Dünyada ermənilərə istər Osmanlı imperatorluğundan, istər Türkiyə Cumhuriyyətindən, istərsə də Azərbaycandan daha artıq şərait yaradan başqa bir dövlət və ya millət göstərmək mümkün deyil. Ancaq ermənilər Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında qurduqları dövlətdə bu haqqı türklərə tanımırlar. Tarixi rəsmi sənədlər bu yazdıqlarımızı sübut edir.
Fəqət ermənilər istismar planlarını yerinə yetirə bilmək üçün uydurmalarına davam edir, Birinci Dünya müharibəsi zamanında və sonradan Anadolunu və Azərbaycanı talayıb yağmaladıqları kimi, bu gün də ölkəmizin Qarabağ bölgəsini və ətrafını yaxıb-yandırırlar. Onlar atəşkəs müqaviləsi imzalamalarına baxmayaraq, Azərbaycanla müharibə şəraitini davam etdirir, işğal altında tutduqları torpaqlardan sərhədçilərimizə, sərhədyani bölgələrdə yaşayan insanlarımıza atəş açır, tez-tez Azərbaycan əsgərlərini, dinc sakinləri həlak edirlər. Doğrudur, onlar Azərbaycan əsgəri tərəfindən layiq olduqları cavabı alır. Dünya ictimaiyyəti də bütün bunlara seyrçi qalır, Xocalı soyqırımına seyrçi qaldıqları kimi.
Görün tanınan bəzi erməni yazıçıları "erməni məsələsi"nə dair düşüncələrini necə açıqlayıblar. T.Hacıqokyan yazır: "...Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan müharibələrdə daşnakların qanlı əllərilə minlərlə türkü yox etdikləri, kəndlərini yandırıb külə döndərdikləri və Zəngəzur, Şərur, Daralagöz, Meqri, Ərbaba, Zəngibasar və Vedidəki türk kəndlərində törətdikləri vəhşiliklər, qətliamlar, qarətlər hələ də ağıllardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, qarət, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı..."
Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoyub. Onun 1916-cı ildə nəşr olunan kitabında bunları oxuyuruq: "...Ermənilərin həqiqi vətəni kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzildə səpələniblər..."
Erməni yazıçısı H.Osipyan 1930-cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən "Müharibə və quruluşun 10 ili" adlı kitabında bunları qeyd edib: "...Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağılasığmaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldırmaq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların var-dövləti talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi.
Türk cəmiyyətini yox etmək məqsədilə daşnak hökuməti qırx minə yaxın adamı silahlandırdı, çox sayda könüllü dəstələr qurdu. Bunları ayaqda tuta bilmək üçün də fəhlə və kəndlinin belinə ağır vergilər yüklədi. Daşnaklara öz çirkin siyasətlərini həyata keçirmək üçün bu da azlıq edirdi. Daşnak hökuməti İngiltərə və Amerika imperialistlərinin yardımına müraciət edərək onlardan böyük miqdarda hərbi sursat aldı..."
Beləcə, dürüst erməni yazıçıları bu yazıları ilə Ermənistanın quruluşunun qanunsuz olduğunu və ermənilərin törətdiyi vəhşilikləri isbat edirlər.
İndi isə Rus generalı Mayevskinin bəzi qeydlərinə nəzər salaq: "1895-ci ilə qədər erməni-türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir-biri ilə dostca dolanırdı. 1895-ci ildə erməni komitəçilər erməniləri türklərə qarşı təhrik etməyə başladılar və erməni-türk əlaqələri birdən-birə tərsinə döndü. Türk vəhşiliyi bir həqiqət olmayıb uydurulan siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədənlər şərqli ermənilər idi. Onlar törətdikləri hadisələri kimsəsiz müsəlmanlara yükləyirdilər. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları və icraya qoyduqları komediyadan başqa bir şey deyil..."
