Avropanın ardınca ABŞ da Türkiyəyə qarşı heç də müttəfiqlik şərtlərinə uyğun münasibət sərgiləmədiyini gedərək daha açıq şəkildə nümayiş etdirir. Belə ki, ABŞ Türkiyəyə qarşı silahlı mübarizə aparan terrorçu qüvvələrə hərbi yardımlarını genişləndirir. Türkiyənin "Haber7" kanalı belə bir vaxtda Suriya Yerli Koordinasiya Komitəsinə istinadən çox maraqlı bir məlumat yayıb. Burada ABŞ hökumətinin PKK terror təşkilatına növbəti dəfə hərbi yardım etməsi faktının üstü açılıb. Bildirilir ki, ABŞ-a məxsus 48 hərbi maşın və 250 hərbçidən ibarət hərbi avtomobil karvanı PKK-ya müasir silah-sursat və zirehli texnika təhvil verib.
Suriya Yerli Koordinasiya Komitəsi silahların sayını da açıqlayıb. Məlumata görə, ABŞ hökuməti İraq, Suriya və Türkiyə sərhədlərinin kəsişmə nöqtəsində yerləşən Malikiye strateji bölgəsində PKK və onun bir qolu olan PYD terrorçularına ümumilikdə 22 TIR silah-sursat və hərbi avtomobillər göndərib. ABŞ-ın göndərdiyi hərbi yardımlar Suriya-İraq sərhədindəki Semalka sərhəd keçid məntəqəsindən ölkəyə daxil olub.
Məlumatda qeyd olunur ki, dəyəri 1 milyarda yaxın olan hərbi texnikalar və silah-sursat artıq Malikiyedə terrorçulara təhvil verilib. Qeyd edək ki, rəsmi Ankara PKK və PYD-ni terrorçu qruplaşma sayaraq, ABŞ-dan onlara silah-sursat yardımı etməməyə çağırır. ABŞ isə bu qüvvələrdən terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə etdiyini bildirir. Xatırladaq ki, daha öncə Türkiyə bir terror qrupuna qarşı mübarizədə digər terror şəbəkəsindən istifadəni pisləmiş və ABŞ-a etirazını bildirmişdi. Digər tərəfdən reallıqda ABŞ-ın bu təşkilatlara ötürdüyü silahlar Türkiyəyə qarşı istifadə olunur.
Qeyd edək ki, Türkiyənin bir müddət öncə Şimali İraq və Suriyaya endirdiyi hava zərbələrindən sonra ABŞ yüksək rütbəli zabitinin bombalanan ərazilərdə olması birmənalı qarşılanmamışdı. Elə bundan sonra ABŞ Türkiyəyə qarşı olan terrorçu qruplaşmalara silah yardımını əhəmiyyətli dərəcədə artırıb. Bundan başqa, ABŞ hərbçiləri Suriya ərazisində PKK qüvvələri ilə birgə görünməyə də başlayıb. Elə bu fonda Türkiyə prezidentinin müşaviri İlnur Çevik Amerikanın Suriyada olan xüsusi təyinatlı qüvvələrini "təsadüfən" zərbələr endirməklə hədələyib. Müşavir bunu Türkiyə-Suriya sərhədində ABŞ ordusu ilə kürd özünümüdafiə dəstələri arasındakı qarşılıqlı fəaliyyətin neqativ hallara yol açması ilə izah edib: "Orada Amerika hərbi texnikasının olması gözümüzdən yayına bilər. Qəflətən, tamamilə təsadüfən bir neçə raket ora düşə bilər".
