Məhərrəm Zülfüqarlı: "Çox yaxşı olardı ki, beynəlxalq qurumlar buna öz etirazını bildirsin"
Ermənilər işğal olunmuş Dağlıq Qarabağda aprelin 27-də "sülh naminə incəsənət" adlı beynəlxalq layihəyə start verib. Sözügedən layihədə Avropanın müxtəlif ölkələrindən olan musiqiçilərin iştirak edəcəyi deyilir.
Aydın məsələdir ki, separatçı qurumun bu kimi tədbirlər keçirməsində məqsədi heç də incəsənətin hansısa növünü təbliğ etmək deyil. Məqsəd müxtəlif xarici ölkə vətəndaşlarını bu minvalla qanunsuz olaraq Dağlıq Qarabağa gətirmək və separatçı qurum barəsində təbliğat aparmaqdır. Necə ki, bundan əvvəl də dəfələrlə oxşar tədbirlər keçirərək şou yaradıblar.
Ancaq, istənilən halda, hansı ölkə vətəndaşı olmağından asılı olmayaraq, başqa dövlətin ərazisinə qanunsuz səfər etmək yolverilməzdir və bu, beynəlxalq qanunlara ziddir. Azərbaycan mümkün olan qədər belə halların qarşısını almağa çalışır. Ancaq beynəlxalq qurumların ikili standartlardan çıxış edərək bu cür xoşagəlməz hallara mane olmaması, nəticə etibarilə, qondarma tədbirlərin keçirilməsinə şərait yaradır. Başqa bir tərəfdən, Lapşinlə bağlı baş verən məlum proseslər, görünür, bir çox əcnəbi ölkə vətəndaşlarına dərs olmayıb. Bütün hallarda, Azərbaycan Dağlıq Qarabağda keçirilən qondarma tədbirə gələn əcnəbi musiqiçilər barəsində hansı tədbirlər görə bilər?
Sözügedən məsələni dəyərləndirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycan bununla bağlı müəyyən tədbirlər görür: "Tədbirlərdən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərə qanunsuz səfər edənlərin adı "qara siyahı"ya salınır. Yəni onların Azərbaycana səfər etməsinə qadağa qoyulur. O cümlədən sözügedən musiqiçilərə qarşı da bənzər addımlar atıla bilər. Ancaq bununla qanunsuz səfərlər dayanmır. Çox yaxşı olardı ki, beynəlxalq qurumlar buna öz etirazını bildirsin. Təəssüflər olsun ki, ikili standartlar, dünyadakı ədalətsizlik üzündən bu baş vermir. Yəni beynəlxalq qurumlar bununla bağlı siyasi iradə ortaya qoymur. Bir məqamı da unutmaq olmaz ki, çox vaxt ermənilər əcnəbi vətəndaşları Dağlıq Qarabağa aldadaraq, başqa adla gətirir". Vidadi ORDAHALLI