Vəfa Heydərli: "Ermənistan yeni arqument tapa bilmir və mövqeləri çox zəifləyib"
"Ermənistan tərəfi özünü yenə də konstruktiv apara bilmir, vaxtı uzatmağa, status-kvonu saxlamağa var qüvvəsilə cəhd göstərir. Mənim təəssüratım, məndə olan məlumat budur". Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə deyib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan və Rusiya tərəfindən müəyyən təzyiqlər göstərilməsinə baxmayaraq, Ermənistan hələ ki, öz mövqeyini dəyişmək istəmir: "Bu da görünür ki, Ermənistan rəhbərliyinin, Sarkisyanın, Nalbandyanın maraqlarına uyğun gəlir. Onlar hələ də başa düşə bilmirlər ki, tamamilə səhv yoldadırlar və bu yol onları hara aparıb çıxarır? Bunun haqqında düşünməklərinin artıq vaxtı gəlib çatıb".
Göründüyü kimi, dövlət rəsmisi Azərbaycanla yanaşı, Rusiyanın da Ermənistana təzyiqlər etdiyini bildirir. Bunu nə dərəcədə inandırıcı saymaq olar?
Politoloq Vəfa Heydərlinin sözlərinə görə, Ermənistanda siyasi vəziyyət gərgindir, Sarkisyanın hakimiyyəti təhlükə qarşısındadır: "Qərb Rusiyanın fəallığının artdığını görüb narahat olur və təşəbbüsü ələ almağa çalışır. Müxtəlif mənbələrdən mətbuata verilən məlumatlara görə, Rusiya son vaxtlar Ermənistana təzyiq göstərərək onun diqqətini bir məsələyə yönəldir. Belə ki, Ermənistan tərəfi köhnə və əsassız arqumentlərlə çıxış edir. O arqumentlər Qorbaçov dövründə öz siyasi effektini vermişdi. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində deyirdilər ki, bu torpaqlar tarixən ermənilərin olub və biz milli müstəqillik istəyirik. İndi bu tələblər köhnəlib və öz təsirini itirib. Bütün xalqlar bu arqumentdən çıxış etsə, bütün dünyada xaos yaranar və müharibələr baş verər. Ona görə də Ermənistan yeni arqument tapa bilmir və mövqeləri çox zəifləyib. Bu səbəbdən də özünü kompromis tərəfdarı kimi göstərir. Digər tərəfdən, Ermənistanda daxili vəziyyət gərgindir. Hansısa ciddi hərəkət hakimiyyətdəki qüvvələrin mövqeyini laxlada bilər. Rusiya bu vəziyyətdən istifadə edib Ermənistana təzyiqləri artırır. Ancaq Ermənistanın hətta Rusiyanı eşitməməsi Moskvanın imicinə ciddi zərbə vurmuş olur.
Rusiyada belə bir anlayış var ki, münaqişənin dinc yolla tənzimlənməməsinin əsas günahkarı Ermənistandır. XİN rəhbəri Sergey Lavrov Azərbaycan mətbuatına açıqlamasında bildirmişdi ki, tərəflər yenilənmiş Madrid Prinsipləri və ya Sankt-Peterburqda əldə edilmiş razılaşmaları qəbul edərsə, əsas fikir ayrılığı hansı ardıcıllıqla reallaşmasında olacaq. Ermənilər isə deyir ki, Dağlıq Qarabağın statusu müəyyən edilməlidir. Ermənistan prezidenti Serj Sarkisyan xarici KİV-ə müsahibəsində deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmağa hazırdır. Amma Sarkisyan bildirib ki, gərək razılaşma sənədinin birinci maddəsində Qarabağın statusu müəyyən edilsin. Göründüyü kimi, Ermənistan bu məsələdə Rusiyanı da aldatmış olur və hər cür kompromisdən qaçır. Düşünürəm ki, Rusiya bundan sonra Ermənistana qarşı daha sərt üsullara əl ata bilər".
Məhəmmədəli QƏRİBLİ