Akif Nağı: "İƏT-in tərkibində böyük nüfuza malik olan ölkələr var"
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusuf bin Əhməd əl-Usaymin deyib ki, İƏT BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qətnamələrini dəstəkləyir və ATƏT-in təşəbbüsləri daxil olmaqla, bütün diplomatik səy və təşəbbüsləri alqışlayır.
Baş katib qeyd edib ki, İƏT, həmçinin, Dağlıq Qarabağ münaqişəsi üzrə maraqlı olan regional və beynəlxalq tərəflərlə sıx təmasları dəstəkləyir və bu məsələnin daha praktiki və konstruktiv həlli üçün Təmas Qrupu yaradıb:
"Ümid edirik ki, bu qrup münaqişənin dinc yolla nizamlanmasının yeni yollarını tapacaq".
O bildirib ki, İƏT-in təşkilatın fəaliyyətinin 10 illik proqramı (İƏT-2025), nizamnaməsi kimi əsas sənədlərində, müvafiq qətnamə və qərarlarında qeyd olunduğu kimi, İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətləri öz mübahisəli məsələlərini dinc yolla nizamlamalı və güc tətbiqinin istifadəsi və təhdidindən çəkinməlidir: "Belə dinc yanaşma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün də təsdiq edilib".
Yusuf bin Əhməd əl-Usayminin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi 1992-ci ildən İƏT-in gündəliyindədir: "İƏT Azərbaycan Respublikasına qarşı erməni təcavüzünü qəti şəkildə pisləyir və mövqeyi bundan ibarətdir ki, Ermənistan qoşunları Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır".
İƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yaratdığı Təmas Qrupu prosesə hansısa fayda verə bilərmi? Və deyildiyi kimi, yeni həll yolu axtarırmı?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə bildirdi ki, İƏT münaqişə mövcud olandan bəri ən obyektiv mövqe tutan qurumdur: "Bu günlərdə keçirdiyimiz "dəyirmi masa"da da məhz bununla bağlı fikir mübadiləsi apardıq. Hesab edirik ki, bu konfliktin nizama salınması BMT müstəvisinə qaytarılmalıdır. Sonrakı vasitəçilikdə isə xristian ölkələrilə yanaşı, müsəlman dövlətləri də təmsil olunmalıdır. İƏT-in tərkibində böyük nüfuza malik olan ölkələr var. Niyə onlar vasitəçilik edə bilməz? Biz tələb etməliyik ki, İƏT-in prosesə qoşulması reallaşsın. Təşkilatın özü də belə bir təşəbbüsü dəstəkləyirsə, çox yaxşıdır. Düşünürəm ki, biz bu prosesə ciddi yanaşmalıyıq. Düzdür, Ermənistan buna razılıq verməyəcək, ancaq biz onların fikirlərinə uyğun addım atmamalıyıq. Necə olur ki, uzun illərdir biz bəzi xristian ölkələrinin vasitəçiliyini qəbul edirik, onlar isə müsəlmanlardan yan qaçır. Mən bu məsələni dini müstəviyə gətirməyin tərəfdarı deyiləm, ancaq paritet gözlənilsə yaxşı olar. İƏT-dən istəyimiz budur ki, təşəbbüsündən əl çəkməsin".
Məhəmmədəli QƏRİBLİ