Üzeyir Cəfərov: "Ötən illərdə də sınaqdan çıxarılmış bir metoddur və özünü yaxşı doğruldur"
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin silahlı qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi hava bazalarından birində təntənəli qarşılanma mərasimi keçirilib.
Türkiyəli hərbi qulluqçuları hərbi birliyin zabiti polkovnik Münasib Babayev və Türkiyənin ölkəmizdəki hərbi attaşesi briqada generalı Zafer Ocak qarşılayıb. Hərbi orkestr dövlət himnləri səsləndirdikdən sonra Türkiyə hərbi qulluqçuları təlim dövründə yerləşəcəkləri "N" saylı hərbi hissəyə yola düşüb.
Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz birgə təlimlərin vacibliyini vurğulayaraq qeyd edib ki, keçirilən təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcək.
Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə, iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, hərbi hava qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin, qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.
Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.
Keçiriləcək birgə hərbi təlimin əhəmiyyətini necə dəyərləndirmək olar?
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, belə təlimlərin keçirilməsi yalnız Ermənistanı ciddi narahat edə bilər: "Bu, sırf iki ölkə arasında bundan əvvəlki illərdə də baş tutmuş çoxsaylı təlimlərdən biridir və hələ bu il ərzində ikitərəfli və Gürcüstan Silahlı Qüvvələrinin iştirakı ilə üçtərəfli birgə hərbi təlimlər formasında davam etdiriləcək. Artıq bu barədə hər üç ölkənin müdafiə nazirlikləri birgə fəaliyyət planını müzakirə edərək təsdiqləyib. Bundan əvvəl keçirilən hərbi təlimlər zamanı bəzi bədxah qüvvələr Silahlı Qüvvələrimizin genişmiqyaslı təlimlərdən dərhal sonra hansısa hücum əməliyyatını həyata keçirəcəyini, bunun üçün də Türkiyədən hansısa əlavə xüsusi təyinatlı qüvvələrin də ölkəmizə gətirildiyi haqqında yalanlar uydururdular. Erməni mediasında artıq bu birgə hərbi təlimlərə qarşı da qara piar başlandığı müşahidə edilir. Ola bilsin ermənilərin hay-küyü artacaq. Lakin düşmənin hansı təbliğatı aparmasından asılı olmayaraq, bu təlimlər, inşallah, yaxın günlərdə başlayacaq və həm bizim əsgər və zabitlərimiz, həm də qardaş Türkiyə ordusunun hərbçiləri qarşılarına qoyulan tapşırıqları uğurla yerinə yetirəcək. Belə bir əminlik şəxsən məndə bundan əvvəlki təlimlərdə də iki qardaş ölkənin silahlı qüvvələrinin necə böyük həvəslə qarşıya qoyulan tapşırıqları yerinə yetirdiklərinə görə yaranıb. Birgə təlimlərin vacibliyi ondadır ki, qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcək və onlar yaxın perspektivdə müxtəlif şəraitlərdə və vəziyyətlərdə birgə fəaliyyət göstərərək, əla nəticələrə nail olacaq. Bundan əlavə, bu təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə, iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Bu qayda ötən illərdə də sınaqdan çıxarılmış bir metoddur və özünü yaxşı doğruldur".
Məhəmmədəli QƏRİBLİ