsk Qrupunun həmsədrləri, nə də işğalçı Ermənistan bu səpkidə hansısa yenilik edir. Nəticə etibarı ilə konfliktin çözümü uzanır, belə vəziyyət öz növbəsində müharibə ehtimalını daha da artırır.
Azərbaycan onu da açıq şəkildə vurğulayıb ki, baş verənlərə görə məsuliyyət münaqişə ilə bağlı status-kvonun qorunub saxlanmasına çalışan Ermənistanın üzərinə düşür. Bildirilir ki, yaxın tezlikdə konfliktin çözümü ilə bağlı real dəyişikliklər olmasa, hərbi əməliyyatlar istənilən an yenilənə bilər. Bu xüsusda Azərbaycan öz mövqeyini Minsk Qrupunun da diqqətinə çatdırıb. TASS agentliyinə müsahibəsində bu məsələyə növbəti dəfə toxunan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edir: "ATƏT-in Minsk Qrupunun üçlü həmsədr institutu hələ də istənilən sonu - Qarabağ münaqişəsinin hərbi nəticələrinin aradan qaldırılması və onun siyasi həlli prosesinin başlanmasını gətirə bilmir". Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün daxil olduğu format özü-özlüyündə çox ciddi görünür: "Axı məhz bu ölkələr böyük siyasi çəkiyə və əsrlər olmasa da, onilliklər ərzində milli diplomatiyaları tərəfindən işlənib hazırlanan müvafiq təcrübəyə malikdir. Məsələn, Rusiya Cənubi Qafqaz regionuna yalnız coğrafi cəhətdən yaxın deyil, həm də onunla sıx tarixi əlaqələrə malikdir".
Səfirin fikrincə, münaqişənin həlli üçün effektiv addımlar atmağın vaxtı çoxdan çatıb: "Azərbaycan torpaqlarının işğalını xarakterizə edən mövcud status-kvo qəbuledilməzdir. Bunu 2009-2013-cü illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərləri də hesabatlarında göstəriblər. Başqa sözlə, indi real nəticələr əldə olunmasını təmin etmək məqsədilə substantiv danışıqların davam etdirilməsi zəruridir. Bunun üçün siyasi iradə tələb olunur. Bir daha qeyd edirəm ki, danışıqlar predmet xarakteri daşımalıdır. Bu, prosesin yox, nəticənin vacib olduğu məsələlərdəndir".
Beləliklə, Azərbaycan tərəfi bir daha aydın şəkildə nəticəsi olan danışıqlar tələb etdiyini açıq bildirir. Bunun olmaması isə, yuxarıda qeyd olunduğu kimi, istənilən an hərbi əməliyyatların yenidən bərpasına rəvac verə bilər. Özü də həmin hərbi əməliyyatların Ermənistan üçün böyük itkilərlə nəticələnəcəyi də düşmənə yaxşı məlumdur. Xüsusən də Rusiyadan alınan son silahlar fonunda. Yeri gəlmişkən qeyd edək ki, bu hal hələ də Ermənistanda böyük təşvişə, qorxuya yol açmaqdadır. Yaranmış durumda erməni cəmiyyətində hakimiyyətdən müharibə olmadan Azərbaycanla sülh danışıqlarına gedilməsini tələb edənlərin sayı artır. Onların əsas arqumenti də budur ki, Azərbaycan hərbi cəhətdən kifayət qədər gülüdür və mümkün müharibənin taleyini qısa zaman kəsiyində müəyyən edəcək. Qeyd edək ki, iyunun 24-də Rusiyadan Bakıya 42 eşelon silah-sursat gətirilib. Gətirilən silahlar arasında xüsusilə "Tank qatili" adlanan "Xrizantema-S" hərbi texnikası Ermənistanda ciddi qorxulara səbəb olub.
