ABŞ administrasiyasının son illərdə Cənubi Qafqazda həyata keçirdiyi siyasət, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe elə Vaşinqtonun özündə də tez-tez ciddi surətdə tənqid olunur. Bu mənada, Donald Trampın ABŞ-da prezident postunu tutmasından sonra ABŞ-ın Cənubi Qafqazda hansı siyasət yürüdəcəyi indi xüsusi maraq doğurur. Hələlik qeyd edilən istiqamətdə rəsmi Vaşinqtonun yeni siyasətinin təfərrüatları bəlli olmasa da, okeanın o tayında ABŞ-ın Qafqazda fəallaşması, Qarabağ münaqişəsi ilə bağlı daha aktiv siyasət yürütməsinə dair edilən çağırışların sayı artır.
Qeyd edək ki, hadisələrin məhz bu səpkidə inkişafında Azərbaycan da maraqlı tərəf kimi çıxış edir. Rusiyanın forpostu qismində qalan Ermənistan isə hələlik ABŞ-ın mümkün qədər regiondan uzaq qalmasına çalışır və bu xüsusda da Kremldən gələn göstərişləri böyük məmnuniyyətlə icra edir. Amma hesab edilir ki, ABŞ-ın bölgədə fəallaşması burada hadisələrin fərqli məcrada inkişafına, o cümlədən mövcud konfliktlərin həllinə əsaslı şəkildə təsir göstərə bilər. İndilikdə isə, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan ABŞ-ın regionda daha fəal siyasət yürütməsinə ümid edir. Bunu bir neçə gün əvvəl "The Jerusalem Post" qəzetinə müsahibəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da xüsusi olaraq diqqətə çatdırıb. Səfir müsahibəsində prezident Donald Tramp haqda müsbət fikirlər deyib və bildirib ki, o, əvvəlki administrasiyaların rəhbərlərindən fərqlənir. Səfirə görə, Tramp Barak Obamaya nisbətən daha praktik fiqurdur və deməli o, sülh prosesi üçün daha münasib mühit yarada bilər: "Əvvəlki administrasiya bir qədər ideoloji idi. Və son səkkiz ildə bizim münasibətlərimiz heç də ən yaxşı dövrlərini yaşamadı. Əvvəlki administrasiyanın öz ideyalarını başqalarına sırımaq cəhdləri işə yaramırdı". Donald Tramp isə fərqli şəkildə xarakterizə olunur və onun dövründə həm ABŞ-Azərbaycan münasibətlərinin daha da yaxşılaşması, həm də Vaşinqtonun Qarabağ məsələsində daha aktiv siyasət yürütməsi gözlənir. Buna ABŞ-ın özündə də edilən çağırışların sayı artmaqdadır. Məsələn, "Diplomatic Courier" nəşrində çap olunmuş Daniel Urçikin "Sərfəli sərmayə: ABŞ-Azərbaycan münasibətlərinin gücləndirilməsi" adlı məqaləsində məsələnin bu tərəfinə xüsusi nəzər salınır. Qeyd olunur ki, Azərbaycan mühüm müttəfiqlərlə münasibətlərin bərpası və Avropanın enerji təhlükəsizliyinin təminatı məsələlərində ABŞ-ın mühüm tərəfdaşıdır: "ABŞ regionda ABŞ-ın təsirinin maksimal dərəcədə genişləndirilməsi üçün Azərbaycanla əlaqələri nəinki davam etdirməli, həmçinin, diplomatik, iqtisadi əlaqələri və təhlükəsizlik münasibətlərini gücləndirməlidir". Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana fokuslanması üçün bir çox səbəbləri var. Bura Rusiya ambisiyalarına birbaşa və İran ambisiyalarına dolayı müqavimət göstərməkdən başlayaraq pozulmuş Türkiyə-İsrail əlaqələrini yaxşılaşdırmaq məqsədilə enerji təhlükəsizliyini qurmağa qədər çox məsələ daxildir. Urçik Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, iqtisadi və təhlükəsizlik məsələlərində Azərbaycana artırılan dəstək Moskvanın cəlb edildiyi münaqişə zonalarının birində hərbi balansı dəstəkləmək üçün Rusiyanı qiymətli resursları sərf etməyə məcbur edəcək: "Əgər ABŞ-ın Azərbaycana dəstəyinin artırılması zamanı Rusiya Ermənistana dəstək verməsə, bu, onun mühüm və güclü himayədar kimi qlobal imicinə toxunacaq". Müəllif hesab edir ki, bütün bunlar fonunda, ABŞ Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv siyasət yürütməlidir. Bildirilir ki, ABŞ Azərbaycanla münasibətə dəyər verdiyini nümayiş etdirərək Qafqazda daha yaxşı şəkildə möhkəmlənə bilər. Amma bunun çün Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapması mühümdür. Amerikalı ekspert Piter Teys də bu mövqeni bölüşür. Onun fikrincə, ABŞ Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı status-kvonun dəyişməsi istiqamətində əməli addımlar atmalıdır. Ekspert qeyd edir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını təcili boşaltmalıdır: "Beynəlxalq ictimaiyyətin, Avropa İttifaqı və ATƏT, eləcə də ABŞ-ın, Avropa dövlətlərinin, hətta Rusiyanın və dünyanın digər qabaqcıl dövlətlərinin Ermənistana, Azərbaycan torpaqlarının işğalından imtina etmədiyi müddətcə, təzyiqlərinin artması vaxtı çoxdan çatıb".
