Azərbaycan Ordusunun son hərbi təlimləri Ermənistanda getdikcə daha çox müzakirə predmetinə çevrilməkdədir. Düşmən ölkədə hesab edilir ki, əslində, bu həm də Azərbaycanın hərb yolu ilə ərazilərini işğaldan azad etməsinə hazırlığının tərkib hissəsidir. Xatırladaq ki, artıq başa çatan təlimlərdə 30 minlik şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-ə qədər müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları iştirak edib.
Təlimlərin gedişinə diqqət çəkən İrəvanda Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan deyir ki, ötən ilin aprel müharibəsinin ildönümü vaxtı belə təlimlərin keçirilməsi Azərbaycanın əraziləri güc yolu ilə azad etmək prinsipinin üzərində möhkəm dayandığını göstərir. Onun sözlərinə görə, bu təlimlər, həmçinin, Ermənistanın raket komplekslərini nümayiş etdirməsinə cavabdır: "Bakı Qarabağ danışıqları ətrafında yaranmış durğun vəziyyətlə barışmayacaq və məhz buna görə də ordunun hazır vəziyyətdə saxlanması üzərində iş aparır. Ötən ilin aprelində baş vermiş hadisələr isə Ermənistanla müqayisədə Azərbaycan ordusunun güclü olduğunu göstərdi". Digər erməni politoloq Ara Papyan Azərbaycanın hərbi təlimlərlə Ermənistana psixoloji təzyiq göstərmək istədiyini bildirir: "Deyə bilərik ki, Bakı buna nail olur, xüsusilə erməni cəmiyyətində ciddi qorxular yaranır. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, münaqişədə ədalətin güc yolu ilə təmin olunması variantı hər an gündəmdədir. Hesab edirəm ki, ordunu daim bu varianta hazır vəziyyətdə saxlayırlar".
Bu arada qeyd edək ki, Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib. Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib. Ekspertlər isə hesab edir ki, bütün bunlar, əslində, Ermənistanın Azərbaycanın keçirdiyi hərbi təlimlərdən qorxuya düşməsinin heç də əsassız olmadığını deməyə əsas verir. Çünki Azərbaycan əsgəri qarşısında hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək kimi konkret tapşırıq qoyulur. Belə vəziyyət hərbi əməliyyatların hər an yenilənə biləcəyini istisna etmir. Elə erməni tərəfini də qorxudan budur.
Digər tərəfdən, Azərbaycanın istər təlimlərin gedişində, istərsə də digər vaxtlarda nümayiş etdirdiyi silahlar da Ermənistanı çox qorxudur. Xüsusən də İsraildən alınan son hərbi texnikalar Ermənistan üçün çox ciddi narahatlıq predmetidir. Bu arada o da məlum olub ki, Azərbaycan Ermənistanı dəhşətə sala biləcək daha bir silahın alışını həyata keçirə bilər. Söhbət Ukraynada hazırlanan "Qrom" operativ-taktiki raketlərindən gedir. Bu raketlər Rusiyanın "İsgəndər" operativ-taktiki raketlərinin analoqu kimi nəzərdə tutulur. "Qrom" raketlərinin planlaşdırılan taktiki-texniki göstəricilərinə görə, kvaziballistik trayektoriya ilə hərəkət edəcək və beləliklə, radarlardan yayınacaq, 500 kiloqrama yaxın döyüş başlığı daşıyacaq. Həmin raketlərə Azərbaycanın da maraq göstərdiyi məlumdur. Azərbaycan "Qrom" raketlərini Rusiyanın Ermənistana verdiyi "İsgəndər"lərə cavab olaraq nəzərdən keçirir. Bu, Silahlı Qüvvələrin yaxın və orta mənzilli ballistik raketlər, operativ-taktiki raketlərlə təchizatına dair strategiyanın bir hissəsidir. Məlumatlara görə, "Qrom" raketləri üzərində işi tamamlamaq üçün "Cənub" Konstruktor Bürosu Səudiyyə Ərəbistanından maliyyə alıb, lakin Azərbaycanın da bu raketin işlənib hazırlanması üçün həmin müəssisə ilə əməkdaşlıq etdiyi barədə məlumatlar var. Bununla da "Qrom" raketlərinin sınaqları başa çatandan sonra Azərbaycan onu sifariş edəcək ilk müştərilərdən biri ola bilər. Aydındır ki, belə vəziyyət Azərbaycanın üstünlüyünü daha da artıracaq. İndinin özündə də Azərbaycanın malik olduğu hərbi texnika onsuz da Ermənistanda vahimə ilə qarşılanır. Bütün bunlar, öz növbəsində, Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötüşməyəcək.
Tahir TAĞIYEV