Digər tərəfdən o da aydın müşahidə edilir ki, Azərbaycanın Rusiyadan yeni silah partiyasını alması Ermənistanda cəmiyyətin İrəvan rejiminə qarşı etirazlarına səbəb olub. "Armenianreport" saytı yazır ki, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Rusiyanın Azərbaycana silah satmasını təhlükəli adlandırıb, xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə Rusiyaya ümid etməyin mənasız olması kimi ritorik bəyanatlar verib. Lakin bu açıqlamalar erməniləri qane etmir. Onlar Serj Sarkisyanın sərt reaksiya verməsini tələb edir. Sayt yazır ki, əslində Serj Sarkisyan Vladimir Putinə hər hansı reaksiya verməkdən qorxur: "Lakin bu qorxu sadəcə hakimiyyəti itirməklə yekunlaşmır. Prezident Sarkisyan da daxil olmaqla, bütövlükdə hakimiyyətimiz fiziki məhvolmadan qorxur. Lakin onları xalq məhv etməyəcək. Onlar qorxurlar ki, ölüm hökmü Kremldə çıxarılacaq".
Rusiyanın "Rosbalt" agentliyi isə Azərbaycanın ərazilərini azad etmək üçün yeni müharibəyə hazır olduğunu, Ermənistanın isə bu müharibədə Azərbaycanla bacarmaq iqtidarında olmadığını yazır: "Azərbaycanın Rusiyadan aldığı silahların növbəti partiyasının Bakıya çatdırılması İrəvanda qəzəb doğurdu. İndi münaqişə qaçılmazdırmı və Ermənistan yeni "təhlükəsizlik zaminləri axtarmağa" başlayacaqmı?!
Azərbaycan hərbi cəhətdən Ermənistandan çox üstündür. Bu günlərdə Rusiyadan Bakıya gətirilən silahlar və bu silahların ən yeni hərbi texnika olması Bakının gücünü daha da artırır. Hərbi texnika arasında xüsusilə "Xrizantema S" raketləri diqqət çəkir. "Xrizantema-S" kompleksi BMP-3 piyada döyüş maşınının bazasında yığılıb. "Xrizantema-S" döyüş mövqeyini cəmi 20 saniyədə alır. Bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki "Xrizantema" raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik, iki raket eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər. Bu raket kompleksinə "Tank qatilləri" də deyilir. Azərbaycanın Müdafiə Nazirliyi yeni hərbi texnikaların cəbhə bölgəsinə göndəriləcəyini açıqlayıb.
İndi İrəvanda soruşurlar: "Bu necə ola bilər?". Hərçənd, onlar çoxdan Rusiya və Azərbaycan arasında silah satışı üzrə sazişin imzalandığını bilirlər. Lakin baş vermiş fakt həmişə onları heyrətləndirir. Ermənistanı ən çox narahat edən "Xrizantema-S" raket-kompleksləridir. Erməni ekspertlər danışırlar ki, Azərbaycan Rusiyadan əlavə olaraq 100 ədəd T-90 tankı almaq niyyətindədir. Bununla yanaşı, İsraildən tank əleyhinə çoxfunksiyalı "Spayk" raket-komplekslərini alır. Və bu, qızğın silahlanmanı göstərir. Erməni cəmiyyəti ölkə hakimiyyətinə Rusiya ilə münasibətlərə yenidən baxmaq haqda çağırışlar edir, həmçinin, Azərbaycana silah satmayan yeni müttəfiqlər tapılmasının vacibliyi haqda danışırlar. Lakin Rusiyadan başqa kim Ermənistana "İsgəndər" və "Qasırğa" tipli raketlər verəcək, özü də daxili qiymətlərlə? Ermənistanın bəzi siyasi dairələri hesab edir ki, onlara Qərb kömək edəcək, buna görə də Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin imzalanmasını sürətləndirmək lazımdır. Amma onlar anlamalıdır ki, Ermənistan üçün heç kim vuruşmayacaq. Azərbaycan üçün isə ən azından Türkiyə döyüşəcək". Agentlik əlavə edir ki, Ermənistan üçün uğursuz vəziyyət formalaşır. Bunu "kavkazplyus" saytı da xüsusi olaraq vurğulayır. Sayt yazır ki, hərbi texnika ilə yanaşı, şəxsi heyətin say və döyüş qabiliyyəti baxımından da Ermənistan böyük fərqlə Azərbaycana uduzur: "Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində yalnız yaşlı insanlar yaşayır. Gənclər Qarabağ müharibəsində xaraba qalmış bu əraziləri tərk edib".
