Şamil Sabiroğlu: "Həmin faciəni törədənlər lazımi cəzasını alsaydı..."
Prezident İlham Əliyev "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına müraciətində deyib:
"Sizi soyqırımı problemlərinə dair Azərbaycanda keçirilən növbəti elmi konfransda səmimi qəlbdən salamlayıram. Mürəkkəb geosiyasi proseslərin getdiyi indiki vaxtda sülh və sabitliyin təmin olunması tərəqqipərvər bəşəriyyəti narahat edən ən mühüm məsələlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, dünyada dinc birgəyaşayış normalarının pozulmasına rəvac verən ksenofobiya, ekstremizm, dini ayrı-seçkilik və terrorizm kimi hallar getdikcə artır. Qlobal təhlükəsizliyə zərbə vuran bu cür qorxulu meyllər hərbi toqquşmaların yaranmasına, mədəniyyət abidələrinin dağıdılmasına, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə və mənəvi aşınmaya səbəb olur. Konfransın keçirildiyi Lənkəran şəhərinin sakinləri də, ölkəmizin digər regionlarında olduğu kimi, hələ 1918-1919-cu illərdə erməni-daşnak quldur dəstələrinin törətdiyi qırğınların ağrı-acısını öz üzərində yaxından hiss etmişlər. Tarixin çətin sınaqlarından mətanətlə çıxaraq Azərbaycan dövlətinə sədaqəti, xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığı ilə həmişə qürur duyan cənub bölgəsindəki vətəndaşlarımız respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fəal iştirak etmiş, bu yolda çoxsaylı şəhidlər vermişlər.
Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısı kimi çıxış edir, irqi, milli və dini ayrıseçkiliyə qarşı prinsipial mövqe tutur. Deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını tarixi yaddaşında yaşadan xalqımız bu ilin fevral ayında müasir dövrün ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümünü dərin hüznlə qeyd etdi. Şübhə yoxdur ki, soyqırımıda birbaşa əli olan şəxslərin hələ də beynəlxalq hüquqi normalara uyğun olaraq layiqli şəkildə cəzalandırılmaması onları yeni qanlı əməllərə, hərbi təcavüzkarlıq niyyətlərini davam etdirməyə şirnikləndirir. Buna görə də insanlıq əleyhinə cinayətlərə obyektiv hüquqi-siyasi qiymətin verilməsinə, günahkarların ədalət məhkəməsi önünə çıxarılmasına nail olmaq üçün tarixi gerçəkliyin geniş elmi araşdırılması və nəticələrin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir.
İnanıram ki, bu mötəbər toplantıdakı müzakirələr, əvvəlki elmi məclislərdə olduğu kimi, acı həqiqətlərin müfəssəl şəkildə işıqlandırılmasına və soyqırımı törədənlərin tarix qarşısında mühakimə olunmasına öz töhfəsini verəcəkdir. Bu şərəfli və məsuliyyətli işinizdə sizə yeni nailiyyətlər arzulayıram".
Göründüyü kimi, ölkə başçısı konfransın iştirakçılarına etdiyi müraciətdə bildirir ki, Xocalı faciəsinin törədilməsində əli olanlar layiqli cəzalarını alsaydılar, biz yeni-yeni cinayətlərin törədilməsinin şahidi olmazdıq. Prezidentin bu fikirlərini əsas tutsaq, doğrudan da faciənin törədilməsində iştirakçı olanların cəzalandırılması gələcəkdə hansı cinayətlərin qarşısını ala bilər?
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti, əksər QHT-lər bu faciənin tanıdılması istiqamətində böyük işlər görüb: "Dünyada 15 mindən çox müharibə olub. Onların da hamısında böyük əksəriyyət günahsız adamlar ölüb. Bu gün Xocalı soyqırımı ABŞ-ın 22 ştatında, dünyanın isə 21 ölkəsində tanınıb. Ancaq bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, həmin faciəyə lazımi hüquqi qiymət verilməyib. Həmin faciənin törədilməsində əli olanlar barəsində Azərbaycanın müvafiq qurumları tərəfindən cinayət işləri açılıb. Demək istəyirəm ki, adları məlumdur. Həmin cinayətkarların böyük əksəriyyəti bu gün Ermənistan hakimiyyətinin yüksək eşalonunda təmsil olunur.
Xocalı faciəsi 1992-ci ildə törədilib. Ancaq gəlin ondan sonra nə baş verdiyinə fikir verək. Ermənilər daha da azğınlaşıb, digər rayonlarımızı da işğal edib, 10 minlərlə vətəndaşımız həlak olub. Hesab edirəm ki, həmin faciəni törədənlər lazımi cəzasını alsaydı, dediyim hadisələr də baş verməzdi. Ölkə başçısı bunu çox doğru olaraq vurğulayıb. Azərbaycanın başına gətirilən bütün müsibətlərdə həmin cinayətkarların əli var. Məlumdur ki, onların arasında rus hərbçiləri də var. Əminəm ki, Xocalıdakı azğınlıqdan sonra onlar başqa cinayətlər də törədib. Ancaq əminik ki, gec-tez, həmin adamların layiqli cəzası veriləcək".
Məhəmmədəli QƏRİBLİ