Vüqar Qədirov: "O, miqrantlar və müsəlmanlara qarşı çıxır"
Fransanın ultrasağçı "Milli Cəbhə" partiyasının lideri Marin Le Penə ölkə əhalisinin 7 milyon nəfəri səs verib. Bu barədə informasiyanı Fransa Daxili İşlər Nazirliyi yayıb. Bu göstərici fransız ultrasağçıların indiyə qədər topladıqları ən yüksək səs hesab olunur.
Qeyd edək ki, Fransada prezident seçkisi keçirilib. Seçkinin ilkin nəticələrin görə, "İrəli" hərəkatının lideri Emmanuel Makron 23,75 faiz, Marin Le Pen isə 21,53 faiz səs toplayıb və ikinci tura keçiblər.
Le Penin partiyası neonasist təşkilat sayılır. Bu partiya qalib gələcəyi təqdirdə Fransa Avropa Birliyi və NATO-dan çıxacaq, ölkəyə miqrant axını dayandırılacaq və Avropada islamla mübarizə aparılacaq. Le Pen, həmçinin, rusiyayönlü siyasətçidir. O prezident olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları ləğv edib Krımı Rusiya ərazisi kimi tanıyacağını açıqlayıb.
Bütün dünyaya demokratiya dərsi keçən Fransa kimi ölkənin əhalisinin böyük əksəriyyətinin belə bir düşüncəyə səs verməsi nəyin əlaməti sayıla bilər?
Ekspert Vüqar Qədirov hesab edir ki, buna dünyada siyasətə başqa bir prizmadan yanaşmanın ortaya çıxmasının nəticəsi kimi yanaşmaq olar: "ABŞ-da Trampın prezident seçiləcəyini də heç kim proqnozlaşdırmırdı. Ancaq nəticə göstərdi ki, elektorat populizmə çox meyllidir. Fransadakı seçki bir də sübut etdi ki, ənənəvi ideologiyalar əsasında formalaşan partiyalar qısa müddət ərzində meydana çıxan fərdlərin yaratdığı təsisatlara uduza bilir. Bəli, fransızların Le Penə bu dərəcədə rəğbət bəsləməsi böyük təəccübə səbəb olub. Ultramillətçi kimi tanınan Le Peni seçicilər üçün cəzbedici edən şüarlara baxın. O, miqrantlar və müsəlmanlara qarşı çıxır. Əslində, bu tendensiya hazırda bütün Avropa ölkələrində hakimdir. Le Pen bunu bir qədər ifrat formada qabardır. Nəticə göz qabağındadır. Mənə elə gəlir ki, Avropanın bir çox ölkələrində millətçi düşüncə hakimdir. Yaxın vaxtlarda biz digər ölkələrdə də analoji halı müşahidə edəcəyik. Artıq demokratiya həmin coğrafiya üçün bir qədər arxa plana keçmiş olub. Fransada törədilən bir neçə terror aktının də məhz islam faktoru və miqrantlarla bağlı olmasının da bu nəticənin əldə edilməsində böyük rolu olub. Göründüyü kimi, Le Pen öz populist çıxışları ilə yalnız əyalət seçicilərini aldada bilib. Paris kimi mədəniyyət beşiyi olan şəhərdə onun topladığı səs 5 faiz təşkil edib. Bunun özü də çox mətləbdən xəbər verir. Rusiya ilə bağlı verdiyi vədlər də inandırıcı görünmür. Trampın timsalında biz bunu gördük. O da Rusiya ilə bağlı olduqca optimist fikirlər söyləyirdi. Ancaq hazırda iki ölkə arasındakı münasibətlər olduqca gərgindir".
Məhəmmədəli QƏRİBLİ