Sayt qeyd edir ki, vaxtilə bu ərazilərdə əhali sıx şəkildə yaşayırdı: "İndi isə heç bir yerdən uşaq səsi eşidilmir, yalnız qocalar qalıblar. Erməni gənclər, həmçinin orta nəslin nümayəndələri işğal edilmiş Qarabağda və digər ərazilərdə yaşamaqdan imtina edir. Vaxtilə burada yaşayanlar da İrəvana köçür, yaxud xarici ölkələrə gedirlər. Heç bir infrastuktur yoxdur, yollar dəhşətli vəziyyətdədir, nəqliyyat işləmir. Yalnız pensionerlər ölməməyə bəs edəcək qədər olan pensiya alır və həyatyanı sahələrdə işləyirlər".
Sayt vurğulayır ki, rejimin təbliğatına baxmayaraq, insanlar anlayır ki, heç bir işğal sonsuza qədər davam etməyəcək: "İnsanların bölgəni tərk etməsinin səbəbi təkcə cəbhədəki döyüşlərdən bezmələri və ağır sosial həyat yox, həm də bu ərazilərin beynəlxalq hüquq tərəfindən Azərbaycana məxsus olduğunun tanınmasıdır. Hakimiyyət güclü təbliğat kampaniyası aparır, lakin sadə ermənilər anlayır ki, işğal davam etməyəcək və ərazilər geri qaytarılacaq". Bildirilir ki, belə şəraitdə ermənilər Qarabağda hərbi xidmətə getməkdən də imtina edir.
Bu arada qeyd olunan məsələ ilə bağlı maraqlı bir məlumat yayılıb. Ermənistan prokurorluğunun 2016-c il üzrə fəaliyyətinə dair proqramda qeyd edilir ki, 12698 nəfər Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Bildirilir ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, Ermənistanda 10741 nəfər hərbi xidmətdən yayındığı üçün barələrində axtarış elan edilib. Erməni mediası isə etiraf edir ki, gənclərin kütləvi şəkildə ordudan yayınmasının əsas səbəbi məhz Qarabağ münaqişəsidir.
Bununla yanaşı, ermənilərin son dövrlərdə xüsusi diqqət yetirdiyi dah bir məqam Azərbaycan Ordusunun bir-birinin ardınca keçirdiyi təlimlərdir. Hesab edilir ki, bu təlimlərlə erməni tərəfinə konkret mesajlar verilir. Yeri gəlmişkən qeyd edək ki, belə bir vaxtda Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimləri keçirilir. Zenit raket, artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanıb.
Bölmələr döyüş tapşırığı aldıqdan sonra hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, maket üzərində qarşılıqlı əlaqə və hava hücumundan müdafiə tapşırıqlarının yerinə yetirilməsinə dair qərar qəbul olunub. Marş zamanı yerdəyişmə həyata keçirən bölmələrə şərti düşmənin basqını dəf edilib, kolonların təyinat rayonlarına təhlükəsiz hərəkəti təmin edilib. Təlimin döyüş atışlı mərhələsində hərəkətdən atəş və start mövqeləri tutulduqdan sonra düşmənin hava və yerüstü hədəfləri "Strela 3" daşınan zenit raket kompleksi və 23 millimetrlik zenit qurğuları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən 120 millimetrlik minaatan heyətləri də cəlb olunub. Erməni politoloq Ara Papyan hesab edir ki, Azərbaycan belə hərbi təlimlərlə Ermənistana psixoloji təzyiq göstərməyi hədəfləyir və istəyinə nail olur: "Deyə bilərik ki, Bakı buna nail olur, xüsusilə erməni cəmiyyətində ciddi qorxular yaranır. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, münaqişədə ədalətin güc yolu ilə təmin olunması variantı hər an gündəmdədir. Hesab edirəm ki, ordunu daim bu varianta hazır vəziyyətdə saxlayır". Bütün bunlar fonunda isə ermənilərin böyük əksəriyyətinin əsas istəyi hərb olmadan danışıqlar yolu ilə Qarabağ konfliktinin həllini tapmasıdır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.