Sahilyanı ölkələr Xəzərin sülh dənizi olduğunu və buranın həddən ziyadə hərbləşdirilməsinin yolverilməz olduğunu bəyan etsələr də, reallıqda bəzi dövlətlərin atdığı addımlar tamam fərqli mənzərə yaradır. Belə görünür ki, geosiyasi və geoiqtisadi maraqlar Xəzərin bundan sonra da hərbləşdirmə prosesinin davam etməsinə gətirib çıxaracaq. Bu xüsusda yenə fərqlənən əsas ölkələr qismində isə Rusiya və İran çıxış edir.
Dənizdə hərbi qüvvələrinin sayı və döyüş texnikasını mütəmadi artıran Rusiya burada həm də tez-tez hərbi təlimlər keçirir. Elə bu günlərdə də Dağıstanda Rusiyanın Xəzər donanmasına aid artilleriya bölmələri təlimlərə başlayıb. Təlimlərə 50-dən çox hərbi və xüsusi texnika cəlb edilib. Təlimlər zamanı müxtəlif çətinlik dərəcəsi olan 70-dən çox döyüş tapşırığı həyata keçirilməlidir. Halbuki, aprelin əvvəlində də Rusiya dənizdə böyük bir hərbi təlim keçirmişdi. Həmin vaxt təlimlərdə Rusiyanın Xəzər donanmasının flaqmanı olan "Dağıstan" və "Tatarıstan" raket gəmiləri, "Qrad Sviyajsk" və "Uqliç" kiçik raket gəmiləri, artilleriya və desant gəmiləri yer almışdı. Dalbadal keçirilən bu təlimlər Rusiyanın dənizdə növbəti əzələ nümayişi kimi qiymətləndirilir. "Nezavisimaya qazeta" qeyd edir ki, zəngin neft-qaz ehtiyatlarına malik Xəzər dənizinə regiondan kənar ölkələrin hərbi qüvvələrinin daxil olması yolverilməzdir. Bu, sahilyanı ölkələrin sammitində qəbul edilmiş qərardır: "Lakin bu məsələdə "hələlik" sözünü əlavə etmək lazımdır. Çünki Xəzərdə Qərbin iri neft-qaz korporasiyaları işləyir. Üstəlik, Azərbaycanın NATO üzvü olan Türkiyə ilə sıx əlaqələri var, Türkmənistan və Qazaxıstan da NATO ilə dolayısı ilə əməkdaşlıq edir. Ona görə də Xəzərdə NATO qüvvəərinin meydana çıxması təhlükəsi hər halda mövcuddur". Bu fonda Rusiya həm də Xəzər donanmasını durmadan gücləndirir. Rusiya son dövrlərdə Xəzər donanmasına 10-dan artıq yeni silah və hərbi texnika, o cümlədən raketdaşıyıcı və keşikçi gəmiləri daxil edib. Dənizdə uzaq hədəfləri vura bilən gəmilər də yer alır. Rusiyanın Xəzərdən Suriyadakı hədəflərə "Kalibr" qanadlı raketləri ilə zərbələr endirməsi bunun təsdiqidir. Moskva bununla həm özünün yeni qanadlı raketlərinin imkanlarını göstərir, həm Xəzər dənizinin istisnasız olaraq özünün hərbi məsuliyyət zonası olduğunu nümayiş etdirir.
Güc məsələsində İran da Rusiyadan geri qalmamağa çalışır. Belə ki, İran yaxın vaxtlarda Xəzər donanmasının sıralarına yeni döyüş gəmisi daxil etməyi planlaşdırır. İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari də vurğulayır ki, İran yaxın vaxtlarda Xəzər donanmasının tərkibinə yeni raketdaşıyıcı gəmi daxil etməyi planlaşdırır. Admiral İranın öz donanmasını ən müasir gəmi və silahlarla təchiz etdiyini açıqlayıb. Bu xüsusda "Sipər" adlı yeni raketdaşıyıcı gəminin donanmanın döyüş sıralarına qəbul edilməsi nəzərdə tutulur. Admiral Səyyari, "Sipər" adlı gəmi ilə yanaşı, "Fateh" adlı dənizaltının da donanma sıralarına daxil ediləcəyini qeyd edir. İran mediasında yer alan məlumata görə, dəniz qüvvələrinin Şimal Donanmasının komandiri, birinci dərəcəli kapitan Əhməd Reza Baqeri bildirib ki, donanmanın istifadəsinə veriləcək daha bir gəmi "Peykan" sinifli raket gəmisidir. Bu, Xəzərdə istifadəyə qəbul edilmiş "Peykan" sinifli dördüncü gəmi olacaq. Gəmi Ənzəlidə yerləşən "Şəhid Tamjidi" tərsanəsində inşa olunur. "Peykan" sinifli gəmilərin su basımı 275 ton, uzunluğu 47 metr, eni 7.1 metrdir. Dörd ədəd dizel mühərrikilə təchiz olunmuş gəminin sürəti 36 mil, heyəti 31 nəfər təşkil edir. Gəminin silahlanmasına 4-dək C-802 "yer-yer" raketi, bir ədəd 76 millimetr "Fəcr-27" avtomat top və 1 ədəd 40 millimetrlik zenit topu daxildir. Qarşıdakı dövr ərzində İran Xəzər donanmasına yeni döyüş gəmilərinin daxil ediləcəyini də bildirir. Ekspertlər isə ehtiyac olmadan dənizin bu qədər hərbləşdirilməsini təhlükəli hal sayır. Belə vəziyyət dənizin hüquqi status məsələsində də müəyyən çətinliklər yarada bilər. Halbuki, Qazaxıstana rəsmi səfəri zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Xəzər dənizinin statusu ilə bağlı Konvensiya imzalanmaq üçün hazırdır: "Bu proses Xəzəryanı dövlətlərin Qazaxıstanda keçiriləcək növbəti sammitində artıq baş tuta bilər".
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin xüsusi nümayəndəsi İqor Bratçikov Xəzəryanı dövlətlərin hamısının ümumi razılığa gəlməsinin və Konvensiyanın yekun variantı üzrə razılığın əldə olunmasının çox yaxın olduğunu bildirib. Amma dənizin həddən artıq hərbləşdirilməsi burada əlavə problemlərə yol aça bilər.
Tahir TAĞIYEV