Seyid Camal Əzimbəyli: "İslam ölkələri, digər Asiya ölkələri ilə əlaqələr genişləndirilməlidir"
Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan zaman-zaman haqsızlığa məruz qalıb. Məsələ ondadır ki, ötən müddətdə Azarbaycanın haqq işini görməzdən gəliblər. Azərbaycana qarşı, yeri gəldi-gəlmədi, təzyiq göstəriblər. Ölkənin daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası özünü daha çox göstərib, nəinki Azərbaycanın üzləşdiyi problemlərin həll edilməsi.
Ona görə də Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir. O cümlədən, Azərbaycan Şərqi, Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığını genişləndirməlidir. Azərbaycan cəmiyyəti Avropa təşkilatlarının qərəzli münasibəti ilə daim üz-üzə qalıb. Ona görə həmin təsisatların fəaliyyətinə yenidən baxılmalıdır. Bu baxımdan da Azərbaycanın yeni inteqrasiya siyasəti yeritməsi təşəbbüsünə ekspertlər necə yanaşır? Sözügedən məsələni dəyərləndirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycan öz milli maraqlarından çıxış edərək bundan sonra da siyasətini ona uyğun qurmalıdır: "Prezident İlham Əliyev hər zaman Azərbaycanın dövlət maraqlarından çıxış edir. Hesab edirəm ki, İslam dünyası ölkələri, Asiya ölkələri ilə əlaqələr genişləndirilməlidir. Bir sıra məsələlər baxımından həmin ölkələr bizə daha yaxındır. Ötən illər ərzində Avropa Şurasının irəli sürdüyü bir sıra şərtləri Azərbaycan qəbul etsə də, buna rəğmən, bir sıra məsələlər hələ də öz həllini tapmayıb. Bu qurum zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib və təəssüf ki, belə siyasət davam edir. Cənub-Şərqi, Şərqi Asiyanın elə inkişaf etmiş ölkələri var ki, həmin ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi ölkəyə ciddi fayda gətirə bilər. Cənubi Koreya, Sinqapur, Malayziya ilə iqtisadi əlaqələrin genişləndirilməsi bizim xeyrimizə olar. Həmin dövlətlər müasir sənaye məhsullarının istehsalı ilə ön yerdədir. Bu ölkələrin Azərbaycana verəcəyi siyasi-iqtisadi dəstək faydalı ola bilər. Qeyd edim ki, Azərbaycan Cənubi-Şərqi Asiya ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq etməkdədir və bu sahədə müəyyən inkişafa nail olub. Ona görə də Azərbaycanın maraqlarına hansı dövlətlər daha çox cavab verirsə, həmin ölkələrlə, təmsil olunduqları təşkilatlarla əlaqələr genişləndirilməlidir".
Vidadi ORDAHALLI