Aydın Mirzəzadə: "Antitürk kampaniyası çox əcaib bir xarakter alıb"
Türkiyə Respublikası yeni dövrün çağırışlarına yüksək səviyyədə cavab vermək üçün zəruri hüquqi-siyasi islahatlar çərçivəsində mühüm addımlar atır. Aprel ayının 16-da qardaş ölkədə keçirilmiş referendum məhz belə addımlardan biri idi. Səsvermənin nəticələri Türkiyənin istər qlobal, istərsə də lokal müstəvidə daha səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır.
Lakin Türkiyədə xalqın əksəriyyətinin qəbul etdiyi nəticə Qərb ölkələrində qeyri-konstruktiv reaksiya doğurur və Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı buna əyani sübutdur. Ən əsası, AŞ PA-nın Türkiyəyə belə mənfi münasibət sərgiləməsini Azərbaycanın da taleyüklü qərarlar qəbul etməsi baxımından göndərilmiş ciddi siqnal kimi qiymətləndirmək olar. Uzun illərdir nümayiş etdirilən ikili standartlar Transatlantik məkanla inteqrasiya siyasətinə yenidən baxılmasına ciddi əsaslar yaradır.
Avropanın ikili standarlarının hədəfi təkcə Türkiyə deyil. Azərbaycan da bu siyasətin hədəfindədir. Uzun illərdir Azərbaycan xalqı erməni işğalının əzabını çəkir. Milyondan artıq insan vətənində köçkün kimi yaşayır. Dağlıq Qarabağda insanlıq tarixinin böyük tarixi-memarlıq abidələri dağıdılır. Bütün bu reallığı görən, ancaq işğalçı ilə işğala məruz qalmış ölkəyə eyni münasibət sərgiləyən AŞ PA danışdığı bəşəri dəyərlərə arxa çevirir.
Azərbaycan və Türkiyə bu gün Şərq-Qərb arasında konstruktiv dialoqun yaranmasında və inkişaf etdirilməsində kilid ölkə statusu qazanmış iki dövlətdir. Görünən odur ki, istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı qəbul olunan qərarların arxasında islamofob dairələr dayanır. Ancaq Azərbaycan cəmiyyəti Avropa təsisatlarının qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini dəstəkləməyəcək və Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, AŞ PA-nın Türkiyəni postmonitorinq mərhələsindən yenidən monitorinq mərhələsinə qaytarması Avropa Şurasının öz nizamnaməsini ciddi surətdə pozması deməkdir: "Türkiyə sıradan bir ölkə deyil. Türkiyə dünyanın və regionun nüfuzlu ölkələrindən biridir, dünyanın stabilliyinə və təhlükəsizliyinə ciddi töhfə verir. Türkiyə həm də Avropa Şurasının siyasi xəttini müəyyənləşdirən ölkələrdən biridir və bu ölkənin nümayəndəsi vaxtilə AŞ PA-nın prezidenti olub. Türkiyənin müstəqil daxili və xarici siyasəti Avropada müəyyən dairələrin xoşuna gəlmir. Onlar Türkiyəni zəif, iradəsiz, ən əsası isə, Qərb dairələrinin maraqlarına uyğun siyasət aparan bir dövlət kimi görmək istəyir. AŞ PA-nın bu qərarı Avropa təşkilatlarının ikili standartlarından xəbər verir. Ermənistanda seçkilər ciddi qanun pozuntuları ilə keçirilir, AŞ PA bu məsələyə münasibət bildirmir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq qonşu Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayır, ancaq AŞ PA Azərbaycanla Ermənistanı tərəzinin bir gözünə qoyur. Antitürk kampaniyası çox əcaib bir xarakter alıb. Bu heç də Avropaya başucalığı gətirmir. Bu, Avropaya yeni düşüncə gətirilməsinin vacibliyini vurğulayır. Avropa özünün elan etdiyi və dünyaya nümunə göstərdiyi demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərinə qayıtmalıdır, ədalətsizliyi və ikili standartları fəaliyyətindən kənarlaşdırmalıdır".
Vidadi ORDAHALLI