Vüqar Qədirov: "Ermənistanın forumda iştirakdan yayınması onun əsl simasını bir daha açıb ortaya qoymuş oldu"
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ mövzusu Bakıda keçirilən forumun bütün iştirakçılarına məlumdur: "Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistan nümayəndələrini də dəvət etmişdik, bu istiqamətdə danışıqlar aparılırdı. Ancaq onlar hazırda dialoqa hazır deyil".
Nazir bildirib ki, dünyada münaqişələrin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər: "Biz istərdik ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll edilsin. Amma bir dövlət ki, BMT-nin qətnamələrinə riayət etmir, onları yerinə yetirmirsə, bu onların dialoqa hazır olmamağından xəbər verir".
Qeyd edək ki, Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək forum çərçivəsində Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə UNESCO kafedralarının 2-ci Akademik forumu və UNESCO-nun İpək Yolu "Onlayn" Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilib.
Ermənistanın belə tədbirdən yayınması nə ilə bağlıdır?
Ekspert Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, Bakıda keçirilən tədbirin mahiyyəti dünyada dialoq yaratmaq, mədəniyyətlərarası münasibətləri daha yaxşı formata salmaqdan ibarətdir: "Azərbaycan artıq bu sahədə örnək olan bir ölkəyə çevrilib. Bu tip tədbirlərin davamlı olaraq Bakıda keçirilməsi buna bir daha sübutdur. Azərbaycanın özü bir ölkə kimi ərazi bütövlüyünün təmin olunmaması ilə bağlı ciddi problem yaşayır. Buna baxmayaraq, uzun illərdir problemin sülh yolu ilə həll edilməsinə çalışır. Digər münaqişə tərəfi olan Ermənistan isə bu prosesdən yayınır, qeyri-konstruktivlik göstərir. Bakıda keçirilən forum zamanı baş verənlər Ermənistanın niyyətini bir daha ortaya qoymuş oldu. Sübut olundu ki, Azərbaycan bəşəri dəyərlərə sadiq bir ölkədir. Ermənistan isə dialoqa meylli olmadığını bir daha bütün dünyaya sübut etdi. Ermənistanın forumda iştirakdan yayınması onun əsl simasını bir daha açıb ortaya qoymuş oldu".
Məhəmmədəli QƏRİBLİ