Fazil Mustafa: "Bütün bunlar ümumiləşdirilib həll olunmalıdır"
Məlum olduğu kimi, aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri ciddi saxtakarlıq şəraitində baş tutub. Əvvəla seçkilərdə fəallıq aşağı olub. Digər tərəfdən, istər müxalifət, istərsə də beynəlxalq qurumların təmsilçiləri nəticələri ciddi tənqid edib. Bununla yanaşı, çoxsaylı və ciddi nöqsanlara yol verildiyini qeyd ediblər.
Bu onların bəyanatlarında da öz əksini tapıb. Ermənistanın keçmiş prezidenti, indi müxalif "Ermənistan Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan diktatura rejiminin seçkinin nəticələrini müəyyənləşdirən orta təbəqəni büsbütün məhv etdiyini bəyan edib. ATƏT-in seçkiləri müşahidə edən qısamüddətli missiyasının koordinatoru İqnasio Sançes Amor səslərin satın alınması, xırda bizneslə məşğul olanlara ciddi təzyiq göstərilməsi, mətbuatın hüquqlarının kobud şəkildə dəfələrə pozulmasına bilavasitə şahid olduqlarını deyib. Avropa Parlamentinin seçkiləri izləyən nümayəndə heyətinin rəhbəri Heidi Hautala bəyan edib ki, onlardakı səhih məlumatlara görə, Ermənistandakı parlament seçkiləri səslərin total şəkildə satın alınması, çoxsaylı hüquq pozuntuları, seçicilərə genişmiqyaslı təzyiqlərlə müşayiət olunub. Avropa İttifaqının Ermənistandakı parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski isə qeydə aldıqları çoxsaylı nöqsan və cinayətlərin əsasında Ermənistandakı seçkilərin mahiyyətini siyasi leksikonda yenilik sayıla biləcək yığcam ifadə ilə "siyasi korrupsiya" adlandırıb.
O da məlumdur ki, Avropa Şurası Parlament Assambleyasının tərkibi ölkələrin göndərdiyi deputatlar hesabına formalaşır. Nəzərə alsaq ki, Ermənistanda keçirilən seçkilərin legitimliyinə beynəlxalq qurumlar şübhə ilə yanaşır, o zaman erməni nümayəndə heyəti ora necə daxil olacaq? Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafanın sözlərinə görə, obyektiv yanaşma olsa, o zaman Ermənistan parlament üzvlərinin mandatının qəbulunda problem olacaq: "Bütün bunlar ümumiləşdirilib həll olunmalıdır. Çünki həqiqətən də Ermənistanda seçkilər qanunsuz, saxtakarlıq şəraitində keçirilibsə və AŞ PA bu seçkilərin nəticələrini tanımırsa, o zaman erməni nümayəndə heyətinin ora göndərilməsi problematikdir. O üzdən, mandat məsələsini qaldırmaq olar. Çünki Ermənistan militarist bir dövlətdir və orada baş verənlərə indiyə qədər göz yumulub. Ancaq nəhayət ki, ortalığa obyektiv yanaşma qoyularsa, Ermənistan quruma nümayəndə heyəti göndərə bilməz. Yəni bu artıq AŞ PA-nın siyasi iradəsindən asılı olan məsələdir". Vidadi ORDAHALLI