Yeganə Hacıyeva: "Görünür, bu məsələ Tramp üçün əhəmiyyətsizdir"
Ermənilər aprelin 24-də qondarma soyqırımın növbəti ildönümünü qeyd etməyə ciddi hazırlıq gördülər. Həmişəki kimi bu dəfə də ermənilər və onların havadarları olan güclər, o cümlədən erməni lobbisi tərəfindən pulla ələ alınan ermənipərəst konqresmenlər ABŞ prezidenti Donald Trampın aprelin 24-də edəcəyi müraciətində "soyqırım" ifadəsini işlədəcəyinə ümid edirdilər. Bununla bağlı erməni muzdlusu olan konqresmenlər qondarma soyqırımın ildönümü ərəfəsində Donald Trampa müraciət edərək onu "soyqırım"ı tanımağa çağırış etdilər.
İndiyə qədər bir çox ABŞ prezidenti seçki kampaniyası dövründə oradakı ermənilərin səsini qazanmaq üçün qondarma soyqırımı tanıma vədlərini versə də, sonradan bu haqda danışmayıblar. Trampdan öncə Obama da eyni vədləri vermişdi, lakin o, 1915-ci ildə baş verən hadisələri faciə adlandırdı. Donald Tramp isə seçki kampaniyasında ümumiyyətlə bu haqda nə danışıb, nə də vəd verib. Qondarma soyqırımla bağlı ermənilərin məyusluğu yalnız ABŞ-la bağlı deyil. Ümumi müşahidələr göstərir ki, artıq bu mövzuya tamamilə marq azalıb. Erməni saxtakarlığının əksi olan bu kampaniyaya get-gedə marağın azalması nə ilə əlaqəlidir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ermənilərin qondarma soyqırım təbliğatındakı dinamikanın aşağı düşməsi onlara bağlı olan məsələ deyil: "Əksinə, onlar bu istiqamətdə səylərini bir qədər də artırıb. Sadəcə, istədikləri nəticəni əldə edə bilmirlər. Bunun bir çox ciddi səbəbləri var. Azərbaycan və türk diaspor təşkilatları bu haqda həqiqətləri dünya dövlətlərinə çatdırır. Bunun üçün bütün resurslardan istifadə olunub. Bu amilin də təsiri ciddidir. Digər səbəb isə dünyanın bəzi ölkələrinin bu üsulla Türkiyəyə təzyiq etməyi düşünməsi olub ki, bu da iflasa uğrayıb. Dünyanın inkişaf edən bəzi ölkələri belə bir addımı atandan sonra, əksinə, özlərinin daha çox itirdiklərinin fərqinə varıb. Məsələn, Fransada analoji hal yaşandı və dövlətin ən yüksək qurumu Senatın "soyqırım"la bağlı qəbul etdiyi qərarını ləğv etdi. Eyni zamanda belə addıma meyllənən ölkələrlə, birmənalı olaraq, Azərbaycanın da münasibətləri korlanmış olur. Heç nə qazanmamağın müqabilində, ən azı, iki ölkə ilə münasibəti korlamaq dövlətlər üçün cəzbedici görünmür.
Buna qədər ABŞ-da seçkiqabağı kampaniyalarda bununla bağlı hansısa vədlər verilirdi, lakin Tramp ümumiyyətlə bu mövzuya toxunmadı. Görünür, bu məsələ Tramp üçün əhəmiyyətsizdir.
Tramp prezident seçiləndən sonra ABŞ-dakı erməni lobbisini qəbul etmir. Bu baxımdan da get-gedə ermənilərin saxta iddiaları tarixin arxivinə qovuşmuş olacaq".
Məhəmmədəli QƏRİBLİ