Yeganə Hacıyeva: "Bu da qanunsuz fəaliyyət sayıldığı üçün, missiyanın fəaliyyəti dayandırılmalıdır"
Yaxın aylarda ATƏT-in İrəvan ofisinin bağlanması planlaşdırılır. Belə bir məlumatı Ermənistan KİV-i yayıb. Qeyd olunur ki, bunu ATƏT-in baş katibinin ofisindən bildiriblər. ATƏT-in mərkəzi mənzil-qərargahından verilmiş cavabda deyilir: "Almaniyanın sədrliyi dövründə 2016-cı ildə ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı dalana dirənmiş vəziyyətin həlli ilə bağlı səyləri izləyərək, Avstriyanın sədrliyi də bütün müvafiq tərəflərlə məsləhətləşmələrlə məşğuldur.
Bildiyiniz kimi, aprelin 21-22-də Avstriyanın keçmiş prezidenti Haynts Fişer Yerevanda və Bakıda olub, vəziyyətdən çıxış yollarını öyrənib. Bu səfərdən sonra daha bir güzəşt mətni ümid etməyə əsas verirdi ki, bütün açıq problemlər həll edilə bilər. Lakin çoxsaylı görüşlər və qeyri-rəsmi müşavirələr, iştirakçı ölkələrin səyləri heç bir nəticə vermədi.
Sədrlik hazırda Baş Katibliyə müraciət edib ki, o yaranmış status-kvo ilə əlaqədar bütün təfərrüatları nəzərə alsın.
Cənubi Qafqazda təhlükəsizliyin bütün istiqamətləri üzrə dəstəyi və əməkdaşlığı davam etdirmək üçün ATƏT-in iştirakının bütün alternativ variantları öyrəniləcək".
Erməni mətbuatı ATƏT-in İrəvan ofisinin bağlana biləcəyini Azərbaycanın şikayəti ilə əlaqələndirir. Əslində vəziyyət necədir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, hələlik ATƏT-lə Ermənistan arasında İrəvan ofisinin fəaliyyətinin davam etdirilməsinə dair konsensus əldə olunmayıb: "Ofisin fəaliyyəti ATƏT-in İrəvan ofisinin mandatının uzadılmasına dair konsensus əldə olunana qədər bir müddət qeyri-müəyyən qalacaq.
Analoji situasiya ATƏT-in Özbəkistan və Qırğızıstandakı ofisləri ətrafında da yaranıb. Mövcud praktikaya görə, milli ofislərin fəaliyyət mandatının uzadılması hər il iştirakçı ölkə ilə ATƏT arasında əldə olunan konsensusla tənzimlənir. Qeyd edim ki, ATƏT-in İrəvan ofisi bu təşkilatın son vaxtlara qədər regionda yeganə tamhüquqlu ofisi idi. ATƏT-in Bakı ofisinin fəaliyyəti 2015-ci ildə dayandırılıb.
ATƏT-in İrəvan ofisinin birdən minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması şifahi razılaşmanı şübhə altına qoydu. Azərbaycan haqlı olaraq Ermənistanda belə layihəyə ehtiyac məsələsi barədə sorğu-suallar qaldırıb. Belə ki, Ermənistan-Azərbaycan müharibəsi dövründə Ermənistan ərazisi hərbi əməliyyatlar meydanı olmayıb.
ATƏT-in İrəvan ofisinin məlumatı təsdiq edir ki, ofisin minalardan təmizləmə üzrə fəaliyyəti birbaşa Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır və ofisdən yardım alan tərəflərin fəaliyyətinin coğrafi dairəsi Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edir. Beləliklə, Ermənistan tərəfi ATƏT-in İrəvan ofisinin mandatının qeyri-müəyyənliyindən sui-istifadə edib. Bu da qanunsuz fəaliyyət sayıldığı üçün, missiyanın fəaliyyəti dayandırılmalıdır".
Məhəmmədəli QƏRİBLİ