Amerikalı ekspert Aİ-nin Türkiyə qərarı ilə öz problemlərindən diqqəti yayındırmağa cəhd etdiyini deyir

Ekspert: “Türkiyə ona düşmən münasibət bəsləyən Avropanın qərarlarına əhəmiyyət vermir”

img

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı səhv və ədalətsizdir. Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Onun sözlərinə görə, Ankaraya qarşı əsassız qərarların qəbul olunması ilə Avropa İttifaqı (Aİ) öz problemlərindən diqqəti yayındırır: “Avropanın özünün çoxlu problemləri var. Məsələn, Portuqaliyada işsizlik, Albaniyada və Bolqarıstanda demoqrafik böhran və yoxsulluq, Makedoniyada sərhədlərin qorunmaması, eləcə də Aİ-nin rəsmi nümayəndəliklərində korrupsiya”.

Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir. Bunu isə Türkiyənin “Kafkassam” strateji araşdırmalar mərkəzinin analitiki Çağatay Balçı deyib.

Onun sözlərinə görə, Avropa artıq uzun illərdir ki, Türkiyəyə qarşı mənfi münasibət bəsləyir: “Türkiyə artıq Avropaya rəğbət bəsləmir. Türkiyə xalqının ona ehtiyacı yoxdur. Türkiyə Avropanın qərarlarına əhəmiyyət vermir və yalnız ona hörmət bəsləyən ölkələrlə əməkdaşlıq edəcək”.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Son xəbərlər