Elşən Həsənov: "Prezident "soyqırım" ifadəsini işlətmədi deməklə razı qalırıqsa, onlar bunu bilir və sətiraltı başqa sözlərdən istifadə edir"
ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı Ermənistanı məyus edib. Ermənilərin gözləntilərinin əksinə olaraq, Tramp 102 il əvvəl baş verən olayı "soyqırım" deyil, "böyük fəlakət" adlandırıb.
Belə ki, Tramp yenicə prezident seçiləndə erməni lobbisi Ağ evin yeni rəhbərinin qondarma soyqırımı tanıyacağına ümid edirdi. Hətta erməni KİV-ində Trampın Ermənistanı dəstəkləyəciyi haqda ağlasığmaz fikirlər səsləndirilirdi.
Ancaq ABŞ prezidentləri üçün ənənə halını alan 24 aprel müraciətində Tramp soyqırım ifadəsi işlətməsə də, erməni xalqının həmin tarixdə göstərdiyi dəyanətdən danışıb. Əslində, bu ifadənin özü də ermənilərə verilən yüksək dəyər kimi sayıla bilər. Çünki həmin hadisələr zamanı xeyli türk də çox ölübsə, niyə məhz ermənilərin dəyanətindən danışılır? Ümumiyyətlə, ABŞ prezidentləri üçün ənənə halını alan 24 aprel müraciətinin ləğv edilməsi daha yaxşı olmazmı?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, ABŞ prezidentlərinin "soyqırım" ifadəsi işlətməməsi hər şey demək deyil: "Bilirsiniz ki, 1915-ci ildə baş verən hadisələrlə bağlı Türkiyə istənilən elmi, tarixi araşdırmanın aparılmasını təklif edir. Hətta bunun üçün arxivlərin açılmasına da söz verir. Ermənilər isə bununla razılaşmır. Məsələni daha çox siyasi müstəviyə çəkməyə, qondarma soyqırım iddialarını daha da qabartmağa çalışırlar. ABŞ prezidentləri ənənəvi 24 aprel çıxışları edir. Biz yalnız "soyqırım" sözünün tələffüz olunmamasından sevincək oluruq. Əslində, normal haldır. Ancaq məsələnin dərinliyinə gedəndə məlum olur ki, "soyqırım" ifadəsini işlətməyən ABŞ prezidentləri, dolayısı ilə, öz nitqlərində həmin hadisələrdə erməni xalqının ölməsindən təəssüfləndiklərini ifadə edir. Bunun özü elə ermənilərə verilən qiymətdir və qondarma soyqırım iddialarının gündəmdən düşməməsinə xidmət edir. Biz və əsasən də Türkiyə birgə səylərimizlə çalışmalıyıq ki, ümumiyyətlə, ABŞ prezidentləri üçün ənənəvi hala çevrilən 24 aprel müraciəti ləğv olunsun. Buna nə ehtiyac var ki? Tarixdə çoxlu sayda müharibə, dəhşətli qətliamlar olduğu halda, niyə ABŞ prezidentləri onlarla bağlı deyil, qondarma olan iddialarla əlaqədar xüsusi çıxış etməlidir? Hesab edirəm ki, bu istiqamətdə siyasətimizi dəyişməliyik. Prezident "soyqırım" ifadəsini işlətmədi deməklə razı qalırıqsa, onlar bunu bilir və sətiraltı başqa sözlərdən istifadə edir. Biz ötən il Obamanın, bu il də Trampın çıxışında belə ifadələrə rast gəldik".
Məhəmmədəli QƏRİBLİ