Erməni komitəçilərlə bir amerikalının söhbəti də bu baxımdan ibrətamizdir. Amerikalı Dr.Hamlinin (İstanbuldakı amerikan kollecinin qurucusu) müsahibəsini ehtiva edən 23 dekabr 1893 tarixli məktubun bir bölümü belədir ("Boston" qəzetində yayımlanıb): "...Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə törədəcəklərini və buna hazırlandıqlarını söyləyən bir erməni komitəçiyə Dr.Hamlin "necə?" - deyə sorduqda, komitəçinin cavabı belə olub: "Bütün imperatorluqda təşkilatlanan "Qnçak" çətələri türkləri öldürüb kəndlərini yandıracaq. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönən türklər bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaq ki, ruslar xristianlıq mədəniyyəti naminə hücuma keçib Anadolunu işğal edəcək." Bu cavaba çaşıb qalan amerikalı dəhşət içərisində: "Belə bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır bu!.." deyib.
Doğrudan da bu qorxunc bir plan olub. Bu da bir həqiqətdir ki, ermənilər belə planlarla özlərini "yazıq," "haqsız-hüquqsuz" bir millət olaraq göstərməyə çalışıblar.
Ermənistanın ilk baş naziri, "Daşnaksütyun" komitəsinin rəhbəri O.Kaçaznuninin "Artıq Daşnaksütyunun görəcəyi bir iş yoxdur" başlığı altında Buxarest konfransına təqdim etdiyi raportun bir bölümünə də nəzər salaq. Bu raport 1914-1923-cü illər arasında türk-erməni hadisələrinə və ermənilər tərəfindən bütün dünyanın gündəminə gətirilən "erməni soyqırımı"nın baş verib-vermədiyinə dair əsas rəsmi sənədlərdən biridir.
O.Kaçaznuni öz çıxışında belə deyib: "Yoldaşlar! Bu məsələlər mənim çox uzun və çox kədərli düşüncələrimin əsas mövzusunu əmələ gətirib. Sizin də bu mövzuları düşündüyünüzdən şübhəm yoxdur. Ancaq sizin də eyni nəticəyə gəlib-gəlməyəcəyinizi bilmirəm. Qorxuram belə olmasın. Qorxuram ki, tələffüz etmək çətin olsa da, mənim vicdanımın səsini dinləyərək gəldiyim nəticə konfrans iştirakçılarının bəlkə də öfkəsini çəksin. Mən buna hazıram. Ancaq buna inanmağınızı xahiş edirəm...
Könüllü dəstələrin qurulması lazım idimi sualı bu gün, əlbəttə, mənasızdır. Tarixi hadisələrin özünə xas polad bir məntiqi vardır. 1914-cü ilin payızında erməni könüllü dəstələri quruldu və türklərə qarşı fəaliyyətə başlandı. Bu, erməni xalqının 25 il boyunca bəslədiyi psixoloji şəraitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapmalıydı və onu tapdı...
Bu gün məsuliyyət mövzusu gündəmə gələrsə, kimin günahkar olduğunu tədqiq etmək mənasızdır. Psikopos Mesrop, A.Xatisov, doktor Zavriev, S.Arutyunov, Dro və Andronik olmasaydı, başqaları tapılacaq və eyni şeyləri törədəcəkdi. Könüllü dəstələrin qurulmaları bir səhv idisə, bu səhvin kökləri uzaq keçmişdə axtarılacaq. Hələlik bunu təsbit etmək lazımdır ki, biz bu könüllülər hərəkatına aktiv olaraq qatıldıq və bu qatılma komitə konqresinin qərarına baxmayaraq həyata keçirildi.
1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları, "Daşnaksütyun" da daxil olmaqla, Rusiya erməniləri üçün bir həyacanlanma və ümid dövrü idi. Biz qeydsiz-şərtsiz Rusiyaya yönələn vəziyyətdə idik. Hər hansı bir zəfərin olmamasına baxmayaraq, biz zəfər havasına qapılmışdıq, sədaqətimiz, çalışmalarımız və yardımlaşmalarımız qarşılığında Çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyinə əmindik. Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarına mal edərək məsuliyyətsiz insanların boş sözlərinə böyük əhəmiyyət verib özümüzə etdiyimiz hipnozun təsiri ilə həqiqətləri anlaya bilmədik, xəyallara qapıldıq...