Qeyd edək ki, bir müddət əvvəl eyni çağırışla "Vaşinqton Times" qəzeti də çıxış etmişdi. Burada qeyd olunurdu ki, ABŞ prezidenti Donald Tramp sazişlərin əldə olunması sahəsindəki ustalığından istifadə edərək, dünyanın ən mürəkkəb münaqişələrindən olan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilər: "Tramp Yaxın Şərq regionunda Azərbaycan Prezidenti İlham Əliyevdən daha etibarlı tərəfdaş tapa bilməz. İsrailin baş naziri Benyamin Netanyahunun vurğuladığı kimi, Azərbaycan dünyada, birmənalı şəkildə, Vaşinqtonun diqqətinə layiq olan azsaylı müsəlman ölkələrindən biridir. Trampın qarşısında dayanan əsas məqsədlərdən biri o olmalıdır ki, rusiyalı həmkarı Vladimir Putini aşağıdakı sülh planını qəbul etməyə razı salsın: Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistanla Azərbaycan arasında sülh hər kəsin marağındadır".
İsrailin nüfuzlu "Jerusalem Post" qəzeti də yazır ki, Tramp və onun xarici siyasət komandası Azərbaycanla və onun lideri ilə hərtərəfli əməkdaşlığa başlamalıdır: "Azərbaycan və İsrail arasında münasibətlər bir çox sahələri, o cümlədən hərbi və diplomatik əməkdaşlığı əhatə edir. Bu həqiqətən də müsəlman dünyasında unikal nümunədir. Prezident Tramp görə bilər ki, Azərbaycan dini azadlıq modeli ilə müsəlman dünyasının vacib ölkələrindən biridir. Tramp digər müsəlman ölkələrinə Azərbaycanın inkişaf modeli olduğunu göstərə bilər. Və nəhayət, prezident Tramp Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla bölgədə ABŞ-ın mövqeyini daha da gücləndirə bilər".
İsrailin "News from İsrael" nəşri də məsələyə bu kontekstdən nəzər salır və ABŞ-ın Cənubi Qafqaza daha çox diqqət ayırmasının mühüm əhəmiyyət kəsb etdiyini yazır. Bu xüsusda Ermənistana təzyiqlər vacib sayılır. Qəzet bu məsələdə "İsgəndər" raketlərinə diqqət yetirir: "Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində İrəvanın mövqeyindən söhbət açaraq deyir: "...Bizim aldığımız "İsgəndər" silahları yalnız öz vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Ermənistan prezidenti də bu yaxınlarda birmənalı şəkildə və açıq-aydın bildirib ki, bizim sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaranarsa, bu halda həmin silah tətbiq ediləcək". Səfirin bu cür bəyanatı çoxlu suallar doğurur. Sarkisyanın rejimi kimi təcavüzkar rejimin "İsgəndər" raketləri ilə təchiz edilməsi nə dərəcədə təhlükəsizdir? İkincisi, hərəkətlərini proqnozlaşdırmaq mümkün olmayan və belə bir ciddi silahla təchiz edilmiş dövlət başçısı həmin silahı tətbiq edərsə, buna görə kim cavabdeh olacaq? Üçüncüsü, Ermənistan səfiri 1961-ci il Vyana Konvensiyası ilə nə dərəcədə tanışdır və öz işində həmin konvensiyanı rəhbər tuturmu? Diplomatiya aləmində deyirlər ki, diplomatın silahı sözdür. Görünür, Ermənistan səfiri sözə necə məharətlə yiyələnmək lazım olması elmini mənimsəyə bilməyib və şantaja əl atır".
