Elşən Mustafayev: "Türkiyə hökuməti qəti şəkildə müstəqil Kürdüstan dövlətinin elan olunmasına qarşıdır"
Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Almaniya xarici işlər naziri Ziqmar Qabriellə birgə keçirilən mətbuat konfransında deyib ki, onlar referendumla bağlı qərar verib. Kürd lider referendum tarixinin müəyyən edilməsi və müvafiq hazırlıqların aparılması üçün komissiya yaradılması işlərinə başlandığını bildirib: "Bu qərarımızı tənqid edənlər hələ ki, referendumun nə demək olduğunu anlamayıb. Referendum prosesi zamanı, Bağdad başda olmaqla, bütün lazımi tərəflərlə əlaqədə olacağıq. Zorakılığa meyl edilməyəcək".
Qeyd edək ki, məlum referendum Kürdüstanın müstəqilliyinə qovuşmasını reallaşdıracaq. Türkiyə belə bir referendumun keçirilməsinə qarşı çıxır. Referendumun baş tutacağı təqdirdə regionda nələr yaşana bilər?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, Şimali İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani ötən ildən belə bəyanatla çıxış edir: "Hətta 2016-cı ildə bildirmişdi ki, həmin ilin oktyabrında İraqın şimalında müstəqil Kürdüstan dövləti rəsmən elan olunacaq.
Bölgədə gərginliyin hökm sürdüyü bir vaxtda Bərzaninin belə bir bəyanatla çıxış etməsinin reallığa əsaslanıb-əsaslanmadığı müzakirə mövzusu oldu. Eyni zamanda, sual olunur ki, İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaranması Türkiyə və Azərbaycan, həmçinin, region üçün nə vəd edir?
Həmin vaxt Bərzaninin müstəqil Kürdüstan dövlətinin elan ediləcəyini bildirməsi beynəlxalq aləm tərəfindən mənfi qarşılandı. ABŞ və Rusiyanın bu xətti qəbul etməməsi ortaya çıxdı. Bölgə dövlətləri isə, ümumiyyətlə, İraq dövlətinin ərazi bütövlüyünün qorunmasının birmənalı surətdə tərəfdarıdır. Çünki bölgədə marağı olan böyük dövlətlər Yaxın Şərqdə hər hansı sərhəd dəyişikliyinin baş verməsini qəbul etmir. Onlar belə hesab edir ki, burada yeni bir dövlətin yaranması barıt çəlləyi kimi bölgədə detanator rolunu oynaya bilər. Bu nöqteyi-nəzərdən, hazırda İraqın ərazi bütövlüyü məsələsi dünyanın aparıcı gücləri tərəfindən ciddi şəkildə qorunur. Türkiyə hökuməti Bərzani ilə müəyyən iqtisadi əlaqələrə malik olsa da, qəti şəkildə müstəqil Kürdüstan dövlətinin elan olunmasına qarşıdır. Səudiyyə Ərəbistanı da İraqın və Suriyanın ərazi bütövlüyünün saxlanmasında qəti fikirdədir. İraq dövlətinin iqtidarı da son vaxtlar müəyyən qədər toparlana və güclənə bilib.
Belə bir şəraitdə inanmıram ki, Bərzaninin bəyanatını gerçəkləşdirə bilməsi hazırda mümkün olsun. Kürdlər o dərəcədə səpələniblər ki, çoxlu sayda ölkədə müxtəlif sayda yaşayırlar. Ona görə də bu qədər səpələnmiş şəkildə onların vahid dövlət qurmaq istəklərinin reallaşması kifayət qədər çətin və mürəkkəb görünür. Ancaq dünyadakı reallıqların dəyişməsi, xüsusilə də ABŞ-a yeni administrasiyanın gəlməsi, görünür, bu məsələdə yeniliyə səbəb olub. Artıq referendumun vaxtı müəyyən olunubsa, demək keçiriləcək. İstənilən halda, müstəqil Kürdüstanın yaranması bölgədə daha ağır fəsadlara gətirib çıxaracaq".
Məhəmmədəli QƏRİBLİ