Vəfa Heydərli: "Əsassız, qərəzli təzyiqlərin dəf edilməsinin yolu birgə sistemli mübarizədən keçir"
AŞ PA-nın yaz sessiyasında müzakirəyə çıxarılan "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsində Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunandan sonra bununla bağlı müvafiq qərar qəbul edilib. Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilər tərəfindən hazırlanıb.
Müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanıb. Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib.
Azərbaycan öz təcrübəsində dəfələrlə belə ədalətsiz, qərəzli yanaşmalara məruz qalıb. Rəsmi Bakının müstəqil siyasətini qəbul etməyən dairələr Azərbaycanda "siyasi məhbus"ların olduğunu iddia edərək, təzyiqlər etməyə cəhdlər edib. Ümumiyyətlə, qondarma "siyasi məhbus" məsələsi Azərbaycana qarşı dəfələrlə istifadə olunub.
AŞ PA-nın məruzəçisi Kristofer Ştrasserin apardığı monitorinqlər təzyiqin əsas vasitəsi idi. Belə ki, Azərbaycan tərəfi alman deputatın erməni lobbisinə bağlı olduğunu dəfələrlə bəyan etmişdi. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsi haqda dərc etdiyi hesabat isə hər şeyi gün üzünə çıxarır.
Məhz bunun nəticəsidir ki, Azərbaycan ictimaiyyəti AŞ PA-nın Türkiyə ilə bağlı qəbul etdiyi qərara kəskin reaksiya verərək, qərarı pisləyib.
Türkiyə-Azərbaycan ittifaqı Avropanın bu iki ölkəyə yönəlik təzyiqlərini neytrallaşdırmaqda nə dərəcədə yetərli olacaq?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Azərbaycan məsələyə olduqca ciddi reaksiya verdi: "Bilirsiniz ki, bu cür ikili standartlı yanaşmadan biz uzun müddətdir əziyyət çəkirik. Buna baxmayaraq, Avropa institutları ilə əməkdaşlığımız davam edir. Türkiyə də AŞ PA-ya normal münasibət bəsləyib. Hər iki ölkə bunun müqabilində adekvat cavab görməyib. Əksinə, daim basqılarla qarşılaşıb. Hesab edirəm ki, həm Azərbaycanın, həm də Türkiyənin bizə edilən əsassız təzyiqləri neytrallaşdırmaq üçün birgə mübarizə aparması lazımdır. Çünki belə üsulla biz ciddi nəticəyə nail ola bilərik. Onda Avropadakı gizli təzyiq qrupları üzə çıxmış olar. Azərbaycan bu istiqamətdə çox ciddi nümunə ortaya qoydu. Hesab edirəm ki, əsassız, qərəzli təzyiqlərin dəf edilməsinin yolu birgə sistemli mübarizədən keçir".
Məhəmmədəli QƏRİBLİ