Məşhur "The Telegraph" qəzeti isə yazır ki, ABŞ qoşunları ilk dəfə olaraq Türkiyə-Suriya sərhədi boyunca patrul keşiyi çəkməyə başlayıb. Bildirilir ki, bu, Türkiyə Suriyanın şimalında ABŞ-la müttəfiqlik edən kürd döyüşçülərin mövqelərinə hava zərbələri endirəndən dərhal sonra baş verib. Qəzet yazır ki, Türkiyə ötən həftə YPG-nin mövqelərinə hava zərbələri endirib və bunun nəticəsində ABŞ-a müttəfiq olan çox sayda döyüşçü həlak olub. Zərbələr nəticəsində ən azı 25 döyüşçünün ölməsi Türkiyənin NATO müttəfiqi olan Vaşinttonu qəzəbləndirib: "ABŞ YPG-ni İŞİD-ə qarşı mübarizədə özünün əsas döyüşən müttəfiqi sayır. Hazırda xüsusi qüvvələrdən olan 500 Amerika hərbçisi Suriya Demokratik Qüvvələrinə (SDQ) Suriya torpağında dəstək verir. Ötən həftəsonu Amerikanın zirehli texnikası Suriyada Türkiyə ilə həmsərhəd bölgədə görünüb və Vaşinqton bu çox qeyri-adi hərəkəti ilə Türkiyəni kürdlər üzərinə gələcək mümkün zərbələrdən çəkindirəcəyinə ümid edir. Amma Ankara geri çəkilməyi düşünmür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hava zərbələrinin təkrar olunacağı ilə hədələyib: "Biz gecənin bir aləmində gözlənilmədən gələ bilərik. Biz terrorçu qüvvələrə əvvəlcədən xəbərdarlıq etməyəcəyik və Türkiyə Silahlı Qüvvələri hər an gələ bilər. Hərbi karvanlarda YPG nişanları ilə yanaşı Amerika bayraqlarını da görmək Türkiyəni ciddi şəkildə kədərləndirib".
"The Telegraph" yazır ki, ABŞ hərbçiləri Türkiyə hava zərbələrini endirərkən hədəfdən bir neçə kilometr aralı idilər və Ankara ABŞ-a zərbələrə cəmi 52 dəqiqə qalanda xəbərdarlıq etmişdi: "Türkiyə prezidenti bunu da əlavə edib ki, məsələni mayın 16-da Vaşinqtona səfəri zamanı prezident Donald Trampla söhbətində qaldıracaq. O, həmçinin, ABŞ hərbiyyəsi ilə YPG arasında koordinasiyaya son qoyulmasına çağırıb. ABŞ-la YPG arasında əlaqələndirmə Barak Obamanın vaxtında başlanıb. Donald Tramp seçki kampaniyası zamanı bu siyasətə yenidən baxacağını vəd etsə də, vəziyyət dəyişməyib". Qəzet xatırladır ki, Türkiyə İŞİD cihadçılarını və kürd döyüşçüləri Suriyanın şimal bölgələrindən çıxarmaq üçün 2016-cı ildə bu ölkəyə hərbi müdaxilə etmişdi: "Məqsəd Türkiyə və yarımmuxtar kürd əraziləri arasında bufer zonasının yaradılması idi. Beynəlxalq Böhran Qrupunun son hesabatında deyilir ki, Suriya böhranı ABŞ qarşısında YPG dilemması qoyub. Qurum bildirir ki, YPG özünü İŞİD adlandıran təşkilatla mübarizədə "əvəzsiz" qüvvədir. Lakin digər tərəfdən, ABŞ belə bir fakta da göz yuma bilməz ki, əslində PKK tərəfindən təlimləndirilmiş silahlı qüvvəyə dəstək verir. Bu həmin PKK-dır ki, ABŞ-ın NATO müttəfiqi olan Türkiyəyə qarşı qiyamı davam etdirir. Beynəlxalq Böhran Qrupu xəbərdarlıq edir ki, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq hava zərbələrini davam etdirməsi hadisələrin çox təhlükəli inkişafı sayıla bilər". Təhlükəli inkişaf isə əslində Suriyada ABŞ-Türkiyə müharibəsinin başlanması deməkdir və burada əsas günahkar qismində də ABŞ çıxış edir.
Tahir TAĞIYEV