1915-ci ilin ikinci yarısı və 1916-cı ilin tamamı bizim üçün ümumi bir yas dövrü oldu. Van, Eleşkirt, Basen mühacirləri, qırğından qurtaranların hamısı - on minlərlə, yüz minlərlə insan gəlib Rusiyanın erməni qəzalarına doluşdu. Ac, çılpaq, xəstə və qorxu içərisində olan insanlar şəhər və kəndlərimizə yerləşirdilər. Bu ac insanlar çörək tapa bilməyən bir ölkəyə gəlirdilər. Gücsüz, xəstə, dərmansız mühacirlər açıqda qalırdı. Şirak və Ararat vadiləri böyük bir xəstəxananı xatırladırdı. Buralarda minlərlə erməni bizim gözlərimizin qabağında aclıqdan və xəstəlikdən ölürdü. Biz bu insanların həyatını qurtarmaqda acizdik. Qızğınlıq və qorxu içərisində olan bizlər günahkar axtarırdıq və bu günahkarı "rus hökuməti ilə onun yalançı siyasəti" olaraq müəyyən etdik. Biz sosial baxımdan yetişən insanlara xas bir çaşqınlıq içərisində bir küncdən digərinə sovrulurduq. Rus hökumətinə qarşı dünənki inamımız nə qədər kor-koranə və əsassız idisə, bugünkü günahlandırmalarımız da o qədər kor-koranə və əsassızdır. O zamanlar rusların bilərəkdən ağır və qətiyyətsiz davrandıqları, yerli erməniləri qətl etmək üçün türklərə imkan yaratdıqları söylənirdi. Guya ruslar Ermənistanı boşaltmaq və oralara kazakları yerləşdirmək üçün belə davranır, Kont Lobanov-Rostovskinin hər kəs tərəfindən bilinən "ermənisiz Ermənistan" planı həyata keçirilirmiş. Yalnız xalq deyil, komitəmiz və ağlı başında olan yoldaşlarımızın da bir çoxu belə düşünürdü...
Təbii ki, bizim könüllü dəstələrimiz Vanı və Muşu tezliklə ələ keçirməyə çalışırdı. Oralara erməniləri qurtarmaq üçün gedirdilər. Əslində rus ordu hissələri erməni könüllülərindən əmələ gəlmirdi və onların fərqli məqsədləri var idi. Onlarda görünən və bizim bir xəyanət olaraq qiymətləndirdiyimiz ağır və qətiyyətsiz davranış rus komandanlarının qeyri-adi zəifliyi ilə və ya bizim tərəfdən bilinməyən ümumi hərbi qaydalarla açıqlana bilər.
Bu hadisələri, qeyri-adi və çox maraqlı olmasına baxmayaraq, ələ almamağımız lazım idi. Biz siyasi bir komitə olaraq məsələmizin rusları maraqlandırmadığını və onların lazım olduqda bizim cəsədlərimizi tapdalayaraq keçib gedəcəklərini unutmuşduq. Bunu anlamadığımızı, bilmədiyimizi söyləyə bilmərəm. Əlbəttə bilirdik, lakin bəzən müharibənin ancaq "erməni məsələsi"nə görə başladıldığını saflıqla düşünürdük. Ruslar hücuma keçdikdə, onların erməniləri qətl etmələri üçün türklərə imkan verdiklərinə inandıq. Biz hər iki halda məqsəd və niyyətləri qarışdırırdıq. Rusların xəyanətlərini axtarır və əlbəttə, tapırdıq. Altı ay əvvəl də rusların xeyirxahlıqla yaxınlaşmamalarının isbatını eyni bu şəkildə axtarmış və tapmışdıq. Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini başqalarında axtarmaq acınacaqlı bir vəziyyətdir. Bu bizim milli psixologiyamızın bir xüsusiyyətidir. "Daşnaksütyun" komitəsi bundan qaça bilməyib.