Qeyd olunur ki, Sarkisyanın təcavüzkar, separatist rejiminə "İsgəndər" raketinin verilməsi bu silahın İŞİD terrorçularına təqdim edilməsi qədər təhlükəlidir: "Azərbaycana qarşı işğalçılıq müharibəsində Ermənistanın dəst-xətti, o cümlədən ermənilərin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində, eləcə də azərbaycanlı əsirlərlə rəftarında yol verdiyi vəhşiliklər İŞİD-çilərin əsirlərə qarşı törətdiyi vəhşiliklərlə üst-üstə düşür. Bütün bu hadisələrdə Ermənistanın indiki prezidenti Serj Sarkisyan, sabiq naziri Seyran Ohanyanın və Ermənistanın digər vəzifəli şəxslərinin iştirak etdiklərini nəzərə alsaq, bu gün həmin raketlərin bu insanların əlində nə dərəcədə təhlükəli olması aydındır". Qəzet xatırladır ki, özünün qeyri-diplomatik hərəkətləri ilə ad çıxarmış Ermənistanın Rusiyadakı səfiri daha sonra deyib: "Biz sülhün qorunması və atəşkəsə riayət edilməsi barədə beynəlxalq sazişlərin tərəfdarıyıq, yoxsa hərbi potensialı artırmaq və bu məsələni hərbi yolla həll etmək siyasəti yürüdürük?". Burada belə bir sual yaranır: əgər siz sülhün tərəfdarısınızsa, onda qonşu dövlətin işğal olunmuş ərazilərinin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini və beynəlxalq birliyin çağırışlarını nə üçün yerinə yetirmirsiniz? Əsir götürülmüş dinc sakinləri nə üçün azad etmirsiniz? Nə üçün atəşkəs rejimini pozursunuz? Məgər Ermənistana "İsgəndər" raketlərinin gətirilməsi militaristləşdirmə deyilmi? Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində nə işi var?".
Qəzet onu da qeyd edir ki, Şimali Koreyanın nüvə silahından istifadə etmək barədə hədələrindən sonra dünya özünə gəlməyə macal tapmamış, Ermənistan ön səhnəyə çıxaraq, "İsgəndər" raketləri ilə lovğalanmağa başlayıb. Bu səbəbdən hesab olunur ki, dünya dövlətləri, o cümlədən ABŞ baş verənlərə seyrçi mövqedən yanaşmalı deyil. Əks halda, Ermənistan regionda ciddi təhlükə mənbəyi olaraq qalmaqda davam edəcək. Digər ekspertlər də hesab edir ki, ABŞ administrasiyası, ən azından, özünün geosiyasi və geoiqtisadi maraqları baxımından Rusiyanın forpostu olan Ermənistana qarşı daha fəal siyasət yürütməli, eyni zamanda, Qarabağ münaqişəsinin həlli istiqamətində çevik siyasət yürütməlidir. Bu halda, regionda mövcud bu münaqişənin təkcə Cənubi Qafqaz yox, həm də Avropa üçün yaratdığı təhdidlər aradan qalxmış olacaq. Digər tərəfdən, Ermənistanın işğal altındakı ərazilərdə terrorçuları saxlamaq, belə təhlükəli qüvvələr yetişdirmək, burada narkotik qaçaqmalçılığı həyata keçirmək kimi gedişlərinə bununla son qoyulacaq. Təbii ki, bütün bunlar, ABŞ başda olmaqla, Qərb dünyasının maraqları ilə tam üst-üstə düşür. Elə bu səbəbdən Vaşinqtonun liderliyi ilə Qərb ölkələrinin Qarabağ konfliktinin həlli istiqamətində daha çevik mövqe nümayiş etdirməsinin vaxtı çoxdan çatıb.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.