Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) ölkəmizin əsas müttəfiqi olan Türkiyəyə qarşı məlum qərəzli mövqeyi onun özü üçün də ciddi problemə çevrilmək iqtidarındadır. Əvvəla, yaranmış durum Avropa Şurasına olan etimadı, onun nüfuzunu ciddi sual altına alır. İkinci bir tərəfdən, qurumda islamofobiya və türkofobiya meyllərinin artıdığını göstərir. Üçüncüsü də AŞ PA-nın Türkiyə əleyhinə olan qüvvələrin əlində bir alətə çevrildiyini üzə çıxarır.
Bütün bunların nəticəsidir ki, Avropada da Türkiyəyə qarşı belə qərəzli mövqedən narahat olanların sayı artır. Macarıstanın xarici işlər naziri Peter Siyarto isə sabit Türkiyənin Avropanın özünə çox lazım olduğunu vurğulayır: "Avropanın miqrasiya müqaviləsi bağlamaqla öz təhlükəsizliyini Türkiyəyə həvalə etdiyini unutmayaq. Bu müqavilə işləməsə, yüz minlərlə, bəlkə də milyonlarla miqrant Balkanın qərbi ilə Avropa İttifaqı ərazisinə gələcək. Avropanın təhlükəsizliyi Türkiyədəki sabitlikdən başlayır. Türkiyədə sabitlik bütövlükdə Avropa İttifaqının maraqlarına xidmət edir. Türkiyədə sabitliyə zərbə vuracaq istənilən şəraitdən qaçmaq lazımdır".
Ankara isə ona qarşı yönələn qərəzli münasibətlə barışmaq niyyətində deyil. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu artıq bir sıra cavab tədbirlərinin görüləcəyini bildirib. Məsələn, o qeyd edir ki, Avropa Şurası Parlament Assambleyasına edilən ödənişlər minimuma endiriləcək. AŞ PA büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu qeyd edən Mövlud Çavuşoğlu bu təşkilata qarşı bəzi digər addımların da atılacağını bildirib:"İlk öncə bu ödənişi minumuma endirəcəyik. AŞ PA-ya heyət göndərmək məsələsini hələ müzakirə edirik. Keçmişdəki kimi yaxın əməkdaşlıq olmayacaq. Başqa sanksiyalar da olacaq. Bunu bilsinlər ki, qəbul etdikləri qərara görə peşman olacaqlar". Çavuşoğlunun sözlərinə görə, Türkiyə keçən il AŞ PA-ya 33 milyon avro dəyərində kömək edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə demokratiyasının sual altına qoyulmasına imkan verilə bilməz. Konstitusiyaya dəyişikliklərə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrindən danışan Ərdoğan bildirib ki, bu nəticə türk xalqının seçimini əks etdirir: "Türkiyə demokratiya və hüquqi dövlət mövzusundakı qərarlılığını 15 iyulda heç bir şübhəyə yer qalmayacaq şəkildə sübut etdi. Avropa İttifaqı başda olmaqla, bəzi təşkilat və dövlətlər 16 aprel referendumunun nəticələri vasitəsilə ölkəmizdəki demokratiyanı sual altına almağa çalışır. Buna icazə verə bilmərik. Türkiyə xalqı öz iradəsi ilə bir seçim etdi. Hər kəs bu seçimə hörmət göstərmək məcburiyyətindədir".
Xatırladaq ki, Azərbaycan da Avropada Türkiyəyə qarşı edilən haqsızlığa öz narazılığını bildirib. Eyni zamanda Fransada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Strasburq şəhərində, AŞ PA binası qarşısında etiraz aksiyası keçiriblər. Paris Azərbaycan Evinin təşəbbüsü, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan mitinqdə xeyli sayda soydaşımız, o cümlədən türk icmasının təmsilçiləri iştirak edib.
Aksiyada iştirak edənlər AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına və qurumun Azərbaycana münasibətdə tutduğu qərəzli mövqeyə etirazlarını bildiriblər. Burada qeyd olunub ki, AŞ PA-nın bu qərarı təşkilatda islamofob meyllərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Azərbaycan diasporunun nümayəndələri hesab edirlər ki, AŞ PA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Aksiya iştirakçıları bəyan ediblər ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.
AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildirir ki, AŞ PA-nın sessiyasında ikili standartlar, irqçilik, islamofobiya baş alıb gedir: "Azərbaycanın maraqlarını müdafiə edən millət vəkilləri kimi biz bunu qurumun daxilində aydın görürük. Burada aparılan müzakirələr tək bizə deyil, eyni zamanda Fransada, Almaniyada yaşayan azərbaycanlılara da ciddi təsir edib. Onlar televiziya ekranlarından, beynəlxalq təşkilatların tribunalarından yüksək dəyərlərlə bağlı bəyanatlar eşidir, reallıqda isə İslama qarşı mənfi davranışın şahidi olurlar və haqlı olaraq da bundan artıq yorulublar".
Səməd Seyidov qeyd edib ki, Avropanın paytaxtlarından biri olan Strasburqda diaspor qüvvələrimizin izdihamlı etiraz aksiyası keçirilib: "Bu aksiya AŞ PA-da əyləşənlərə ciddi siqnaldır. Yəni onlar özləri üzv ölkələrin bu təşkilata inamını, etibarını, konstruktiv dialoq istəyini sındırıblar. Aksiyada səslənən şüarlar bir daha göstərdi ki, artıq heç nəyi gizlətmək mümkün deyil". Səməd Seyidov deyib ki, bu gün AŞ PA-da əyləşənlər Avropada sabitlik, əməkdaşlıq, qarşılıqlı anlaşma istəyirsə, hamıya hörmətlə yanaşmalıdır.
Nahid SALAYEV