Rusların bizə qarşı təhrikedici davranmalarında sanki xüsusi bir təsəlli var idi. Sanki saf və uzaqgörən olmadığımız bir qəhrəmanlıq idi və nəticədə elə bir vəziyyətə düşdük ki, istəyən hər kəs bizi asanlıqla aldatdı, xəyanət etdi, kəsdi və başqalarının kəsmələrinə imkan verdi..."
1923-cü ilin aprel ayında "Daşnaksütyun" komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznuninin erməni millətinə mənsub olmasına baxmayaraq konfransdakı çıxışı bu gün bütün dünyada dillər əzbəri olan "erməni soyqırımı"nın uydurma olduğunu rəsmən ortaya qoyur.
Yuxarıda qeyd etdiyimiz raportu yazanın müharibədə döyüşən tərəflərdən birinin başında və üstəlik, "soyqırımı"na uğradığı iddia edilən tərəfin hökumətinin baş naziri olduğu nəzərə alındıqda bu qeyd etdiklərimiz daha ciddi əhəmiyyət qazanır. "Soyqırımı"na uğradıqları iddia edilən ermənilərin baş nazirləri, baş verən hadisələri bir müharibə olaraq dəyərləndirir və ən önəmlisi, ermənilərin imperialist güclərə alət olduqlarını ortaya qoyur. Beləliklə, "Daşnaksütyun" komitəsinin lideri, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin 1923-cü ilin aprel ayında Buxarestdə keçirilən "Daşnaksütyun" konfransına təqdim etdiyi raportdan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib əvvəl ruslara, daha sonra fransızlara və ingilislərə qeyd-şərtsiz satılıblar; ermənilər "dənizdən-dənizə Ermənistan" layihəsi kimi bir arzuya qapılıb və bu istiqamətdə təhrik ediliblər; Daşnaksütyun komitəsi xaricində bir günahkar axtarılmamalıdır.
Ortaya belə bir sual çıxır: bu gün "erməni soyqırımı" iddialarını müzakirə edən və "erməni soyqırımı" haqqında qərarlar alan ölkələr Ermənistanın ilk baş nazirinə güvənmirsə, kimə güvənir? Heç şübhəsiz, Ermənistanın ilk baş naziri, erməni millətinin tarixində xüsusi bir yeri olan "Daşnaksütyun" komitəsinin lideri O.Kaçaznuninin raportu ermənilərin böyük yalanını faş edir!..
Fikrimizcə, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin "Daşnaksütyun" komitəsinin Buxarestdə keçirdiyi konfransına təqdim etdiyi raportu müxtəlif dillərə tərcümə olunub dünya ictimaiyyətinə çatdırılmalıdır. Qoy bütün dünyada erməni tərəfdarları "erməni soyqırımı" və ya "ermənilərə qarşı törədilən qətliamlar"ın tarixi həqiqətlərə nə qədər uyğun olduğunu Ermənistanın ilk baş nazirindən öyrənsinlər!..
Bu da bir həqiqətdir ki, erməni iddialarının təməlində azdırılan bir tarix yatır. Bu azdırılan tarixin yalan olmasını rəsmi sənədlər işığında dünya ictimaiyyətinə çatdırmaq hər bir elm adamının borcudur. Biz illərdən bəri davam etdirilən əsassiz iddialar qarşısında əsl günahkarların vətəndaşı olduqları dövlətə xəyanət edən ermənilər olduğunu dünya ictimaiyyətinə, xüsusilə də erməni iddialarına dəstək verən dövlətlərə rəsmi sənədlərlə bildirməliyik, inkarı mümkün olmayan arxiv sənədləri ilə!.. Çünki arxiv sənədləri kimin məzlum, kimin cinayətkar olduğunu ortaya qoyur, erməni komitəçilərin və çətələrin Anadoluda və Azərbaycanda törətdiyi qətliam və qeyri-insani hərəkətlərini isbat edir.
Fazil QARAOĞLU professor
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.