Əhməd Şahidov: "Ona qarşı barışmaz mövqedə Azərbaycanla bağlı prinsipial mövqeyindən qaynaqlanan səbəbləri də inkar etmək olmaz"
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunt (İspaniya), AŞ PA üzvləri Jordi Çukla (İspaniya) və Alen Desteksin (Belçika) Suriyaya səfəri ilə bağlı açıq dinləmələr keçirilib.
AŞ PA sədri P.Aqramunt Suriyaya səfər etdiyi üçün bir daha üzr istəyib: "Mən Suriyaya ispaniyalı senator kimi getmişəm. Suriyada internet və telefonum işləmirdi, ona görə də həmkarlarımı çox gec məlumatlandıra bildim. Mətbuata isə heç vaxt açıqlamalar verməmişəm. Mən orada AŞ PA təmsilçisi kimi səfərdə deyildim. Mən orada da dedim ki, Əsəd rejimini dəstəkləmirəm, onun hərəkətlərini pisləyirəm".
Xarici mətbuatın yazdığına görə, AŞ PA sədri P.Aqramunt yalnız İspaniya kralının assambleyaya səfərindən sonra istefa verəcək. Aqramunt İspaniya kralı VI Filippin aprelin 27-də plenar iclasda çıxışı zamanı prezident kürsüsündə qalacağı təqdirdə istefa verəcəyinə razılaşıb.
Siyasi qrupların rəhbərləri könüllü istefa müqabilində bu şərtə razı olduqlarını bildirib.
"İstefanın sxemi artıq hazırdır: Aqramunt sessiya zalında nə çərşənbə, nə cümə axşamı, nə də cümə günü görünəcək, yalnız kralı zala müşayiət edəcəyi və onun 1 saatlıq çıxışı zamanı rəyasət heyətindəki yerindən çıxışı dinləyəcəyi vaxt istisna olmaqla", - mənbə bildirib.
Bundan sonra o, kralı vətəninə yola salacaq, sessiya bağlı elan edildikdən sonra isə büronun iclasına gələrək rəsmən istefa verdiyini bildirəcək. Bununla belə, istefa hələ 3 ay rəsmiləşdirilməyəcək.
Nəşr qeyd edir ki, vəzifəsindən getməsi ilə bağlı yazılı ərizəsini Aqramunt özü ilə birlikdə mayın 29-da Praqada keçiriləcək prezident komitəsi ilə AŞ PA Bürosunun görüşünə gətirəcək.
Məlum olduğu kimi, AŞ PA-da Aqramuntun bütün etirafları və üzr istəməsinə baxmayaraq, onun istefası üzərində möhkəm dayanılıb. Aqramunt qurumun sədri olduğu dönəmdə Azərbaycana obyektiv münasibəti ilə seçilib. Onun istefasının üzərində bu cür dayanılması Azərbaycanla bağlı olan mövqeyi ilə əlaqəli ola bilərmi?
Avropa institutları ilə sıx təmasda olan hüquq müdafiəçisi Əhməd Şahidov qəzetimizə açıqlamasında bildirdi ki, Aqramuntun istefası tələbi ciddi bir səbəbdən ortaya çıxıb: "Mənim onunla şəxsən görüşüm olub. Obyektiv deputat təsiri bağışlayıb. Xüsusilə də Azərbaycanla bağlı məsələlərdə obyektiv mövqeyi ilə seçilən adam olub. Onun tutduğu postda əvvəl çalışanlardan fərqlənib. Təbii ki, Azərbaycan və Ermənistanla bağlı ziddiyyət AŞ PA-dakı mövqeləri də haçalayıb. Bu, uzun müddət müzakirə olunan və həllini tapmayan mövzu olduğundan, hər iki dövlətin özünəməxsus dostları formalaşıb. Təbii ki, ermənipərəst millət vəkillərini Aqramuntun mövqeyi qane etməyib. Biz yaranan vəziyyəti sırf Azərbaycanla əlaqələndirə bilmərik. Çünki Aqramuntun özünün etirafı var ki, Suriyaya icazəsiz səfər edib. Ancaq bu, həmin ermənipərəstlərin də əlinə şans verib ki, ona qarşı daha da sərt mövqe tutsunlar. Ona qarşı barışmaz mövqedə Azərbaycanla bağlı prinsipial mövqeyindən qaynaqlanan səbəbləri də inkar etmək olmaz".
Məhəmmədəli QƏRİBLİ