Ramiz Tağıyev: "Hesab edirəm ki, bu faktor forumun mötəbərliyinə xüsusi rəng qatır"
Məlum olduğu kimi, Bakı 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Forum Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində artıq 4-cü dəfədir təşkil olunur.
Azərbaycan tərəfinin təklifi ilə forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşünün də keçirilməsi diqqətəlayiqdir. Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Forumun personal tərkibi də çox cəzbedicidir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, UNESCO, İSESCO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edir.
Belə personal tərkibin olması forumun mötəbərlik göstəricisinə necə təsir edir?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, forum dünya üçün olduqca vacib əhəmiyyət daşıyır: "Bu gün müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürüləndən bu prosesə qatılmışam. Bu forum mədəniyyətlər arasında dialoqun qurulmasına vacib töhfə verir. Hər il Bakıda təşkil olunan forum öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu, öz növbəsində, mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişafın yayılması prosesinə öz töhfəsini verəcək. Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq. Foruma dəvət olunan şəxslərin personal tərkibi isə olduca rəngarəngdir. Hesab edirəm ki, bu faktor forumun mötəbərliyinə xüsusi rəng qatır".
Məhəmmədəli QƏRİBLİ