Vüqar Qədirov: "Separatçıları AŞ PA zalına dəvət etmək daha bir absurdun, həyasızlığın göstəricisidir"
AŞ PA Monitoriq Komitəsinin rəhbəri, avstriyalı deputat Steffan Şennak Ermənistan mətbuatına açıqlamasında bildirib ki, onlar Dağlıq Qarabağdakı qondarma qurumla açıq əməkdaşlıq etmək niyyətindədir: "Biz AŞ PA-nın alt komitələrində konfliktlə bağlı keçirilən müzakirələrə Dağlıq Qarabağın nümayəndələrini dəvət etməyi planlaşdırırıq. Artıq bu sahədə Dnestryanı, Abxaziya ilə bağlı təcrübəmiz var".
AŞ PA Monitorinq Komitəsi rəhbərinin bu açıqlamasını necə dəyərləndirmək olar?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, bu artıq AŞ PA adlı qurumun yolundan sapdığını göstərir: "Türkiyə ilə bağlı qəbul edilən qərar bunu təsdiq etmişdi. Biz dəfələrlə bəyan edirik ki, ikili standartlardan ciddi əziyyət çəkirik. Özü də məhz əksər Avropa təsisatlarının əlindən. AŞ PA kimi qurumun Monitorinq Komitəsinə rəhbərlik edən şəxs separatçıları işğal olunmuş torpaqlardan qovmaq əvəzinə, onlara daha ciddi auditoriyaların qapısını açır. Separatçıları AŞ PA zalına dəvət etmək daha bir absurdun, həyasızlığın göstəricisidir. Yəqin ki, bununla bağlı Azərbaycan nümayəndə heyətinin mövqeyi daha sərt olmalıdır. Çünki belə bir addımın atılması bizə qarşı edi biləcək ən böyük təxribatdır. Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda tərəflər tam müəyyənləşib. Daim danışıqlarda Azərbaycanla Ermənistan iştirak edir və paritet əsaslarla oranın azərbaycanlı və erməni icmaları da prosesə qatıla bilər. AŞ PA Qarabağın hər iki icmasının çağırılmasını deyil, məhz separatçı qurumun rəhbərliyinə qucaq açmağı planlayır. Bunun heç bir hüquqi əsası yoxdur".
Məhəmmədəli QƏRİBLİ