"ABŞ rəhbərliyində Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaq siyasətçi yoxdur"
ABŞ-ın xarici siyasətinin bir hissəsi enerji ehtiyatlarına çıxışın, onların dünya bazarına çıxarılmasının və istehlakçılara tədarükünün təmin olunmasından ibarətdir. "Trend"in məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, bununla belə, ABŞ öz qarşısına enerji ehtiyatlarına nəzarət olunması məqsədini qoymayıb və hətta ABŞ-ın enerji şirkətləri ölkə hökumətinin nəzarəti altında deyil.
M.Brayza qeyd edib ki, bu strategiya çərçivəsində ABŞ Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru kəmərləri layihələrini dəstəkləyib, hazırda isə "Cənub Qaz Dəhlizi" layihəsinə dəstək göstərir.
Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, xalqların öz müqəddaratını etmə hüququ nəzərə alınmaqla, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
M.Brayza qeyd edib ki, münaqişə tərəfləri arasında etimad yoxdur: "Tərəflər bir-birinə inanmır. Bu da nizamlanmanın əldə olunmasına maneçilik törədir. Buna nail olmaq üçün çətin kompromislər tələb olunur".
Ekspert bildirib ki, yeganə yol ABŞ və Rusiyanın Aİ-nin iştirakı ilə münaqişə tərəflərinin rəhbərliklərinə problemin həllində siyasi dəstək göstərməsi ola bilər: "Dağlıq Qarabağ ABŞ və Rusiyanın ümumi mövqeyə malik olduğu və birgə fəaliyyətə hazır olduğu azsaylı məsələlərdən biridir".
Keçmiş səfir deyir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın iqtisadi inkişafına və regionun təhlükəsizliyinə mane olur. Onun sözlərinə görə, qoşunların qarşıdurma xəttində silahlı toqquşmaların bərpa olunması nə Azərbaycanın, nə də Ermənistanın marağındadır.
Keçmiş səfir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya və ABŞ prezidentlərinin iştirakı ilə mümkündür: "Onlar bu münaqişəni Rusiya və ABŞ arasındakı münasibətlərin gündəliyinə daxil etməlidir. Amma indi münasibətlər lazımi səviyyədə deyil. Həmsədrlər işini davam etdirir, ümumi dil tapmağa çalışır, amma prezidentlər səviyyəsində bu məsələyə diqqət yetirilməsə, hər hansı bir irəliləyiş olmayacaq".
"Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir irəliləyiş olmadığı barədə düşüncə doğru deyil". APA-nın xəbərinə görə, bunu da M.Brayza deyib.
M.Brayza bildirib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı: "Bu, yeganə işlək sənəddir və münaqişənin həllində fundamental balans yaradır. Problem odur ki prezidentlər bir-birinə etibar etmir. Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur".