Sənan Nəcəfov: "İstəyirik ki, belə bir təhlükə mənbəyinin, saat mexanizmi kimi qoşulmuş bir "bomba"nın fəaliyyəti dayandırılsın"
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Çernobıl Fəlakətinin Anım Günü ilə əlaqədar şərhində deyilir ki, BMT Baş Assambleyasının 8 dekabr 2016-cı il tarixli A/RES/71/125 qətnaməsi ilə 26 aprel Çernobıl Fəlakətinin Anım Günü elan olunub: "26 aprel 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakəti insanlıq tarixində ən dəhşətli fəlakətlərdən biridir. Çernobıl qəzasından 30 ildən artıq müddətin keçməsinə baxmayaraq, onun doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır".
H.Hacıyevin sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra təyyarələrin bu və ya digər səbəbdən AES-lərlə toqquşması zamanı yeni təhlükəsizlik standartları tətbiq edilsə də, "Metsamor" AES-in bu tələblərə cavab verməsi ciddi sual altındadır: "Bundan əlavə, "Metsamor"un fiziki mühafizəsi lazımi qaydada təşkil olunmur. "Metsamor" stansiyası nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün baza rolunu oynayır və dəfələrlə digər ölkələrin ərazisində "Metsamor"dan çıxarılmış radioaktiv maddələr saxlanıb. Texnologiyanın köhnə olması və stansiyanın fəaliyyətində texniki təhlükəsizlik qaydalarına lazımınca riayət olunmaması Ermənistan və region üçün ciddi ətraf mühit problemləri yaradır, su hövzələrini və transregional çayları radioaktiv çirklənməyə məruz qoyur. Həmçinin stansiyanın fəaliyyəti qeyri-şəffaf xarakter daşıyır və orada davamlı şəkildə baş verən texniki nasazlıqlar və qəzalar haqqında ictimaiyyətə məlumat verilmir. "National Geographic" tərəfindən "Metsamor" mövcud AES-lər arasında ən təhlükəli AES kimi qiymətləndirilib. Bu kimi köklü və ciddi problemlərin olduğu halda, Ermənistanın mənəvi və texniki baxımdan öz resurslarını tükətmiş "Metsamor" atom elektrik stansiyasının istismarını davam etdirməsi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsiz davranışın növbəti nümunəsidir. Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs çıxarmaq əvəzinə, bu addımı ilə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur. Bolqarıstan və Slovakiya ərazisində eyni texnologiya ilə fəaliyyət göstərən AES-lərin istismarı Avropa İttifaqının dəstəyi ilə dayandırılıb. Avropa İttifaqı və digər təsisatlar tərəfindən Ermənistana "Metsamor" AES-in dayandırılması üçün dəstək təklif edilsə də, Ermənistan bundan imtina edir".
H.Hacıyev qeyd edib ki, Ermənistan Respublikasının bu siyasəti Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi Fəaliyyətinə Qarşı Beynəlxalq Konvensiya, AEBA-nın "Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi" və "Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları", habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri, həmçinin, sərhədyanı ərazilər kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın ciddi şəkildə pozulmasıdır: "Fürsətdən istifadə edərək əsasən BMT və onun müvafiq strukturları, o cümlədən AEBA başda olmaqla, aidiyyəti beynəlxalq təsisatları, region dövlətlərini, ətraf mühit sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti təşkilatlarını, beynəlxalq kütləvi informasiya vasitələrini, Ermənistan ictimaiyyətində olan sağlam düşüncəli insanları regionu Çernobıl kimi nüvə təhlükəsi ilə üzbəüz qoyan "Metsamor" AES-in dayandırılması istiqamətində səylərin artırılmasına çağırırıq".
XİN-in bu müraciətini necə dəyərləndirmək olar?
Azərbaycanda keçirilən "Stop Metsamor!" kampaniyasının təşəbbüskarlarından olan Sənan Nəcəfovun sözlərinə görə,
Ermənistan Respublikasında yerləşən "Metsamor" Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilib: "İstismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan "Metsamor" AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı fəsadlarla üz-üzə qalacaq. Artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilat "Metsamor" AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.
Bundan başqa, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların Azərbaycanın işğal altındakı ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı fakt mövcuddur. Belə materialların İŞİD və "Əl-Qaidə" kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə nəyin baş verəcəyini təsəvvür etmək heç də çətin deyil.
Biz "Metsamor" Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı "Stop Metsamor!" kampaniyası keçirdik.
Az müddətdə artıq mətbuatdan yetərli qədər informasiya dəstəyi aldıq.
Mütəxəssislər deyir ki, bu cür atom elektrik stansiyalarının dağlıq zonalarda yerləşdirilməsi qəti qadağandır. Ermənistan isə həmin AES-in fəaliyyətini dayandırmaq əvəzinə, istismarını bir az da uzadır - 2026-cı ilə qədər. Onların tələbi bundan ibarətdir ki, Atom Elektrik Stansiyasının işini dayandırmaq üçün 5 milyard aşağı faizlə kredit verilsin. Biz doğrudan da özümüzü təhlükədə hiss edirik. Regionun təhlükəsizliyini fikirləşən ölkəyik. Biz istəyirik ki, belə bir təhlükə mənbəyinin, saat mexanizmi kimi qoşulmuş bir "bomba"nın fəaliyyəti dayandırılsın. Bu baxımdan da XİN-in müraciətini tam haqlı sayıram".
Məhəmmədəli QƏRİBLİ