Məlumdur ki, bu gün dünya silah bazarında mühüm yerlərdən birini də şimal qonşumuz olan Rusiya tutur. Kremlin son illər ərzində silah satış bazarı daha da genişlənib. Keyfiyyəti ilə seçilən rus silahlarının əsas alıcılarından biri də Azərbaycandır və indiyə qədər ölkəmiz Rusiyadan bir neçə milyard dollar dəyərində silah alıb.
Ermənistanın ciddi narazılığına baxmayaraq, Rusiya bundan sonra da Azərbaycanla silah ticarətini ən yüksək səviyyədə davam etdirməkdə maraqlı olduğunu bildirir. Çünki Azərbaycan Rusiya üçün önəmli bir alıcıdır və Kreml burada mövqelərini itirmək istəmir. Bunu Rusiya prezidenti Vladimir Putinin hərbi-sənaye komissiyasının iclasında səsləndirdiyi fikirlərdən də aydın görmək olar: "Dünyada Rusiya silahlarına maraq artır. Bunu yalnız siyasi bəyanatlar deyil, həm də müqavilələrin həcmləri göstərir". Dövlət başçısının sözlərinə görə, Suriyada həyata keçirilən döyüş əməliyyatlarında Rusiya silahlarının effektiv tətbiqi ölkə istehsalı olan silahlara marağı artırıb. Putin vurğulayıb ki, dünya silah bazarında Rusiyanın mövqelərinin möhkəmləndirilməsi üçün bu imkanı qaçırmaq olmaz. Bu fikirlərdən aydın görünür ki, Moskva Azərbaycana da silah tədarükünü, Ermənistanın narazılıqlarına baxmayaraq, davam etdirəcək. Rusiyalı ekspert Dmitri Trenin də Moskvanın Bakıya silah ticarətində mühüm tərəfdaş kimi baxdığını bildirir: "Silah ticarəti geosiyasətlə sıx bağlıdır. Rusiya da bu baxımdan istisna deyil. Moskva hərbi texnikasını Bakıya çatdıraraq pul qazanır. Əks halda, Azərbaycan silahı başqa mənbələrdən alardı. Moskva isə bunu istəməz". Elə qeyd edilənlərin növbəti təsdiqi kimi Azərbaycanla Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq aidiyyəti hərbi hissələrə veriləcək. Bildirilir ki, həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək. Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.
Bundan başqa, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizasiya edilməsi prosesi də davam etdirilir. Azərbaycan Müdafiə Naziliyi Rusiyadan gətirilən silahlarla bağlı qısa videogörüntülər də yayıb. Kadrlardan görünür ki, "Bəstəkar Raxmaninov" gəmisindən BTR-83A zirehli transportyorları boşaldılır. Qalan hərbi texnikanın və silahların nədən ibarət olduğu açıqlanmır. Amma ümumi mənzərə ondan ibarətdir ki, Azərbaycan Rusiyadan ən müasir silahların alışını həyata keçirir. Təbii ki, bu həm də Ermənistana ciddi mesajdır. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev bununla bağlı bildirir:"Azərbaycanla Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan mərhələli şəkildə ölkəmizə müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilir. Hesab edirəm ki, aprelin 26-da ictimaiyyətə təqdim edilən bu silah və texnika Müdafiə Nazirliyi tərəfindən alınan silahların hamısı yox, cüzi bir qismidir. Çünki alınan silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir". O qeyd edib ki, bu silah və texnika paradda nümayiş etdirmək və yaxud da ki, sıra baxışı üçün alınmayıb: "Bunlar konkret olaraq döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınıb. Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq. İnanıram ki, alınan yeni silah və hərbi texnikalar tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin etmiş olacaq".
Hərbi ekspert vurğulayıb ki, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizasiya edilməsi prosesi də Azərbaycan Silahlı Qüvvələri qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək: "Hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm də döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir. Ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcək də".
Ermənistan isə, həmişəki kimi, Rusiyanın Azərbaycana silah satışını davam etdirməsini İrəvan üçün qəbuledilməz hal adlandırır. Erməni ekspert Ruben Ovannisyan bildirir ki, Rusiyanın bu addımları Ermənistanı Azərbaycan qarşısında daha zəif duruma salır. Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan daha müasir hərbi texnikanın alışını həyata keçirir. Bütün bunlar isə cəbhə zonasında hərbi əməliyyatların gedişinə mütləq şəkildə təsir göstərəcək.
Nahid SALAYEV