Qətər hadisələrindən sonra ABŞ və İran arasında münasibətlərin gedərək daha da gərginləşməsi müşahidə olunur. Son vəziyyət göstərir ki, Qətər hadisəsi İranla ABŞ-ın yeni ziddiyyət nöqtəsinə çevrilib və belə vəziyyət tərəflərin münasibətlərini hərb müstəvisində aydın etmə ehtimalını daha da artırır. Hazırda tərəflər bir-birini terrora dəstəkdə ittiham edir. ABŞ prezidenti Donald Trampın belə vəziyyətdə İran və Qətəri terroru dəstəkləməkdə ittiham etməsinə Tehran sərt reaksiya verib.
Xatırldaq ki, daha əvvəl İranı terroru dəstəkləmədə ittiham edən Tramp bu günlərdə bəyan edib ki, Qətər tarixən terrorizmin sponsoru olub, buna son qoymaq lazımdır: "Biz terrorizmin maliyyələşdirilməsinə son qoymalıyıq. Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar ekstremist ideologiyaya sponsorluğu dayandırmalıdır". Bu məsələdən sonra Tehran bəyan edib ki, Vaşinqton İŞİD terror təşkilatına birbaşa dəstək göstərir. İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Müstafa İzadi bu xüsusda deyib: "İslam inqilabı lideri Əli Xamneyinin bundan əvvəl dediyi kimi, bizdə İslam ölkələrini xaraba qoyan və kütləvi qətl və toqquşma dalğası yaradan bu iyrənc cərəyanın, İŞİD-in Amerika imperializmi tərəfindən birbaşa dəstəklənməsini sübut edən sənəd və məlumatlar var". ABŞ isə, öz növbəsində, cavab olaraq İranı daha sərt formada hədələməyə başlayır. ABŞ dövlət katibi Reks Tillerson İranın regiondakı fəaliyyətinin artıq ciddi təhdid yaratdığını bildirir. Rəsmi Tehranı sabitliyi pozmaqda günahlandıran Tillerson ABŞ hökumətinin İranın bölgədəki hegemonluğuna qarşı ilk addımlarını atmağa başladığını bildirib: "Bizim İranla bağlı xarici siyasətimiz formalaşmaqdadır və hələlik prezidentə təqdim edilməyib. Lakin bir şeyi bildirməliyəm. O da budur ki, bizim İranın bölgədə çaxnaşmanın qızışdırılması istiqamətində apardığı fəaliyyətdən və rolundan xəbərimiz var. Tehranın regiondakı hegemonluğunun qarşısını almaq və onun nüvə silahlarına yiyələnməsinə mane olmaq bizim Tehranla bağlı yürütdüyümüz siyasətin əsas təməllərindən biridir. Bizim siyasətimiz həm də ölkə daxilində İran rejimini dinc yollarla dəyişməyə cəhd göstərən qüvvələrə yardım etmək və onlara dəstək verməkdir". Lakin Tillerson çıxışında İran rejimini dinc yollarla dəyişməyə cəhd edən daxili qüvvələrin adlarını çəkməkdən imtina edib.
Yaranmış vəziyyəti şərh edən rusiyalı politoloq Qriqori Trofimçuk bu fonda İranda bir müddət əvvəl baş verən terror aktlarının vaxtına diqqət çəkir və qeyd edir ki, İran daxilində teraktlar ölkəni daxildən qeyri-stabilliyə sürükləməyə cəhdlə bağlı verilən aydın işarədir. O, həmçinin, teraktların simvolik və müqəddəs yerdə törədilməsinə diqqət çəkib: "Sonuncu dəfə burada situasiyanı daxildən parçalamaqla bağlı böyük cəhdə 2009-cu ildə cəsarət edilmişdi. Bu gün dünyada çox şey pisə doğru dəyişib. Üstəlik, dünyada Suriya müharibəsi gedir. Əsas məsələ odur ki, ABŞ-ın yeni administrasiyasının İrana münasibəti gözlənilmədən pisdən ən pis səviyyəsinə düşdü. Ona görə də bu gün İranı daha sərt şəkildə blokadaya almağa yardım edəcək bütün aksiyalara izn verilib. Dolayısı ilə bu, İrandan sonra bütün meydanın məhv edilməsidir. Buraya xüsusi olaraq İran haqqında öz fikrini söyləyən Qətərin blokadası da aiddir. Hər kəsə aydındır ki, İran üçün situasiya pisə doğru Ər-Riyaddakı böyük sammitdən sonra dəyişməyə başladı. Səudiyyə Ərəbistanı özbaşına İranın üzərinə yeriməyə cəsarət edə bilməzdi". Rusiyalı ekspert İranın parçalanması ssenarisinin aktivləşdirilməsini də istisna etmir: "İranın düşmənləri tərəfindən mümkün parçalanma vasitələrindən biri də millətlərarası faktordur. Hazırda ölkənin daxilində elə də sadə olmayan etnik xəritə mövcuddur. Hələlik bu rıçaq işə salınmayıb. Görünür, bunun üçün şərait yetişməyib. Bu variant ayrı-ayrı teraktlardan yüzlərlə dəfə güclü sayılır".
Bundan başqa, ABŞ İranla mümkün müharibəyə də ciddi hazırlıq görür. "Nyu York Times" nəşri yazır ki, bu durumda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "Qaranlıq şahzadə" ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən agenti Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə gətirilib.
Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea "Qaranlıq şahzadə" və "Ayətullah Mike" ləqəbləri ilə tanınır: "Onun Mərkəzi Kəşfiyyat İdarəsinin İran bölməsinin rəhbərliyinə gətirilməsi Tramp administrasiyasının İran məsələsində daha sərt addımlar atacağından xəbər verir". İran isə, öz növbəsində, ABŞ və İsraillə müharibəyə hər zaman hazır olduğunu açıq bəyan edir və buna da hazırlıq görür.
Tahir TAĞIYEV