Məhəmməd Əsədullazadə: "Qərbin əsas hədəfi Rusiya və İranı regiondan sıxışdırmaqdır"
Suriyada təhlükəsiz zonaların yaradılmasına dair əldə olunan razılaşma mayın 5-də qüvvəyə minib. Razılaşma mayın 4-də Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İran arasında əldə olunub. Tərəflər Suriyada 4 müxtəlif yerdə təhlükəsiz zonanın yaradılması məsələsində ortaq məxrəcə gəlib. Bu zonalar İdlib, Homs vilayətlərində, Quta şəhərində və Suriyanın cənubunda olacaq. Razılaşmaya əsasən, təhlükəsiz zonalar 6 ay müddətində yaradılmalıdır.
Sözügedən bölgələrdə heç bir silahdan istifadə olunmayacaq. Təhlükəsiz zonalarda infrastruktur bərpa olunacaq və bu bölgələrdə humanitar qurumlar fəaliyyət göstərəcək. Razılaşmanın icrası evlərindən qaçqın düşən insanların yenidən doğma yurdlarına qayıtmasına imkan yaradacaq. Suriyanın xarici işlər naziri ölkədə təhlükəsiz zonaların yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib. Həmçinin, müxalif qüvvələr də Astana razılaşmasına dəstəyini ifadə edib.
Bununla belə, müxalifət İranın sülh zəmanətçisi rolunu təkzib edib. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı da razılaşmanı alqışladığını bəyan edib. Məlumat üçün onu da qeyd edək ki, Suriya münaqişəsində Rusiya ilə İran Suriya hökumətini, Türkiyə isə Suriya müxalifətini dəstəkləyir. Belə olduğu halda, əldə olunan razılaşma nə dərəcədə dayanıqlı ola bilər?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, nikbinliyə o qədər də əsas yoxdur: "Mayın 3-4 Astanada keçirilən növbəti Suriya müzakirələrində Rusiya, Türkiyə və İran əsas rol oynayır. ABŞ-ın dəvət aldığı konfransda Rusiyanın Suriyanı 4 təhlükəsiz zonaya bölmək planı iştirakçı ölkələr tərəfindən qəbul edildi. Suriya silahlı müxalifəti tərəfindən memorandumun qəbul edilməməsi yenidən sülh müzakirələrinə kölgə salmış olur. Qeyd edim ki, Rusiyanın 4 təhlükəsiz zona planı əsasən Əsəd rejiminin hakimiyyətini saxlamaqla, regionda qalıcı planın tərkib hissəsidir. Üç ölkənin koordinasiyalı şəkildə fəaliyyət göstərdiyi və qəbul etdiyi plana ABŞ və Qərb isti yanaşmır. Bu isə belə bir planın da növbəti atəşkəsə və sülhə gətirməyəcəyini deməyə əsas verir. ABŞ, birmənalı şəkildə, Əsədin hakimiyyətdən getməsi məsələsin ortaya qoyub. Türkiyə də bununla razıdır. ABŞ növbəti dəfə Suriyaya qarşı hərbi əməliyyatlara start verərsə, Türkiyə ABŞ-ı dəstəkləyəcək. Nəticədə Türkiyə, Rusiya və İranın üçlük planı növbəti dəfə fiaskoya uğrayacaq. Qərb Rusiya və İranın bütün plan və təkliflərinin əleyhinədir. Çünki Qərbin əsas hədəfi Rusiya və İranı regiondan sıxışdırmaqdır. Suriyada sülh və təhlükəsizlik onda qüvvədə olar ki, ABŞ da bu plana dəstək verib Əsədin getməsini tələb etməsin. Hazırda Suriyada bundan sonra sülhün əldə olunması real görünmür. Növbəti döyüşlər müəyyən mərhələyə qədəm qoyacaq. Nə qədər ki, Rusiya Əsədi dəstəkləyib hakimiyyədə saxlayırsa, Suriyanın ərazi bütövlüyü qorunacaq. Suriyanın Əsədsiz gələcəyi isə bölünüb parçalanmaqdır. İraq presedenti burada təkrar olunacaq. ABŞ prezidenti Tramp çalışır ki, Əsədin taleyini Rusiya ilə danışıqlar yolu ilə həll etsin. Bu danışıqlar Tillerson və Lavrov tərəfindən həyata keçirilir. Rusiya mövqeyində israrlı olacaqsa, ABŞ-ın Suriyaya növbəti hücumları baş verəcək".
Vidadi ORDAHALLI